Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1070/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “aktın ləğvi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Cavabdehnə (bundan sonra–Cavabdeh) xx.xx.2022ci il tarixdə ərizə ilə müraciət edərək, 16 may 2020-ci il tarixdə "xxxx" ASC-nin Sabunçu RETSİ-nin Enerji Balans və Kəsim Bölməsinin kəsim üzrə elektrik montyoru işləmiş X9 ölümü ilə nəticələnən hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və uçota alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, X21 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən E.Abbaslının ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmışdır. Təhqiqatın gedişində “Məhkəmə Ttibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsindən təqdim edilmiş 16 iyun 2020-ci il tarixli, 118 saylı məktubda E.Abbaslının ölümünə səbəb “Elektrik cərəyanı ilə zədələnmə” olduğu və onun meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi təhqiqatı nəticəsində 1,1 %o (promilli) qatılığında etil spirtinin aşkar olunduğu göstərilmişdir. E.Abbaslının qanında 1,1 %o (promilli) qatılığında etil spirti aşkar edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr) əsasən təhqiqat komissiyası baş vermiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməməsi və uçota alınmaması barədə rəy vermişdir. İddiaçıya komissiyanın qərarı ilə razılaşmadığı təqdirdə həmin qaydaların 1.5-ci bəndinə əsasən məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 may 2020-ci il tarixdə "xxxx" ASC-nin Sabunçu RETSİ-nin Enerji Balans və Kəsim Bölməsinin kəsim üzrə elektrik montyoru işləmiş X9 ölümü ilə nəticələnən hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi, uçota alınması və "xxxx" ASC tərəfindən hadisə barədə İZ formalı aktın düzgün tərtib olmasına nəzarət edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" ASC-nin Sabunçu RETSİ-nin Enerji Balans və Kəsim Bölməsinin kəsim üzrə elektrik montyoru işləmiş X8 16 may 2020-ci il tarixdə, saat 11 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli əmri ilə təyin edilmiş komissiya tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təhqiqatına dair tərtib edilmiş aktın ləğv edilməsini, X9 ölümü ilə nəticələnən hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi, uçota alınması və "xxxx" ASC tərəfindən hadisə barədə İZ formalı aktın düzgün tərtib olmasına nəzarət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, 16 may 2020-ci il tarixdə "xxxx" ASC-nin Sabunçu RETSİ-nin Enerji Balans və Kəsim Bölməsinin kəsim üzrə elektrik montyoru işləmiş X15 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsində yerləşən 28 saylı evin yaxınlığında olan 0,4 kv-luq elektrik hava xəttinin dayağına, verilmiş tapşırığa əsasən çıxması, verilmiş tapşırığa əsasən cərəyanı kəsməyə çalışdıqda yüksək gərginlikli elektrik cərəyanına toxunub onun ölümü ilə səbəbli əlaqəli alın, burun, sağ qulaq seyvanı nahiyələrinin, döş qəfəsinin arxa səthinin, xarici cinsiyyət üzvünün, sağ mil-bilək oynağı nahiyyəsinin, sağ əlin və sağ ayağın arxa səthinin elektrik nişanələri (elektrik cərəyanı yanıqları) xəsarətləri alaraq oradan yıxılıb ölmüşdür. X21 Xidmətinin 19 may 2020-ci il tarixli, **********0 nömrəli əmri ilə təyin edilmiş komissiya 19 may 2020-ci il tarixdən 24 iyun 2020-ci il tarixədək bədbəxt hadisənin təhqiqatını apararaq akt tərtib etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən X9 ölümü ilə nəticələnmiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilməmiş və uçota alınmamışdır. Bu akt əsassızdır. Belə ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun ********* nömrəli, 02 aprel 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında göstərilmişdir ki, ibtidai istintaq zamanı alınan şahid ifadələrindən və təkrar məhkəmə tibbi ekspertizasının rəyindən belə nəticəyə gəlinir ki, X15 hadisə zamanı özündə olmuş və spirtli içki təsirinə məruz qalmamışdır. Təhqiqat komissiyasının araşdırmasından sonra cinayət işinin ibtidai istintaqı zamanı təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, T 237/2020 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X9 meyitindən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı zamanı 1,1% etil spirti aşkar edilmiş, müayinəyə göndərilmiş qan çürümə prosesinə məruz qalmamış və bu miqdar canlı şəxslər üçün götürülmüş cədvələ əsasən yüngül dərəcəli alkohol sərxoşluğuna uyğun gəlir. Məhkəmə-kimyəvi tədqiqatı aparmış ekspert kimyaçının verdiyi izahata əsasən qan spirt flakonunda göndərilmişdir. Flakon tam təmizlənmədiyi halda bu miqdarın tapılması mümkündür. Lakin hal-hazırda bu miqdarın tam təmizlənməməsi və ya qəbul edilmiş alkohol olmasını təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü hissəsinə əsasən texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Normanın məzmunundan görünür ki, işçi əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində öldükdə və ya sağlamlığına zərər dəydikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Lakin hazırda təqdim olunmuş sənədlərdə (tibbi ekspert rəyi, xitam qərarı və s.), o cümlədən X21 Xidmətinin **********0 saylı, 19 may 2020-ci il tarixli əmri ilə yaradılmış komissiyanın təhqiqat aktında X2 alkoqollu içkilərin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalqğınlığı nəticəsində ölməsi faktı təsdiq olunmamışdır. Yəni işçinin ölməsinə alkoqolun yox, digər istehsalat amillərinin təsiri olmuşdur. Ancaq inzibati orqan tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmadığından mərhumun ailə üzvlərinin sosial və sığorta təminatı hüquqları pozulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, X21 Xidmətinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli Əmrinə əsasən X10 xx.xx.2020-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat komissiyası yaradılmış və təhqiqat aktı tərtib olunaraq aparıcı mühəndis Vüqar Kazımovun, nəzarətçi mühəndis Elxan Cəfərovun, elektrik motyoru Elməddin Abbasimin və sair cavabdehliyi müəyyən edilmiş, habelə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4cü bəndinə əsasən X14 ölümü ilə nəticələnmiş bədbəxt hadisə uçota alınmamışdır. Belə ki, X15 20 saylı PQ-dən çıxan və N.Nərimanov küçəsini qidalandıran SİP hava xəttinin 8-ci dayağının 6kv-lıq Y/S 19-h/x 20 hava elektrik verilişi xəttinə “Elektrik qurğuların quraşdırma qaydalarının 2.5.57-ci bəndinin (1 kv-dan artıq olan müxtəlif gərginlik hava xətlərinin naqilləri bir dayaqda çəkilə bilər, 10 kv-a qədər olan hava xətlərinin naqilləri 1 kva qədər olan hava xətlərinin naqillərindən yuxarıda olmalıdır, eyni zamanda müxtəlif gərginlikli hava xətlərinin ən yaxın və aşırımın ortasındakı naqilləri arasındakı məsafə ətraf mühitdə 15 C temperatur və küləksiz hava şəraitində 2 metrdən az olmamalıdır) tələblərinə uyğun olmayaraq yaxın olmuşdur. Habelə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi" Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 118 nömrəli məktubuna əsasən X9 ölümünə səbəb eletrik cərəyanı ilə zədələnmə olmuş və meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti (1,1%) aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçinin səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qaydalarının 1.4-cü bəndinə əsasən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin. narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Həmin Qaydalara əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və X3 standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Təhqiqat aktının nəticəsinə uyğun olaraq işçinin mənsub olduğu müəssisə tərəfindən istehsalatda bədbəxt hadisə uçota və qeydiyyata alınır. Göründüyü kimi X21 Xidməti X9 əmək vəzifələrini yerinə yetirərkən ölməsi ilə nəticələnən hadisənin təhqiqatını aparmış, məsul şəxsləri müəyyən etmiş və barələrində inzibati xəta haqqında iş üzrə icraat aparmış, mərhumun müayinəsi zaman yüngül dərəcələri sərxoşluq müəyyən ediliyindən və hadisənin baş verməsində cavabdeh şəxslərdən biri kimi qiymətləndirildiyindən qeydiyyata və uçota alınması ilə bağlı təhqiqat aktında rəy verilməmiş və qanunvericiliyin tələblərinə əsasən üzərinə düşən bütün öhdəlikləri icra etmişdir. Lakin, təhqiqat aktının nəticəsinə əsasən hadisə istehsalatda bədbəxt hadisə kimi qeydiyyata alına bilmədiyi üçün işəgötürən tərəfindən İZ aktı verilməmiş və uçota alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddianın mümkünlüyünə dair: Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, vəfat etmiş şəxsin hüquqi varisi kimi iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı hazırda onun oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisəyə dair təhqiqat aktını mübahisələndirərək baş vermiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və uçota alınmasını xahiş edir. Belə bir aktın qəbul edilməsi iddiaçıya münasibətdə əlavə hüquqlar yaratdığından, qəbul ediləcək inzibati akt onun üçün əlverişli inzibati akt olduğundan iddiaçının bu iddiası məcburetmə haqqında iddia növünə uyğun gəlir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəməyə müraciət edənə qədər cavabdehə müraciət etmiş, ona imtina cavabı verildikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında mübahisəli təhqiqat aktının xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya göndərildiyini bildirsə də, məhkəmə iclasında iddiaçı həmin məktubu almadığını bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinı görə həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçı mübahisəli aktı xx.xx.2021-ci il tarixdə almadığını iddia etmiş, cavabdeh aktın ona təqdim olunması faktını və müddətini sübut edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün prosessual müddətə də əməl etmişdir. İddianın əsaslılığına dair: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən: - Bənd 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; - Bənd 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. - Bənd 1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. - Bənd 1.5. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır. İşəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X21 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər - Bənd 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X21 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X21 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. - Bənd 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və X3 standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. - Bənd 2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. - Bənd 3.1. Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. İş materiallarından görünür ki, X21 Xidmətinin **********0 nömrəli 19 may 2020-ci il tarixli əmri ilə tarixdə "xxxx" ASC-nin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin işçisi E.Abbaslının ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə təhqiqat komissiya yaradılmışdır. xx.xx.2020-ci il tarixli Təhqiqatın statistik uçot vərəqindən görünür ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində 16 may 2020-ci il tarixdə saat 11:00-da baş vermiş, 1 nəfər ölmüş, bədbəxt hadisənin səbəbi elektrik cərəyanı ilə təmas olmuş, hadisənin baş verməsində təqsirkar müəssisə və zərəçəkən müəyən edilmiş, İZ aktı verilməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu Rayon Enerji Təchizatı va Satışı İdarəsinin Enerji Balans va Kəsim Böİməsinin kəsim üzrə elektrik montyoru X8 16 may 2020-ci il tarixdə, saat 11:00 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, Komissiya 19 may 2020-ci il tarixdən 24 iyun 2020-ci il tarixədək həmin bədbəxt hadisənin tədqiqatını aparmış və bu barədə akt tərtib etmişdir. Həmin təhqiqat aktından görünür ki: -X15, 1996-cı il təvəllüdlü. Peşəsi- “Azərişıq" ASC-nin X26 Təchizatı və Satışı İdarəsinin Enerji Balans və Kəsim Bölməsinin kəsim üzrə elektrik montyoru vəzifəsində xx.xx.2018-ci il tarixdən işləməyə başlamış, Cəmiyyətdən təqdim edilmiş sənədlərə əsasən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarından giriş təlimatını xx.xx.2018-ci il tarixdə, ilkin təlimatı xx.xx.2018-ci il tarixdə iş yerində növbəti (təkrar) təlimatı xx.xx.2020-ci il tarixdə keçmiş, biliyi xx.xx.2018-ci il tarixdə yoxlanılmışdır. Tibbi müayinədən xx.xx.2018-ci il tarixdə keçmişdir. - Bədbəxt hadisə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin balansında olan 20 saylı X4 (KTM) 0,4 kV-luq Paylayıcı Quruluşundan (PQ) çıxmaqla Zabrat 1 qəsəbəsi, N.Nərimanov küçəsini qidalandıran SİP hava xəttinin 8-ci metal dayağında zərərçəkənin elektrik cərəyanının təsirinə məruz qalması və hündürlükdən yıxılması nəticəsində baş vermişdir. Dayaq Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, N.Nərimanov küçəsi ilə irəliyə doğru hərəkət etdikdə küçənin sol tərəfində vətəndaşa məxsus hasarın dibində quraşdırılmışdır (basdırılmışdır). Metal dayağın diametri 110 mm, hündürlüyü təxminən yerdən 6,5 metrdir. Üzərindən, baş tərəfdən təxminən 20 sm aşağıdan SİP hava xətti dayağa xüsusi xamut vasitəsi ilə bərkidilmişdir, həmin dayağın baş tərəfindən SİP hava xəttindən 3 abonentin evinə hava elektrik verilişi xətti çəkilmişdir. Xətlərdən ikisi küçənin sol tərəfində (dayaq olan tərəfdə) evlərin divarlarına quraşdırılan elektrik sayğaclarına, biri isə küçənin əks tərəfində (sağ) 28 saylı evin divarına quraşdırılmış sayğaca qoşulmuşdur, 0,4 kV-luq SİP hava xətti 6kV-luq Y/S 19-h/x 20 hava elektrik verilişi xətti ilə paralel çəkilmişdir, bəzi yerlərdə xətt 6kV-luq Y/S 19-h/x 20 hava elektrik verilişi xəttinin dayaqlarına bərkidilmişdir. SİP hava xəttləri 6kV-luq Y/S 19-h/x 20 hava elektrik verilişi xəttinin izolyatorları arasındakı məsafə təxminən 1,5 metr təşkil edir. 6kV-luq Y/S 19-h/x 20 hava elektrik verilişi xəttinin fazalarından biri 0,4 kV-luq SİP hava xətti bağlanmış 8-ci dayağın təxminən 0,7 metr yaxınlığından keçir. xx.xx.2020-ci il tarixdə təhqiqat komissiyası hadisə yerinə baxış keçirərkən 8-ci dayaqdan elektrik enerjisi ilə təmin edilmiş abonentlərlə söhbət zamanı və alınmış izahatdan həmin gün səhər saatlarında 6kV-luq Y/S 19-h/x 20 hava elektrik verilişi xəttinin 8-ci dayağa yaxın keçən fazasının (xəttin) Sabunçu RETSl-nin 10/6/04 kV-luq istismar şöbəsinin əməkdaşları tərəfindən çəkilərək yuxarı qaldırıldığı və xətt qaldırılmazdan əvvəl 8-ci dayaqla aralarındakı məsafənin təxminən 0,3-0,4 metr təşkil etdiyi bildirilmişdir (xx.xx.2020-ci il tarixdə 6kV-luq Y/S 19-h/x 20 hava elektrik verilişi xəttinin yuxarı qaldırılması işi 10/6/04 kV-luq istismar şöbəsinin rəhbərliyinin şifahi tapşırığına əsasən görülmüş, həmin işin icrası ilə şöbənin “Sifarişlərin, naryadların və sərəncamların qeydiyyatı jurnalında hər hansı bir qeydiyyat aparılmamışdır). -Bədbəxt hadisənin səbəbləri: 1. X7 X3 14.1.4-cü bəndinin sonuncu abzasının (hündürlükdəki işlərin bəzi növlərini o işlərin görülməsi üçün bu qaydalarla təyin edilmiş elektrik təhlükəsizliyi qrupları olan işçilər icra etməlidirlər) tələblərinin pozulması; 2. X7 X3 14.1.5-ci bəndinin 3-cü (Dayaqda işləyərkən qoruyucu kəmərdən istifadə etmək, ... lazımdır) və 4-cü (Dayağın dirəyində işləyərkən elə dayanmaq lazımdır ki, gərginlik altında olan yaxın məftillər nəzərdən qaçırılmasın) abzaslarının tələblərinin pozulması; 3. Gərginlik altında olan cərəyandaşıyan hissələrədək yolverilən məsafənin pozulması (X7 X3 3.1 cədvəli); 4. 20 saylı PQ-dən çıxan və N.Nərimanov küçəsini qidalandıran SİP hava xəttinin 8-ci dayağının 6kV-luq Y/S 19-h/x 20 hava elektrik verilişi xəttinə "Elektrik qurğularının quraşdırma qaydaları"nın 2.5.57-ci bəndinin (2.5.57.1. 1 kV-dan artıq olan müxtəlif gərginlikli hava xətlərinin naqilləri bir dayaqda çəkilə bilər... 2.5.57.2. 10 kV-a qədər olan hava xətlərinin naqilləri 1 kV-a qədər olan hava xətlərinin naqillərindən yuxarıda olmalıdır, eyni zamanda müxtəlif gərginlikli hava xətlərinin ən yaxın və aşırımın ortasındakı naqilləri arasındakı məsafə ətraf mühitdə 15°C temperatur və küləksiz hava şəraitində 2 metrdən az olmamalıdır) tələblərinə uyğun olmayaraq yaxın olması. - Komissiyanın rəyi - Təhqiqat komissiyası təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" ASC-nin Sabunçu RETSl-nin Enerji satış şöbəsinin aparıcı mühəndisi Vüqar Kazımovun, 4.2-ci bəndinə əsasən nəzarətçi mühəndisi Elxan Cəfərovun, 4.3-cü bəndinə əsasən kəsim üzrə elektrik montyoru Elməddin Abbaslının 4.4-cü bəndinə əsasən Sabunçu RETSİ-nin 10/6/04 kV-luq istismar şöbəsinin rəisi Səxavət Əliyevin və baş mühəndisi Akif Novruzovun cavabdehliyini müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalan”nın 1.4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr) əsasən X9 ölümü ilə nəticələnmiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilmir və uçota alınmır. Beləliklə, işin hallarından görünür ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində 16 may 2020-ci il tarixdə saat 11:00-da baş vermiş hadisə nəticəsində “Azərişıq" ASC-nin X26 Təchizatı və Satışı İdarəsinin Enerji Balans və Kəsim Bölməsinin kəsim üzrə elektrik montyoru Elməddin Abbaslı ölmüş, cavabdeh hadisənin İZ formalı aktla rəsmiləşdirilməməsi və uçota alınmaması haqqında akt tərtib etmişdir. Cavabdeh bu qərarı qəbul edərkən “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin Sabunçu rayon şöbəsindən təqdim edilmiş məktubda Elməddin Abbaslının ölümünə səbəbin “Elektrik cərəyanı ilə zədələnmə” olduğu və onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,1‰ (promilli) etil spirti aşkar olunduğuna istinad etmiş və Qaydaların 1.4-cü bəndini rəhbər tutmuşdur, hansı ki, həmin bəndə əsasən texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Göründüyü kimi, hazırkı halda cavabdeh tərəfindən mübahisələndirilən aktın qəbul edilməsinə əsas E.Abbaslının qanında 1,1‰ (promilli) etil spirtinin aşkar edilməsi olmuşdur. Lakin iş materialları ilə bu hal öz təsdiqini tapmır. Belə ki, işdə olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 91 nömrəli meyitin ekspertizası haqqında ekspert rəyindən görünür ki, müayinə zamanı mərhum X11 alın, burun, sağ qulaq seyvanı nahiyyələrinin, döş qəfəsinin arxa səthinin, xarici cinsiyyət üzvünün, sağ mil-bilək oynağı nahiyyəsinin, sağ əlin və sağ ayağın elektrik nişanələri (elektrik cərəyanı yanıqları); alt dodaq nahiyyəsinin hematoması, hər iki qalça nahiyyəsinin və sol baldırın sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər həyatidir, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərin alın, burun, sağ qulaq seyvanı nahiyyələrinin, döş qəfəsinin arxa səthinin, xarici cinsiyyət üzvünün, sağ mil-bilək oynağı nahiyyəsinin, sağ əlin və sağ ayağın arxa səthinin elektrik nişanələri (elektrik cərəyanı yanıqları) yüksək gərginlikli elektrik cərəyanının təsirindən; alt dodaq nahiyyəsinin hematoması, hər iki qalça nahiyyəsinin və sol baldırın sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə törənməsi inkar olunmur. Dərəcəsinə görə, alın, burun, sağ qulaq seyvanı nahiyyələrinin, döş qəfəsinin arxa səthinin, xarici cinsiyyət üzvünün, sağ mil-bilək oynağı nahiyyəsinin, sağ əlin və sağ ayağın arxa səthinin elektrik nişanələri (elektrik cərəyanı yanıqları) ümumilikdə canlı şəxslərdə ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Alt dodaq nahiyyəsinin hematoması, hər iki qalça nahiyyəsinin və sol baldırın sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. X2 ölümünə səbəb elektrik cərəyanı ilə zədələnmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,1‰ qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşsusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarından görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X16, şahid qismində dindirilmiş X6, X22, X23 və X19 ifadələrində mərhum X1 içki içən olmadığını, namaz qılan olduğunu, onunla hadisə baş verməzdən təxminən bir həftə əvvəl orucluq ayı ilə əlaqədar öz xərci hesabına dost-tanışlarına iftar süfrəsi açdığını göstərmişlər. Buna görə də məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 91 saylı rəyində göstərilmiş X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,1‰ qatılığında etil spirti aşkar edilməsi, etil spirtinin qanda bu miqdar qatılığının tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilməsinə dair hissəsi istintaq orqanında şübhə doğurduğundan xx.xx.2020-ci il tarixli qərarla təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İşdə olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli T 237/2020 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X9 meyitindən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı zamanı 1,1‰ etil spirti aşkar edilmiş, müayinəyə göndərilmiş qan çürümə prosesinə prosesinə məruz qalmamış və bu miqdar canlı şəxslər üçün götürülmüş cədvələ əsasən yüngül dərəcəli alkohol sərxoşluğuna uyğun gəlir. Məhkəmə-kimyəvi tədqiqatı aparmış ekspert kimyaçının verdiyi izahata əsasən qan spirt flakonunda göndərilmişdir. Flakon tam təmizlənmədiyi halda bu miqdarın tapılması mümkündür. Lakin hal-hazırda bu miqdarın tam təmizlənməməsi və ya qəbul edilmiş alkohol olmasını təyin etmək mümkün deyildir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, 1998-2004-cü illərdə Azərbaycan Tibb universitetinin Tibbi profilaktika ixtisası üzrə təhsil almışdır. 2006-cı ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsində ekspert kimi fəaliyyət göstərir. X9 hadisə vaxtı bədəni gərginliyə düşən zaman dəmir dirəyə sarılmış vəziyyətdə olduqda, yəni onun bədəni dirəklə təmasda olduqda onun bədənində termiki yanıq izləri yarana bilərdi. X9 elektrik cərayanı yanıqlarından başqa aşkar, olunan xəsarətlər, yəni alt dodağın hematoması, hər iki qalça nahiyəsinin və sol baldırın sıyrıqlan hadisə baş verən zaman dəmir dirəkdən yıxılaraq, ayağında olan caynağın hasarın yuxarı hissəsinə ilişib bədənin daş hasara, yəni bərk küt əşyanın təsirindən törənmişdir. Eləcə də, qeyd olunan şəraitdə əmələ gələ bilərdi. X9 hadisə zamanı 0,4 kV-luq elektrik cərəyanı ilə zədələnməsi nəticəsində bədənin alın, burun, sağ qulaq seyvanı nahiyələrinin, döş qəfəsinin arxa səthinin, xarici cinsiyyət üzvünün, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin və sağ ağayın elektrik nişanələri 0,4 kV-luq elektrik naqilinin yerli təsirindən əmələ gələ bilər. X15 hadisə zamanı bədənin 0,4 kV-luq elektrik naqili ilə və eyni vaxtda dəmir dirəklə təmasda olan nahiyələrdən başqa digər nahiyələrdəki aşkar olunan elektrik yanıqları (elektrik nişanələri) elektrik cərəyanının çıxış nöqtələri kimi qiymətləndirilir. Yəni 0,4 kV-luq elektrik cərayanı ilə zədələnmələrdə elektrik cərəyanın giriş və çıxış nöqtələri olur. Həmin çıxış nöqtələri bədənin müxtəlif nahiyələrində, yəni bir neçə yerdə ola bilər. X9 meyitindən götürülmüş 100 ml-lik qırmızı qapaqlı spirt flakonun içərisində olan 90 ml qan, üzəri 20 nömrəli möhürü ilə möhürlənmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsinin məhkəmə-kimya şöbəsinə göndərilmişdir. X9 qanında aşkar edilmiş 1,1‰ qatılıqda etil spirtinin hansı səbəbdən olması bərədə dəqiq məlumat verə bilməz. Belə ki, meyitlərdən götürülən qanın qablaşdırıldığı spirt flakonları əvvəlcədən yuyularaq qurudulur. X15 vəfat etdiyi zaman ölkədə vüsət almış koronavirus xəstəliyi ilə mübarizədə şöbənin hər yeri, eləcə də təşrihxana mütəmadi olaraq spirt və digər dezinfeksiya məhluları ilə yuyularaq dezinfeksiya işləri aparılır. Həmçinin qeyd olunan virusa yoluxmamaqdan ötrü şöbənin bütün əməkdaşları daim spirt və digər dezinfeksiya məhlularından istifadə edir. Ola bilsin ki, Elməddin Abbaslının qan nümunəsi qablaşdırılarkən spirt flakonun qapağı və ya spirt flakonun üzərinə spirt və ya dezinfeksiya məhlulu bulaşmış olsun. Lakin yuxarıda da qeyd etdiyi kimi bu barədə dəqiq hər hansı bir məlumatı yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 523, ev 14, mənzil 23də ailəsi ilə birlikdə yaşayır. 1993-cü ildən 1998-ci illədək Azərbaycan Tibb universitetinin Farmokologiya ixtisası üzrə təhsil almışdır. 1998- ci ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsinin məhkəmə- kimyəvi ekspertiza şöbəsində ekspert kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 91 saylı rəyin nəticə hissəsinin 5-ci bəndində göstərilən müayinə zamanı X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,1% qatılığında etil spirti aşkar edilməsi, etil spirtinin qanda bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilməsi xüsusatı ilə əlaqədar onu deyə bilir ki, X9 qan nümunəsi 18 may 2020ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsi tərəfindən onların şöbəsinə göndərilmişdir. Aparılan tədqiqat nəticəsində X12 meyitindən götürülmüş qan nümunəsində 1,1 ‰ etilnitrit piki müşahidə edilmişdir. Belə ki, 0,5 ml qan içərisində 0,5 ml 50%-li üçxlorlu sirkə turşusu və 0.5 ml 0.4%-li izopropil spirti olan penisillin flakonuna əlavə edilmişdir. Fiksatorun qapağı bağlandıqdan sonra şpris vasitəsilə 0,3 ml 30%-li natrium nitrit məhlulu yeridilmişdir. Qarışıq səylə çalxalandıqdan və bir dəqiqə keçdikdən sonra flakondan 1 ml buxarabənzər nümunə şpris vasitəsilə götürülərək LXM -80 xromatoqrafına yeridilmişdir. Xromatoqrafın parametrləri: kolonka 200 sm x 0.4 sm, qaz daşıyıçı hidrogen, qazın sürəti 1,6 1/saat, sorbent: inzen kərpiçi +0,9 % natrium hidroksid +1.7% alkilsulfat +12% vinilin, kolonkanın temperaturu -50C°, detektorun cərəyanı -140ma. Bu zaman xromatoqrammada etilnitrit piki aşkar edilmişdir. Xromatoqrammada müşahidə edilən etilnitrit pikinin hündürlüyü qanda 63 mm; izopropilnitrit pikinin orta hündürlüyü qanda 73 mm-dir. Eyni zamanda 1%; 3%; 6%-li etil spirtinin kalibrik qrafiki qurul muşdur. Etilnitrit pikinin hündürlüyü 34,5; 65,5; 118; izopropilnitrit pikinin hündürlüyü 34,5; 22; 19 olmuşdur. Alınmış xromatoqrammanın nəticəsinə uyğun olaraq sabitin qan üçün 1,4 olduğu müəyyənləşdirilmişdir. Aparılmış hesablamalara görə aşkar edimiş etil spirtinin qatılığı 1,1 ‰ olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Publik Hüquqi şəxsinin məhkəmə-kimya şöbəsinə daxil olan X9 meyitindən götürülmüş 100 ml-lik qırmızı qapaqlı spirt flakonun içərisində olan 90 ml qan, üzəri 20 nömrəli möhürü ilə möhürlənmişdir. Ehtimal olunur ki, daxil olan spirt flakonu təmiz yuyulmadığından X9 qan nümunəsində etil spirti aşkar edilmişdir. Göründüyü kimi, keçirilmiş məhkəmə tibbi ekspertizası ilə E.Abbaslının meyitindən nümunə kimi götürülmüş qanın tədqiqatı zamanı 1,1 ‰ etil spirtinin aşkar edilməsi mübahisəsiz olsa da, həmin spirtin mənbəyi mübahisəli olmuşdur. Ekspert rəyindən də görünür ki, aşkar edilmiş həmin spirtin həm iddiaçıdan götürülən qan nümunəsindən, həm də onun saxlandığı flakondan irəli gəlməsi mümkündür. İşdə olan Sabunçu Rayon prokurorluğunun Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cinayət təqibi orqanı ibtidai istintaq zamanı alınan şahid ifadələrindən və təkrar məhkəmə tibbi ekspertizasının rəyindən o nəticəyə gəlmişdir ki, X15 hadisə zamanı özündə olmuş və spirtli içki təsirinə məruz qalmamışdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, bu halı təkzib edən hər hansı bir sübut iş materiallarında mövcud deyil, deməli, E.Abbaslının ölümünün alkoqollu içkinin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş verməsi sübuta yetirilmir. Belə olan halda aydın olur ki, cavabdehin mübahisəli aktı qəbul edərkən istinad etdiyi hal iş materialları ilə sübuta yetirilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təhqiqat aktının ləğv edilməsi və X9 ölümü ilə nəticələnən hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və uçota alınması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslıdır. İddia tələbinin "xxxx" ASC tərəfindən hadisə barədə İZ formalı aktın düzgün tərtib olmasına nəzarət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, Qaydaların yuxarıda istinad edilən 2.5-ci bəndindən də görünür ki, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və X3 standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Göründüyü kimi, müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edilməsi qüvvədə olan qanunvericiliklə cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir və həmin vəzifə yenidən məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyula bilməz. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş həmin vəzifəsindən irəli gələn hərəkətləri etmədikdə, iddiaçı hüquqlarını pozan konkret hərəkətə (hərəkətsizliyə) qarşı məhkəmə müdafiəsindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu Rayon Enerji Təchizatı va Satışı İdarəsinin Enerji Balans va Kəsim Böİməsinin kəsim üzrə elektrik montyoru X8 16 may 2020-ci il tarixdə, saat 11:00 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı ləğv edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu Rayon Enerji Təchizatı va Satışı İdarəsinin Enerji Balans va Kəsim Böİməsinin kəsim üzrə elektrik montyoru X8 16 may 2020-ci il tarixdə, saat 11:00 radələrində ölümü ilə nəticələnmiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və uçota alınması barədə təhqiqat aktının tərtib edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1070/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1070/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver