Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1070/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı “əlilliyin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli Tibbi Sosial Ekspert Komissiyasının əlilliyinin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə imtina qərarının ləğv edilməsi, ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçı X5 xx.xx.2024-cü il tarixli göndəriş üzrə göndərişdəki xəstəliklərə müvafiq olaraq əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2024-cü ildən əlilliyinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2013-cü il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.2015-ci il tarixdə isə hərbi xidmətini başa vurmuşdur. 27 sentyabr tarixində başlayan “Vətən müharibəsi” zamanı könüllü olaraq ordu sıralarına qoşulmuş və N saylı hərbi hissənin tərkibində “Vətən müharibəsi”-də iştirak etmişdir. “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı partlayış nəticəsində xəsarət almışdır. Belə ki. Biləsuvar RMX-da “sağ said aşağı 1/3-nin kor qəlpə yarası və yad cisim metal qəlpə 1.0+0 sağ sifətin sıyrılmış qəlpə yarası qapalı kəllə beyin travması diaqnozu ilə təyinatı üzrə stasionar müalicə alıb. Qeyd olunmalıdır ki, əlilliyin müəyyən edilməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edilmişdir. Lakin Komissiyanın sözügedən tarixli aktı ilə guya əsaslı “diaqnoz” ilə (əslində isə heç bir müayinə aparmadan) əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilib. Halbuki, sözügedən akt tamamilə qanunsuz və əsassız hesab olunmalıdır. Belə ki, iddiaçının sağlamlıq imkanlarının itirilməsi ilə əlaqədar bir neçə tibbi müəssisədə müayinə olunub müalicə kursu keçmişdir. Belə ki, 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, 8626/23 nömrəli çıxarışında qeyd edilir ki, əsas xəstəlik “Vətən müharibəsi” zamanı aldığı baş beyin travması məticəsində baş-beyinin üzvi xəstəliyi, eləcə də həmin xəstəlik nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və psixotik daxilolmalarla, yaddaşın enməsi halları təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, faktiki hallar digər tibb müəssisələrinin diaqnozları ilə də öz təsdiqini tapmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polilinikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli 11314 nömrəli xəstəlik haqqında şəhadətnamədə iddiaçının zahirən gərgin, ünsiyyətə həvəssiz daxil olmağı, sualları qısa, qıcıqlı cavablandırmağı, həmçinin depressiv, tez əsəbləşməyi, davranışlarının qeyri-adekvat olmağı, yuxusunun pozulmağı, yaddaş zəifliyi qeyd edilmişdir. Bundan əlavə partlayış travmasından sonrakı vəziyyət üçün sağ gözündə subkonyuktival qansızına halı da xəstəlik haqqında şəhadətnamədə öz əksini tapıb.İddiaçı “sağ orta sinirin posttravmatik neyropatiyası” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur (əsas: 5860 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixdə Biləsuvar RMX-da, xx.xx.2020-xx.xx.2020- ci il tarixdə SQ BKH-da. xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023-cü il tarixdə 2 nömrəli X3, xx.xx.2023-cü il tarixdə isə MN МНР-da müayinə və müalicədə olmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, X4 orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, A.Abdulsalamova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 11314 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020). Sağ saidin aşağı 1/3-nin ön səthinin yumşaq toxumalarının kor qəlpə yaralanması, yumşaq toxumaların yad cisminə görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən, yad cismin xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Tinnitus. Zəif qidalanma, BÇİ-17,9” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6751/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində aldığı baş-beyin travması) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və psixotik daxilolmalarla, yaddaşın enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8626/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində aldığı baş-beyin travması) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və psixotik daxilolmalarla, yaddaşın enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyətə çətin daxil olaraq danışıq zamanı ağlamış, titrəmiş, lakin verilən sualları adekvat cavablandırmışdır. Düşüncəsi aydın olmuş, bələdliyi saxlanmış, Emosional-iradi sferası enik, astenik əlamətlər qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10257 nömrəli rəydən görünür ki, İddiaçı “Üzvi dissosiativ pozuntu” (F06.5) və “Posstravmatik stress pozuntusu” (F43.2) müəyyən olunmuşdur. -“Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1503 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şəxsiyyət pozuntusu, psixotik daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə F07.0 -xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020). Sağ saidin aşağı 1/3-nin ön səthinin yumşaq toxumalarının kor qəlpə yaralanması, yumşaq toxumaların yad cisminiə görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən, yad cismin xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə” diaqnoz ümumi xəstəlikdir, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -Tibbi-Sosial Ekspertiza və X10 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş və “Baş beyinin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində aldığı baş beyin travması) nəticəsində nəzəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və psixotik daxilolmalarla, yaddaşın enməsi ilə üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu” diaqnozun öz təsdiqini tapmaması əsası ilə imtina olunmuşdur. -Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1591/2024 nömrəli qərarına əsasən iddiaçıda “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 PHŞ tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T775/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində müvafiq qərardadda qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, A.İ.Abdulsalamovun iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı “2 saylı X7”ndan Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, C00161489JQR (Forma TQS №-088) saylı göndərişdə XBT 10 kodu qeyd edilmiş “F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində aldığı baş beyin travması) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və psixotik daxilolmalarla, yaddaşın enməsi ilə, F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, üzvi mənşəli şəxsiyyət pozğunluğu, F06.2-üzvi sayıqlama (şizofreniyaya bənzər) pozuntusu, üzvi sayıqlama (şizofreniyaya bənzər) pozğunluğu üzvi dissosiativ pozğunluq” F06.7-yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq” diaqnozu xəstənin stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, onun DTSERA-da müxtəlif illərdə əyani müayinələri zamanı başağrısından, başgicəllənmədən, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından şikayətlənmiş, ünsiyyətə çətin daxil olaraq danışıq zamanı ağlamış, titrəmiş, lakin verilən sualları adekvat cavablandırmış, düşüncəsi aydın olmuş, bələdliyi saxlanılmış, emosional-iradi sferası enik, astenik əlamətlər qeyd olunmuş, psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmişdir. Odur ki, diaqnoz əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. X1 10 kodu ilə göstərilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimlərin səlahiyyətlərinə aiddir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının səlahiyyətlərinə aid olduğundan onlar tərəfindən həyata keçirilir. -Bundan sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəməpsixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 494 saylı ekspertiza rəyində qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən İddiaçı halhazırda Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) ifadəli şəxsiyyət dəyişikliyi, davranış və koqnitiv pozuntularla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 2 nömrəli X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, C00161489JQP nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdeh müraciəti “Diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Bakı 2 nömrəli X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, C00161489JQP nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: Əsas diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beyinin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində aldığı baş beyin travması) nəticəsində nəzəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və psixotik daxilolmalarla, yaddaşın enməsi ilə; (F07.0) Ağırlaşma: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları (F07.8) Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu (F06.2) Yüngül koqnitiv pozuntu (F06.7) Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixli göndərişdəki (Forma 88) və məhkəmə-psixiatriya ekspertizası üzrə təqdim edilmiş ekpsertiza rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş məhkəmə-psixiatriya ekspertizası rəyi ilə öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, iddiaçıya qoyulan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 494 saylı ekspert rəyindən göründüyü kimi, iddiaçıda hazırda Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) ifadəli şəxsiyyət dəyişikliyi, davranış və koqnitiv pozuntularla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilmiş və C00161489JQP nömrəli tibbi göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07 XBT kodu altında nəzərdə tutulan “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F07 kodu altında diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə işin araşdırılması ilə iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 7.6.2.1-ci yarımbənddə göstərilən hallara uyğun gəldiyini hesab edir. Belə ki, 7.6.2.1-ci yarımbənddə diqqət yetirilməli məqam odur ki, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu şəxsdə aşkar edilirsə bu onda əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar şəklində özünü büruzə vermiş olmalı, həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə-psixiatrik ekspertizası tədqiqatı üzrə 494 saylı rəyin nəticə hissəsi: İ. Motivləşdirici hissəsindən görünür ki, anamnestik məlumatlar, inzibati iş materiallarında olan sənədlər və hal-hazırkı müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (İİ Qarabağ müharibəsi başladığı zaman hərbi xidmətə çağırılaraq döyüşlər zamanı mərmi partlayışı zamanı dalğa zərbəsi və bədənindən xəsarət alması, aldığı travmalarla əlaqədar müayinə və müalicədə olması, sonradan onda yaranmış psixi pozuntularla əlaqədar MN Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olması, xx.xx.2023-cü il tarixdə Hərbi Həkim Komissiyasının qərarına əsasən “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. “Partlayış travması (xx.xx.2020). Sağ saidin aşağı 1/3-nin ön səthinin yumşaq toxumaların kor qəlpə yaralanması, yumşaq toxumaların yad cisiminə (metal qəlpələr) görə aparılmış yaraların birincili işlənməsindən, yad cismin xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə” diaqnozu ilə “Xəstəliklər cədvəlinin” 14 a maddəsinin İİ qrafasına əsasən həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi, deməsinə görə aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, aqressivlik, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, yaddaş zəifləməsi halları meydana gəldiyi üçün tərxis edildikdən sonra AR SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə olunaraq onda “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Psixotik daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun müəyyən edilməsi, Bakı şəhər 2 nömrəli X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olması və ona “Baş beynin üzvi xəstəliyi. İİ Qarabağ müharibəsində aldığı baş beyin travması nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə psixotik daxilolmalarla, yaddaşın enməsi ilə” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, müharibə zamanı almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, yuxusuzluq, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox təsirlənməsi, özünə qapanması, əhval- ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, baş ağrılarından əziyyət çəkməsi, hazırkı müayinə zamanı aparılan söhbət gedişatında ünsiyyətə həvəssiz, formal daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, təfəkkürüdə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilməsi, əhvali-ruhiyyə fonunun xeyli enməsi biruzə verməsi, şikayətləri barəsində soruşduqda baş ağrılarının olması, beynində olan sıxıntı, küylərdən, “səslər”dən əziyyət çəkdiyini, rahatlıq tapa bilmədiyini, tənha, sakit yer axtarması, buna görə də evdə qala bilməməsi, evdəkilərə əziyyət verməsi, beyninə pis fikirlərin gəlməsi, özünü öldürmək barəsində fikirlər daim onu müşayət etməsi, səbəbsiz əsəbləşərək özünü idarə edə bilməməsi, bu halların ondan asılı olmayaraq baş verməsi, həyatının müharibədən sonra başqa, pis səmtdə davam etməsini, fiziki və mənəvi əziyyətlər içində yaşadığını vurğulayaraq hazırda özünə ölüm arzuladığını bildirməsi, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini bildirərək əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsini söyləməsi, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox təsirlənməsi, özünə qapanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, əsəbi gərginliyinin aşkar artması astenizasiya olunması, onda əhval-ruhiyyənin aşkar enməsi və s.) sübut olunmuşdur. Göründüyü kimi iddiaçının hazırki psixi vəziyyətində əsas diaqnozun (F07) ağırlaşmasının onda olması təkzib edilmir. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Məhkəmə o qənaətdədir ki, hazırkı halda iddiaçıda İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində “Üzvi mənşəli, ifadəli şəxsiyyət dəyişikliyi, davranış və koqnitiv pozuntularla” diaqnozunun mövcudluğu müəyyən edilmişdir və bu pozuntu iddiaçının ümumilikdə sərbəst yaşamaq bacarığına mane olmasa da, ruhi vəziyyətindən irəli gələn bəzi hallarda (məsələn, özünü öldürmək barəsində fikirlərin daim onu müşayət etməsi, əsəbləşərək özünü idarə edə bilməməsi, aqressivlik və s.) kənar şəxslərin köməyinə ehtiyacının olmasını istisna edə bilməz. Bu baxımdan, məhkəmə nəticəyə gəlir ki, iddiaçıda müşahidə olunan pozuntular 7.6.2.1-ci altbənddə nəzərdə tutulmuş “həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması” halına uyğundur. Göstərilən xəstəlik isə iddiaçının orqanizminin funksiyalarının 35-60 faiz pozulması kimi qəbul edilməsinə və ona əlillik təyin edilməsi üçün zəmin yaradır. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçının Bakı 2 nömrəli X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, C00161489JQP nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı 2 nömrəli X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, C00161489JQP nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov