Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10700/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 1/44 №-li, 27 mart 1990-cı il tarixli qərarı ilə Bakı şəhəri Ləhiş bağlar sahəsində 0,12 hektar sahəsi olan 2002 №-li bağın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 1/44 №-li, 27 mart 1990-cı il tarixli qərarına əsasən ayrılmış 0,12 hektar sahəsi olan 165 nömrəli BTK nəzdində 2002 nömrəli bağ sahəsinin atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhuma Bakı Şəhər X8 İcraiyyə Komitəsinin 1/44 N-li , 27 mart 1990-cı il tarixli qərarı ilə Bakı şəhəri, Ləhiş bağlar sahəsində 0.12 hektar sahəsi olan 2002 saylı bağ ayrılmışdır. İddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq vərəsəlik işi açılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. İddiaçı zəruri sənədləri topladıqdan sonra yenə cavabdehə müraciət etmiş, cavabdeh isə onun müraciətinin cavablandırıldığını bildirmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarının arxiv çıxarışında və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş 7 №-li orderdə adı “Naib”, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda isə “Nayıb” qeyd olunmuşdur. Bundan başqa, cavabdehin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən şərti olaraq göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Sənəd üzrə torpaq sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki sahə 982 kv.m təşkil edir və İdarənin arxivində olan Bağ Tikinti Kooperativinin sxeminə əsasən qonşu bağa keçid göstərilən sahədəndir. Həmin torpaq sahəsinin qanuni istifadəçisi ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq olunmuş bölgü sxemi təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 7 saylı orderin təsdiq edilmiş surətinə əsasən Bakı Şəhər X8 İcraiyyə Komitəsinin 1/44 saylı, 27 mart 1990-cı il tarixli qərarına əsasən X4 Ləhiş bağlar sahəsində 165 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsindən ibarət 2002 saylı bağ sahəsi ayrılmışdır. İşdə olan 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il məktubunda göstərilmişdir ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 1930-cu il tarixdə doğulmuş, xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum X1 adına vərəsəlik işi açılmışdır. İşdə olan AZ 188503 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. “Ata” qrafasında X1 adı qeyd edilmişdir. İşdə olan AZ-İİ 403573 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X6 xx.xx.2007-ci ild tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X6 (təxminən 1923-cü il təvəllüdlü) ilə X5 (təxminən 1936-cı il təvəllüdlü) olan xx.xx.1962-ci il təvəllüdlü Rəna Nəzərovanın (nikahdan sonrakı soyadı Mehdiyeva) doğumunun Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı Şəhər X8 İcraiyyə Komitəsinin 1/44 saylı, 27 mart 1990-cı il tarixli qərarından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Bakı Şəhər X8 İcraiyyə Komitəsinin 1/44 saylı, 27 mart 1990-cı il tarixli qərarından çıxarışa əsasən X3 adı Bakı şəhəri, Ləhiş bağlar sahəsində 165 nömrəli BTK üzvlərinin siyahısına daxil edilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ləhiş bağ massivindəki 2002 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,12 hektar, faktiki 0,0982 hektar (ümumi sahə 2324 kv.m) təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, şərti olaraq 2002 saylı bağ sahəsi kimi göstərilən sahə qonşu sahə ilə ümumi (2324.0 kv.m) hasar daxilindədir (ara sərhədə şərtidir). Göstərilən torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 982 kv.m təşkil edir. Sahə üzərində tikili yoxdur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Əvvəlki müraciət zamanı məlum olmuşdur ki, idarənin arxivində olan Bağ Tikinti Kooperativinin sxeminə əsasən qonşu bağa keçid göstərilən sahədəndir. Həmin torpaq sahəsinin qanuni istifadəçisi ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq olunmuş bölgü sxemi təqdim olunmamışdır. Həmçinin müraciət zamanı təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarının arxiv çıxarışında və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş 7 №-li orderdə adı “Naib”, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda isə “Nayıb” qeyd olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu il tarixli məktubu ilə məhkəməyə göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ləhiş bağ massivindəki 2002 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,12 hektar, faktiki 0,1573 hektar (373 kv.metr artıq) təşkil edir, bağ sahəsinin mişar daşı ilə hasarlanıb, darvaza yoxdur, giriş sərbəstdir, bağ sahəsi 4 sıra mişar daşı ilə iki hissəyə ayrılmışdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı vəfat etmiş atası X2 Bakı şəhər X8 İcraiyyə Komitəsinin 1/44 saylı, xx.xx.1990-cı il tarixli qərarına əsasən ayrılmış Ləhiş bağlar sahəsindəki 0,12 hektar sahəsi olan 165 nömrəli BTK nəzdində 2002 nömrəli bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, müvafiq qərarın arxiv çıxarışında və müvafiq orderdə adı “Naib”, notariat ofisinin məktubunda isə “Nayıb” qeyd olunmaqla, sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Şərti olaraq göstərilən torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Sənəd üzrə torpaq sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki sahə 982 kv.m təşkil edir və Bağ Tikinti Kooperativinin sxeminə əsasən qonşu bağa keçid göstərilən sahədəndir. Həmin torpaq sahəsinin qanuni istifadəçisi ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq olunmuş bölgü sxemi təqdim olunmamışdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı qərarın həqiqiliyi məhkəmədə şübhə doğurmur. Belə ki, həmin qərardan çıxarış Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən, müvafiq orderin təsdiq edilmiş surəti isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, sənədlərdə mərhumun adının “Naib” və ya “Nayıb” kimi qeyd edilməsi imtina üçün əsas ola bilməz. Belə ki, ada baxdıqda aydın olur ki, söhbət eyni şəxsdən gedir və onun adındakı hərf(lər)in fərqli şəkildə qeyd edilməsi onun başqa bir şəxs olmasına dəlalət etmir. Cavabdeh isə bunun əksini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsi faktı sonradan aradan qalxmışdır. Belə ki, iddiaçı iş üzrə verilmiş müayinə aktının və mütəxəssis rəyinin əraziyə əvvəllər keçirilmiş baxışa əsasən verildiyi üçün əraziyə təkrar yerində baxış keçirilməklə müayinə aktının məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə sorğu verilməsi barədə məhkəmədə vəsatət qaldırmışdır. Məhkəmə tərəfindən verilmiş təkrar sorğu əsasında məhkəməyə göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında Ləhiş bağ massivindəki 2002 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,12 hektar, faktiki 0,1573 hektar (373 kv.metr artıq) təşkil etdiyi, bağ sahəsinin mişar daşı ilə hasarlandığı, darvaza yoxdur, girişin sərbəst olduğu, bağ sahəsinin 4 sıra mişar daşı ilə iki hissəyə ayrıldığı bildirilmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaya etirazın əsasları kimi istinad etdiyi bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi və ölçüsünün hüquq müəyyənedici sənəd üzrə göstəriləndən daha az olması halı aradan qalxmışdır. Eyni zamanda, bölgü sxeminin təqdim olunmaması da tələbin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, mövcud hüququn təsdiqi üçün əlavə bölgü sənədinin tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilməlidir ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 1/44 №-li, 27 mart 1990-cı il tarixli qərarına əsasən ayrılmış Ləhiş bağlar sahəsindəki 0,12 hektar sahəsi olan 165 nömrəli BTK nəzdində 2002 nömrəli bağ sahəsinin mərhum X2 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 1/44 №-li, 27 mart 1990-cı il tarixli qərarına əsasən ayrılmış Ləhiş bağlar sahəsindəki 0,12 hektar sahəsi olan 165 nömrəli BTK nəzdində 2002 nömrəli bağ sahəsinin mərhum X2 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-10700/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10700/2025
18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver