Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10702/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8415/2020 nömrəli işdə xəbərnamənin əsli tələb edilərək xəttişünaslıq ekspertizası təyin edilsin və ekspertizanın rəyinə əsasən qərar qəbul edilməsi, 1047 saylı poçtun rəhbərliyi və poçtalyonu məsuliyyətə cəlb edilməsi, vurulmuş maddi zərər 3000 (üç min) manat və mənəvi zərərin əvəzi 2000 (iki min) manat olaraq Cavabdeh MMC-dən tutulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2019-cu il 01 iyun tarixində səhər saat 10:00 radələrində ünvan 1 ünvanda yerləşən 1047 saylı Poçtun poçtalyonu X3 gözlədiyi məhkəmə zərfini imzası alınmadan ona təqdim etdi. Sual verməyə macal tapmadan tez üzünü çevirib tələsik pilləkənlərdən düşdü. Xəbərnaməsiz məhkəmə qətnaməsinin göndərilməsinə təəcübləndi və dərhal vəkili ilə əlaqə saxladı. Hansı tarixdə alındığı möhürlə qeyd edilmiş tarixi soruşdu və o da xx.xx.2019 tarixdə poçt tərəfindən qəbul edildiyini bildirdi. Bununla bağlı məhkəmədə yaranan problem nəticəsində xəbərnamədə xx.xx.2019-cu il tarixdə onun imza etdiyi bildirildikdə imzanın göstərilməsini tələb etdi. Xəbərnamədəki imzanın saxtalaşdırıldığını gördükdə bu imzanın ona aid olmadığını bildirdi. Bu xəbərnamənin nüsxəsini uzun müddətdən sonra əldə etdikdə kim tərəfindən imzasının saxtalaşdırıldığını araşdırılması üçün Suraxanı RPİ-yə şikayət ərizəsi ilə müraciət etdi. Onun imza nümunələri götürüldü, xəttişünaslıq ekspertizası təyin ediləcəyi bildirilsə də guya xəbərnamənin əksini əldə edə bilmədikləri üçün cinayət işi başlanılması rədd edilir. Məktubu 5 gün saxlamaqda məqsəd isə mülki mübahisədə qarşı tərəflə yaxın əlaqəsi olan poçt rəhbərliyi və poçtalyon yardım etmək məqsədi ilə sövdələşərək kömək etmək qərarına gəliblər. Bu saxta imza ona problemlər yaratdı və mən maddi və mənəvi zərərə düşdüm.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh MMC və 1047 saylı poçtun inzibati orqan kimi müəyyən olunmadığı izah edilmiş, mövcud tələblə bağlı hüquqi şəxsin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi 2020-ci ilin sentabr ayının xəbərnamələrinin saxlanmadığını bildirdi.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh MMC və 1047 saylı poçtun inzibati orqan kimi müəyyən olunmur.
8. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında arasındakı mülki münasibətlərindən irəli gəlir.
9. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.
10. Tələb digər hissələrdə (məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi və 1047 saylı poçtun rəhbərliyinin və poçtalyonun məsuliyyətə cəlb edilməsi) vəsatət xarakterlidir və inzibati məhkəmə icraatının predmeti deyil.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva