Məhkəmə qərarları › İş №2-1(112)-10703/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10703/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10703/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 419 saylı qərarının ləğv edilməsi və ya biletlərin satışına tələblər olan bəndin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin İ hissəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 1.0.13-cü maddəsinə əsasən normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətdir. Həmin Qanunun 1.0.18-ci maddəsinə əsasən normayaratma prosesi – dövlət orqanının normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə normayaratma fəaliyyətidir. İddia tələbindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 419 saylı qərarının ləğv edilməsini və ya biletlərin satışına tələblər olan bəndin ləğv edilməsini tələb edir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə belə qənaətə gəlir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli və “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PRZ test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə alik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2021-ci il 27 noyabr tarixli 371 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 419 saylı qərarı normativ hüquqi aktdır və həmin qərar inzibati akt deyildir. Həmçinin iddia tələbi isə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin normayaratma fəaliyyəti ilə əlaqəlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh orqan arasında inzibati hüquq münasibəti mövcud olmadığından və hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35-ci, 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar