Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10706/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “imtahan nəticələrinin ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü ildə 276 saylı tam orta məktəbdə İddiaçı nitq qabiliyyəti imtahanı barədə verilmiş imtinanın nəticəsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il təvəllüdlüdür. Orta təhsil almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 276 saylı tam orta məktəbdə nitq qabiliyyəti imtahanı vermişdir. Lakin imtahan komissiyasının qərarı ilə rus bölməsində təhsil alması məqbul hesab edilməyərək İddiaçı suallara tam cavab verməməsi adı altında imtina verilmişdir. Bununla bağlı Apellyasiya komissiyasına elektron müraciət edilərək əsassız olduğu bildirilmişdir. Eyni olaraq xx.xx.2024-cü ildə Bakı şəhəri üzrə Təhsi İdarəsi tərəfindən də Apellyasiya komissiyasına müraciətimizə baxılması və əvvəlki nəticənin qüvvədə qalması bildirildi. İddiaçı hesab edir ki, məhkəməyə edilən müraciəti qanuni və əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2017-cı il təvəllüdlü İddiaçı 2024- 2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etməmişdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü bəndinə müvafiq olaraq dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətləri araşdırılmış və iddiaçının apellyasiya müraciətinə xx.xx.2024-cü il tarixində baxılaraq Müsahibə komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. Əlavə olaraq bildirilmişdir ki, yerli təhsil idarəetmə orqanları tərəfindən 2024/2025-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu Elm və Təhsil Nazirliyinin 17 aprel 2024-cü il tarixli, 3-29/3-2-190F/2024 nömrəli “2024- 2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən aparılır. İddiaçı ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.3- cü, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddələri ilə əsaslandıraraq bildirmişdir ki, iddiası təmin edilməlidir və övladı İddiaçı nitq qabiliyyəti barədə qəbul edilmiş komissiyanın qərarı ləğv edilməlidir.İlk növbədə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırkı iş üzrə isə iddiaçı onun çatmaq istədiyi məqsədə uyğun olmayan, düzgün olmayan iddia qaldırmış, nəticədə iddianın mümkünlüyü ilə bağlı şərt pozulmuşdur. İkinci növbədə, iddiaçı müsahibənin nəticəsinin qanunsuz hesab edilməsini tələbini iddiada bildirmiş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ olduğunu qeyd etmişdir. Qeyd edilən halda, iddiaçının övladına münasibətdə müsahibə nəticəsinin məqbul hesab edilməsi müsahibədə iştirak edən digər uşaqların hüquqlarının pozulmasına rəvac vermiş olar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin aralıq qərardadından sonra məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü İddiaçı 2024- 2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etməmiş, eyni zamanda həmin imtahan nəticəsindən verilmiş apellyasiya şikayətinə xx.xx.2024-cü il tarixdə baxılmış və xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibəyə dair rəy qüvvədə saxlanılmışdır. İddiaçının qanuni nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda özünün də iştirak etdiyi müsahibə zamanı İddiaçı bütün suallara cavab verdiyini, həyəcanlı olduğundan yalnız bir sualı cavablandırmaqda çətinlik çəkdiyini, verdiyi şikayət üzrə isə apellyasiya komissiyasında yenidən müsahibə keçirilmədiyini, hazırkı halda iddiaçının yenidən müsahibədə yoxlanılmasını xahiş etmişdir. Bakı İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə xx.xx.2017-ci il təvəllüdlü İddiaçı 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparılan birinci siniflərinə qəbuklu ilə bağlı həmin dilb üzrə şifahi nitq bacarığının qiymətləndirilməsi məqsədilə yenidən müsahibə edilməsi üçün 1(bir) aylıq müddət təyin edilmiş, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin həmin müddət ərzində müraciətə baxılmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsi tapşırılmışdır. Məhkəmə qərardadının icrası ilə əlaəqdar cavabdeh tərəfindən təqdim edilmiş yenidən müsahibənin nətiələrinə dair cədvəldən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə koomissiya tərəfindən müsahibə edilmiş və ekspertlər müsahibə nəticəsini mənfi qiymətləndiirmişlər. “Təhsil haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması. -5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: -73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məsələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilibedilməməsi baxımından həyata keçirir. İşin hallarından və təqdim edilmiş videogörüntüdən müəyyən olunur ki, tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən sadalanan meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları, fikrə münasibət bildirməyi, ünsiyyət zamanı fikrini sərbəst ifadə etməyi, ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə etməyi, özü, ailəsi və vətəni haqqında qısa məlumat verməyi bacarığı yoxlanılmış, iddiaçı illkin müsahibə, eləcə də məhkəmənin aralıq qərardadı ilə keçirilmiş müsahibədə mənfi qiymətləndirilmişdir. Müsahibənin təşkili, keçirilməsi və qiymətləndirmə azadlığı çərçivəsində inzibati orqan tərəfidən qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun aparılmaması ilə bağlı hər hansı hal müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “imtahan nəticələrinin ləğv olunması”tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10706/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10706/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver