Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10708/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdein nümayəndəsi X1 İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ şəhid ailəsi kimi təqaüdün ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ şəhid ailəsi kimi təqaüdün ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, iddiaçının övladı hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etmişdir. Onun övladına şəhid statusu verilmişdir. Daha sonra övladına görə şəhid ailəsi kimi ona 2021-ci il tarixindən Prezident təqaüdü ödənilmiş olsa da, əvvəlki illər üzrə ödənilməli olan məbləğ ödənilməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, övladı 14.04.2021-ci il tarixindən şəhid statusu əldə etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd olunmuşdur ki, iddiaçıya şəhid ailəsi kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 14.04.2021-ci il tarixindən təyin edilmişdir. Ona təqaüd övladı şəhid statusu əldə edildiyi gündən təyiin edilib ödənilmişdir. Fərmanda isə təqaüdün əvvəlki illər üzrə ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1-ci bəndinə əsasən Şəhid dedikdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1-ci hissəsinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin qaydaların 2-ci hissəsinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Həmin qaydaların 7-ci hissəsinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Həmin qaydaların 8-ci hissəsinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının övladının 01.04.2000-ci il tarixdə vəzifəsini yerinə yetirərkən şəhid olması müəyyən edilsə də, cavabdeh həmin hala əhəmiyyət verməmişdir. Halbuki, iddiaçının mərhum övladının şəhid statusu tanındığından “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 493 saylı Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “ “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qaydalara əsasən iddiaçının şəhid ailəsi üçün verilən təqaüdü almaq hüququ vardır. Bu baxımdan da məhkəmə hesab edir ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu qərar 2007-ci il yanvarın 1dən qüvvəyə mindiyi üçün cavabdehin imtinası qanunvericiliyin qeyd edilən normasına zidd olmuşdur. Məhkəmə, bir daha vurğulamağı zəruri hesab edir ki, yuxarıda adıçəkilən Qaydaların 8-ci hissəsində öz əksini tapan Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir müddəası ödənişlərin ödənilməsi üçün hüququn məhz şəhid ailəsi statusunun verilməsi müddətindən yarandığını özündə ehtiva etmir. Burada Azərbaycan Respublikasınının Prezidenti təqaüdünün ödənilməsi hüququn yarandığı tarixdən, yəni iddiaçının övladının şəhid olduğu vaxt nəzərə alınmaqla ödənilməlidir ki, işin faktiki hallarından da görünür ki, iddiaçının övladı B.Qasımov 14.04.2021-ci il tarixdə yox, 01.04.2020-ci il tarixdə xidməti vəzifələrini icra edərkən vəfat etmişdir. Qeyd olunan hal isə 2007-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarına uyğun olaraq ona təqaüdün ödənilməli olmasına əsas verir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3577/2019 saylı iş üzrə qəbul etdiyi 24.12.2019-cu il tarixli qərarında analoji iş üzrə qeyd edilmişdir ki, “təqaüdün hansı tarixdən ödənilməli olduğuna münasibətdə qanunverici iki meyar müəyyən etmişdir – 1) müraciət anından asılı olmayaraq və 2) onu almaq hüququnun yarandığı andan təyin edilmə. Hazırkı halda, təqaüdü almaq hüququnun yaranma anı müəyyən edilməlidir. Bununla bağlı işin hallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi 25.09.2018-ci il tarixli, 318 nömrəli arayışında iddiaçının oğlunun 23.11.1997-ci il tarixdə vəzifəsini yerinə yetirərkən şəhid olmasının müəyyən olunduğunu bildirmişdir. Prezident təqaüdünün verilməsini müəyyən edən Fərman 19 dekabr 2006-cı il tarixdə, Nazirlər Kabinetinin qərarı isə 29 yanvar 2007-ci il tarixdə qəbul edilmiş və qərarın 01 yanvar 2007-ci il tarixdən qüvvəyə mindiyi göstərilmişdir. Odur ki, iddiaçının sonrakı tarixdə müraciət etməsinə baxmayaraq onun oğlunun 1997-ci ildə vəfat etməklə şəhid statusu əldə etdiyi müəyyən edildiyindən 01 yanvar 2007-ci il tarixdən etibarən həmin təqaüdü almaq hüququ yaranmışdır. Ona görə də, təqaüdün yalnız 25 sentyabr 2018-ci il tarixdən sonrakı dövrlər üzrə ödənilməli olduğuna dair mövqe əsaslı deyildir. İddiaçı 25.09.2015-ci il tarixdən 25.09.2018-ci il tarixədək olan dövr üzrə Prezident təqaüdünü yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən almaq hüququna malikdir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1194/2020 saylı iş üzrə qəbul etdiyi 03.06.2020il tarixli qərarında da təkrar edilmişdir. Eyni zamanda, məhkəmə iddia tələbində qeyd edildiyi kimi ödəmənin birdəfəlik ödənilməli olmasına münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, istər yuxarıda adları çəkilən Ali Məhkəmənin müvafiq qərarlarından (hansı ki, ödəmənin birdəfəlik ödənilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin qərarlarında mövqe təsdiq edilmiş, qərar qüvvədə saxlanılmışdır.) Pensiya qanunvericiliyindən fərqli olaraq əvvəlki dövrlər üçün ödənilməli olan təqaüdün hissə-hissə ödənilməli olması ilə bağlı qanunvericilikdə hər hansı bir müddəa mövcud olmamış, ödəmənin birdəfəlik qaydada həyata keçirilməsi isə məhdudlaşdırılmamışdır. Birbaşa həmin işlə bağlı olmasa da oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-882/2021 saylı 05.05.2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərardan da göründüyü kimi Məhkəmə pensiya qanunvericiliyinə mahiyyət etibarı ilə ən yaxın olan sosial müavinətlərlə bağlı ödənişin hissə-hissə yox birdəfəlik ödənilməsi ilə bağlı mövqe nümayiş etdirmişdir. Göründüyü kimi, istər təqaüd, istər müavinətin pensiyadan fərqli olaraq hissə-hissə ödənilməsi ilə bağlı hər hansı qayda nəzərdə tutulmamış, birdəfəlik ödəmənin aparılması ilə bağlı məhdudiyyət müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya ödəniş birdəfəlik qaydada edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Firudin oğluna şəhid ailəsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün 01.01.2007-ci il tarixdən ödənilməmiş məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10708/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10708/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver