Məhkəmə qərarları › İş №2-1(112)-10709/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10709/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10709/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Qaradağ rayon İcra və Probasiya şöbəsi qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və icra sənədinin qaytarılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Qaradağ rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün hərəkətləri qanunsuz hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-42/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin geri, yəni onu vermiş məhkəməyə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2 (103)-42/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şirinova (Kərimova) Səbinə Faiq qızına verilməsi nəzərdə tutulmuşdur. Həmin icra sənədi Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün icraatına daxil olmuşdur. Daha sonra, xx.xx.2017-ci il tarixdə yazılmış, xx.xx.2017-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinə daxil olmuş tələbkar X1 ərizəsində qeyd edilmişdir ki, qeyd olunan alimentin tutulmasından, habelə ərizəni yazdığı günə qədər aliment borcundan imtina edir və işə xitam verilməsini xahiş edir. Lakin Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü tərəfindən həmin ərizə əsasında icraata xitam verilməsi barədə qərar qəbul etmək əvəzinə, 30 mart 2017ci il tarixdə “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərar qəbul edilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2 (103)-42/2017 saylı icra sənədinin icraata qəbul edilmədən icra olunması üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 24-cü maddələrinə əsasən Qaradağ rayon icra şöbəsinə daxil olmuşdur. Həmin icra sənədi icra məmuru Orxan Göyüşlünün icraatına xx.xx.2022-ci il tarixdə daxil olduqdan sonra, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, 10 gün müddətində tələbin könüllü icrası haqqında bildirişlə birlikdə həmin qərar xx.xx.2022-ci il tarixdə borclu İddiaçı poçt vasitəsilə yaşadığı ünvana göndərilir. xx.xx.2022-ci il tarixdə icra məmuru Orxan Göyüşlü tərəfindən borclu İddiaçı telefon vasitəsilə Qaradağ rayon İcra şöbəsinə təcili olaraq çağırılır və səhər saat 10 radələrindən ora gələn İddiaçı həmin şöbədə məcburi qaydada axşam saat 18 radələrinə kimi ac və susuz saxlanılır. Bu zaman onun rabitə vasitələri əlindən alınır, faktiki olaraq təxminən 8 saat müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilir. Bu zaman ərzində o, təhdidlərə və şəxsi ləyaqətinin alçaldılmasına məruz qalır. Daha sonra təhdidlər davam etdirilərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün şəxslə birlikdə Qaradağ Rayon Məhkəməsinə verilir. Qaradağ Rayon Məhkəməsi bu qanunsuz və əsassız inzibati protokolu təmin etmir və inzibati xəta haqqında icraata xitam verir. Belə ki, əvvəla, tələbkar X1 ərizəsində qeyd edilmişdir ki, qeyd olunan alimentin tutulmasından, habelə ərizəni yazdığı günə qədər aliment borcundan imtina edir və işə xitam verilməsini xahiş edir. Belə olan halda, borclunun barəsində icra hərəkətləri aparıla bilməz. Lakin icra məmuru qanunsuz olaraq inzibati protokolda qeyd edir ki, 20.000 manatdan çox aliment borcu yaranıb. Bundan başqa, icra məmuru icraata başlamaq haqqında qərarı xx.xx.2022-ci il tarixdə qəbul etməsinə və həmin qərarı 10 gün müddətində tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərdikdən bir gün sonra onu çağırıb barəsində qanunsuz hərəkətlərə yol verməklə, inzibati protokol tərtib edir. Həmin qərar və bildiriş poçt vasitəsilə borclunun ünvanına yalnız xx.xx.2022-ci il tarixdə daxil olur. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün hərəkətləri qanunsuzdur. Sonuncu, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, o cümlədən həmin Qanunun 21, 23, 87-ci maddələrini kobud şəkildə pozmuş, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, nəticədə onun Azərbaycan Respublikası Konstitusiyası və digər Qanunlarla qorunan hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Ən dəhşətlisi də odur ki, iddiaçı gün ərzində icra şöbəsində qanunsuz saxlanılaraq, qanunsuz azadlıqdan məhrum olunmuşdur. Başqa sözlə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün qərarı qanunsuzdur. Belə ki, sənədlərdən göründüyü kimi, icraata xx.xx.2022-ci il tarixdə başlanmış, həmin qərar tərəfindən mübahisələndirilmiş, bu barədə icra məmuruna məlumat verilmişdir. Həmçinin, icraata başlandıqdan sonra hələ cəmi bir ay keçmişdir, belə olan halda İddiaçı hələlik borcu yoxdur, tələbkar alimentdən və qalıq borcdan ümumiyyətlə imtina edib. Daha sonra tərəfindən Qaradağ Rayon Məhkəməsinə müraciət olunaraq Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün “borclunun məcburi gətirilməsi haqqında” qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Lakin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmış və bu məsələ ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunması tövsif olunmuşdur, bu tövsifə riayət olunaraq Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Lakin icra məmuru qanunsuz olaraq Qaradağ Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borclunun məcburi gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Halbuki, icra məmurunun qərarından məhkəməyə şikayət verilməsi barədə ona müvafiq məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin adıçəkilən 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya hüquqi yardım məktubu göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar 12 sentyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də məhkəmə iclasında gəlməmişlər, məhkəmə iclasında iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 42/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Şirinova (Kərimova) Səbinə Faiq qızının xeyrinə ödənilməlidir. Tələbkar Şirinova (Kərimova) Səbinə Faiq qızının xx.xx.2017-ci il tarixli ərizəsi əsasında Qaradağ rayon İcra Şöbəsinin 30 mart 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya məhkəməsinin 2(103)-42/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi Bakı Apelyasiya məhkəməsinə qaytarılmışdır. Hazırkı iş üzrə iddiaçı icra məmurunun icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini, icra sənədini onu vermiş məhkəməyə geri qaytarılmasını inzibati məhkəmə icraatında inzibati iddia qaydasında tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. -8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. -8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. -26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yekunda Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlıdır. Belə ki, iddiaçı icra məmurunun icra sənədinin icra olunması ilə bağlı icra hərəkətlərini mübahisələndirək icra sənədinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 26-cı maddəsində göstərilən şikayətə baxan məhkəmə elə icraya nəzarət edən icra sənədini verən məhkəmədir. Bu, həm də ondan irəli gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Hazırkı halda iddiaçının icra sənədinin icra olunması ilə bağlı hərəkətlərin qanunsuzluğunu, icra sənədinin icra olunmadan geri qaytarılmasını müstəqil iddia tələbi kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə şikayət verilməklə mübahisələndirilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Qaradağ rayon İcra və Probasiya şöbəsi qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və icra sənədinin qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar