Məhkəmə qərarları › İş №2-1(112)-1071/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1071/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1071/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X5, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 və Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməklə “torpağa mülkiyyət hüququnun qeydə alınması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı torpağa mülkiyyət hüququnun qeydə alınması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04.05.2020-ci il tarixli **********56 saylı torpağa mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsinə dair məktubunun əsassız hesab edilməsi, ünvan 1 ünvandakı (keçmiş Muxtadır küçəsi) mülkün - 450 kv. metrlik torpaq sahəsinin 2/3 hissəsinə mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 2 ünvanındakı mülkün (keçmiş Muxtadır) 450 kv. metr torpaq sahəsinə X10, X13, X11, X27 və X7 mülkiyyət hüquqlarının qeydə alınmasının DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin (keçmiş Muxtadır) 2\3 hissəsi onun mülkiyyətinə vərəsəlik hüququ ilə keçmişdir. Mülk 1931-ci ilə kimi yaxın qohumlarının şəxsi mülkü olmuş, həmin il qanunsuz olaraq dövlət hesabına keçirilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(004)-4889/10 saylı qətnaməsi ilə, S.Rüstəmov küçəsi (34-36) 34\36 saylı mülkün (keçmiş Muxtadır) 1931-ci ildə dövlət balansına keçirilməsinə dair aktı etibarsız hesab etmiş və mülkün hüquqi vəziyyəti ilkin qeydiyyatdan keçən tarixə qaytarılmışdır. Əvvəlki məhkəmə araşdırmaları zamanı əldə edilmiş sənədlərlə təsdiq olunur ki, sözügedən mülk 450 kv. metrlik torpaq sahəsi və 335 kv. metrlik tikilidən ibarət olmuşdur. ünvan 3 saylı fərdi yaşayış mülkünün 450 kv. metr torpaq sahəsində olması Bakı şəhər Ərazi İdarəsinin Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə 14 iyul 2017-ci il tarixli, **********85 saylı məktubla ünvanladığı sözügedən əmlakın qeydiyyatı aparılmış 166 reyestr nömrəli kitabının 6827 saylı vərəqinin surəti ilə də təsdiq olunur. Mövcud olan plan ölçü ilə də təsdiq olunur ki, sözügedən mülk bir yox 8 yaşayış otaqdan və 10 qeyri yaşayış sahəsindən (cəmi 18) ibarət olmuşdur. Uzun illər çəkişməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından sonra 04 iyul 2019-cu il tarixdə mülkün 2\3 hissəsinə onların hüquqları tanınaraq, cavabdeh tərəfindən qeydə alınmaqla ona 24033 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş olduğu RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 34\36 saylı evin 1\3 hissəsi isə bacısı X1 xüsusi mülkiyyətindədir. Yasamal rayonu, S.Rüstəmov küçəsi 34\36 saylı fərdi yaşayış mülkünün 2\3 hissəsinə mülkiyyət hüququ tanınnsa da qanuni istifadədə olan mülkün altındakı 450 kv. metr torpaq sahəsinin 2\3 hissəsinə isə mülkiyyət hüququ qeydə almmamışdır. Bunun aradan qaldırılması üçün cavabdehə müraciət etmiş, cavabdehin ona ümvanladığı 04 may 2020-ci il tarixli **********56 saylı məktubda hüquqlarının qeydiyyatından imtina edilməsi öz əksini tapmışdır. İmtina onunla əsaslandırılmışdır ki, hüququn dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Daha sonra izah edilmişdir ki, bələdiyyə qərarı, İH-nin sərəncamı və sair tələb olunur. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır. Belə ki, onun mülkiyyət hüququ heç də bələdiyyə və ya İH-nin sərəncamı ilə yox məhkəmə qətnaməsi və Ali Məhkəmə qərarı ilə qeydə alınıb. Bu qətnamə və qərar cavabdehdə olsa da ərizəsinə əlavə edib göndərmişdir. İşin vəziyyətinə görə təkzibolunmaz sənəd məhkəmələrin müvafiq aktlarıdır. Bu mülkün tarixi Sovet dövrü və hətta ondan əvvəlki dövrə gedib çıxır. Heç bir sənəddə torpağın zəbt edilməsi fikrinə rast gəlinmir. Əks halda torpağı qanunsuz tutmaqla tikilən mülkə məhkəmə mülkiyyət hüququnu tanımazdı. Yuxarıda göstərildiyi kimi cavabdehin 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə 14 iyul 2017-ci il tarixli,**********85 saylı məktubla ünvanladığı sözügedən əmlakın qeydiyyatı aparılmış 166 reyestr nömrəli kitabının 6827 saylı vərəqinin surəti ilə də təstiq olunur ki, Yasamal rayonu, S.Rüstəmov küçəsi 34\36 saylı fərdi yaşayış mülkünün 450 kv.metr torpaq sahəsi var. Nə qədər ki, mülk müsadirə edildiyi 1931-ci il tarixli vəziyyətinə qaytarılıb deməli mülk və altındakı torpaq qanuni yolla alınıb. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 19 yanvar 2021-ci il və 22 fevral 2021-ci il tarixli qərardadları ilə müvafiq olaraq X6 və Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxs Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə əsasən üçüncü şəxs Bakı şəhər Yasamal rayon İcra hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında verdiyi izahatında, iddianı qəbul etməyərək, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olan torpaqlar olduğunun və həmin torpaq sahəsinin ona aid olması (ayrılması) barədə iddiaçı tərəfindən məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmadığının nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Ücüncü şəxs X6 iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4889/10 saylı iş üzrə çıxartdığı 21 dekabr 2010-cu il tarixli qətnaməsindən görünür ki, X18 01 yanvar 1935-ci il tarixdə ölümünün qeyd edilmə faktı və X15 isə 01 yanvar 1953-cü il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilərək, ünvan 8 mülkün 01.07.1931-ci il tarixdə dövlət balansına keçməsinə dair aktın etibarsız hesab edilməsi və həmin mülkün əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olaraq X13, X10, X11, X27 və X9 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qayıtması və by barədə müvafiq qeydiyyatın aparılması vəzifəsinin DƏDRX Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı 0354056, 0354057, 0354058, 0354059, ******* №li çıxarışların (5 çıxarış) notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi müvafiq olaraq X3, X8, X20, X9 və X4 adlarına xüsusi mülkiyyət kimi 31.03.2014-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində 259 №-li reyestr kitabında 24033 №-li vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlardan göründüyü kimi, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2445/15 №li 10 iyun 2015-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə (iş № 2(004)-7787/14 saylı mülki iş) İddiaçı mirası qəbul etmə faktının tanınması tələbinə dair ərizəsi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə eyni zamanda X1 İddiaçı və İbrahimov Fazil Məmmədəli oğluna qarşı miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 fevral 2015-ci il tarixli qətnaməsi ilə (2(103)-28/2015 saylı mülki iş) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə olan 26 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı və X1 iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evə onların mirası qəbul etmələri faktı müəyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə X1 pay hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd olunan qərarı ilə İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İbrahimov Fazil Məmmədəli oğlunun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə 03 fevral 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə X2 adına xüsusi mülkiyyət kimi 01.02.2019-cu il tarixdə və 2/3 hissədə isə İddiaçı Məmmədli qızının adına xüsusi mülkiyyət kimi 04.07.2019-cu il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində 259 №-li reyestr kitabında 24033 №-li vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışdan göründüyü kimi, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır. Məhkəmənin müvafiq (ünvan 6 ünvanına dair çıxarışın verilməsinə əsas olan, həmçinin evin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin surətinin verilməsi ilə bağlı) sorğusuna cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********01 №li 18.12.2020-ci il tarixli məktubla ünvan 6 ünvanına dair çıxarışın verilməsinə əsas olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-28/2015 nömrəli 03.02.2015-ci il tarixli qətnaməsi məhkəməyə təqdim olunmuş və sözegedən evin yerləşdiyi torpaq sahəsinə dair məlumatın (sənəd) İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 02/40 №li 02.12.2020-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş S.Rüstəmov küçəsi, 34-36 (34/36) ünvanının texniki pasportlarından (2 texniki pasport) müəyyən olunur ki, qeyd olunan ünvanda yerləşən 1 (bir) mərtəbəli tikilinin ümumi sahəsi, “A” literli tikilidə 364,5 kv. metr, “B” literli tikilidə isə 397,1 kv. metr olmuşdur. DƏDRX tərəfindən iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, göndərdiyi 04.05.2020-ci il tarixli **********56 saylı məktubda müraciətçiyə bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Həmçinin fərdi yaşayış evinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənziliərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifıkatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən, torpaq sahələri, binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.8. bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1- dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış sahələrinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və mənzil kirayəsi müqaviləsi; 3.0.12. 2006- cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafıq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. İddiaçı tərəfindən mübahisəli torpağın onun mülkiyyətinə verilməsinə əsas kimi istinad etdiyi yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə isə torpağın deyil, yalnız ünvan 8 ünvanda yerləşən mülkün ilkin hüquqi qeydiyyatının bərpa olunması qət edilmişdir. Bundan əlavə iş materiallarından da göründüyü kimi, ünvan 8 ünvanda yerləşən mülkün X13, X10, X11, X27 və X9 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qayıtması və bu barədə müvafiq qeydiyyatın aparılması DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən icra olunaraq, həmin fərdi yaşayış evi müvafiq olaraq X3, X8, X20, X9 və X4 adlarına xüsusi mülkiyyət kimi 31.03.2014-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınarkən, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmış, həmin qeyd mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar