Məhkəmə qərarları › İş №2-1(112)-10712/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10712/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10712/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin uzadılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri 2 nömrəli X4 direktoru Turanə Məcidli tərəfindən edilmiş hərəkətsizliyin Azərbaycan Respublikası müharibə veteranları haqqında Qanunun tələblərinə əsasən qanunsuz hesab edilməsi və xx.xx.2023-cü il tarixli əmri ləğv edilərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin hesabından bir ay yarım əmək haqqı miqdarında iddiaçıya dəyən maddi ziyan ödənilərək əmək fəaliyyətini davam etdirmək hüququnun təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri 2 nömrəli X4 direktoru Turanə Məcidli tərəfindən edilmiş hərəkətsizliyin Azərbaycan Respublikası müharibə veteranları haqqında Qanunun tələblərinə əsasən qanunsuz hesab edilməsi və xx.xx.2022-ci il tarixli əmri ləğv edilərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin hesabından bir ay yarım əmək haqqı miqdarında iddiaçıya dəyən maddi ziyan ödənilərək əmək fəaliyyətini davam etdirmək hüququnun təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixindən iddiaçı barəsində Bakı şəhəri 2 saylı TH Liseyin müvəqqəti direktor əvəzi Aybəniz Cavadova tərəfindən iddiaçı barəsində xəbərdarlıq edilmədən əmr verərək xx.xx.2023-cü il tarixi müddətində əmək fəaliyyəti məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixində 2 saylı X4 direktoru Turanə Məcidliyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli qanunsuz əmri ləğv edərək iddiaçının əmək fəaliyyətini davam etdirmək hüququnu təsdiq edərək, yeni əmr qəbul edilməsini xahiş etmişdir. İddiaçı 1993-1994-cü illər arasında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Qarabağın Murov dağ istiqamətində Kəlbəcərdə ağır döyüşlərdə iştirak etmişdir. Bundan başqa, həyat yoldaşı 2009-cu ildə vəfat etdikdən sonra 2 azyaşlı uşaqları tək böyütmüşdür. Biri 10-cu sinifdə, digəri isə ali məkətəbə imtahan vermişdir. İddiaçının başlıca məqsədi onların təhsillərini başa vurmalarını nəticələndirməkdir. Bu səbəbdən əmək fəaliyyətini davam etdirmək hüququndan istifadə etmək istəyir və məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-467 nömrəli əmrində tədris ili ərzində çalışmanın yaş həddinə çatacaq müəllimlər ilə razılıqları əsasında həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılması və tədris ilinin sonunda yaranacaq vakansiyaların yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilməsi tapşırılmışdır. Nəzərinizə çatdırırıq ki, ərizənizdə qeyd etdiyiniz formada heç bir əmək hüququnun pozulması halı baş verməmişdir. Siz xx.xx.2022-ci il tarixdə çalışmanın yaş həddinə çatmısınız və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-467 nömrəli əmri əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərdiyi xx.xx.2022-ci il tarixli 2973-02/10 nömrəli məktubu əsas tutularaq əmək müqaviləniz xx.xx.2023-cü il tarixədək uzadılmışdır”.

5. Məhkəmənin hazırlıq icratı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun olaraq izahat verdi.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər;

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

10. Məhkəmə müəyyən edir ki, hazırki mübahisə iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir.

11. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi əmək hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

12. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. İPM-in 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.

15. İPM-in 54.3-cü maddəsinə görə iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.

16. Məhkəmə hesab edir ki, iddianın dəqiqləşdirilməsi onun mümkünüzlüyünü istisna etmədiyindən onun dəyişdirilməsinin qəbulundan imtina edilməlidir.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. Qərardaddan (iddianın mümkün sayılmayan hissəsində) 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar