Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10717/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “xidməti mənzilə dair orderin daimi orderlə əvəz edilməsinə sərəncam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1985-ci il tarixdə “Bakıkanalizasiya” İB tərəfindən Hövsan qəsəbəsi 18 saylı evin 31 saylı mənzilin iddiaçıya verilməsini nəzərə alaraq, xidməti mənzilin xüsusi orderi daimi orderlə əvəz edilməsinə sərəncam verilməsini Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü olmaqla Bakı şəhərində anadan olmuş və hal-hazırda Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 18, mənzil 31-də yaşayır. xx.xx.1985-ci il tarixdə “Bakıkanalizasiya” İB-i tərəfindən Hövsan qəsəbəsi 18 saylı evin 31 saylı xidməti mənzil verilmişdir. Dəfələrlə Bakı şəhəri Suraxanı İcra Hakimiyyətinə müraciət etsə də, ona Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order əsasında verilməsi və ya mövcud olan xidməti ordenləm sərəncamla daimi rəsmiləşdirilməsi nəzərdə tutulmadığından müraciətinə imtina verilir. xx.xx.2001-ci il tarixdə “Bakıkanalizasiya” İB-nin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə xidməti mənzilin xüsusi ordenini daimi orderlə əvəz edilməsinə etiraz etməməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 146-cı maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi inzibati məhkəmələrin səlahiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti “Bakıkanalizasiya” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanmış 135/6 saylı xx.xx.2001-ci il tarixli məktubda bildirilmişdir ki, Birliyin işçisi İddiaçı daimi order almaq üçün müraciət etmişdir. Birliyin müdiriyyəti və HİK-si İddiaçı xahişi nəzərə alınaraq onun adına verilmiş Hövsan qəsəbəsi 18 saylı evin 31 saylı xidməti mənzilin xüsusi orderinin daimi orderlə əvəz edilməsinə etiraz etmir və onun dəyişdirilməsinə sərəncam verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 01.1985-ci il tarixli 000711 saylı Orconikidze RXDS (indiki Suraxanı RİH) tərəfindən verilmiş xidməti orderin kserosurətindən görünür ki, 18 saylı evin 31 nömrəli, 3 otaqlı, 38,71 kv.m xidməti yaşayış sahəsi İddiaçı və onun ailə üzvlərinə (arvadı və iki qızı) Orconikidze rayon XDS-nin 59 nömrəli, xx.xx.1984-cü il tarixli qərarına əsasən ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 5- 20/2H-91-091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ərizəyə əlavə edilmiş müvafiq sənədlərə əsasən sözügedən mənzil xidməti mənzillər fonduna aiddir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order əsasında verilməsi və ya mövcud olan xidməti orderlərin sərəncamla daimi rəsmiləşdirilməsi nəzərdə tutulmadığından müraciətin təmin edilməsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-05385/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 59 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışı göndərilmişdir. Protokola heç bir sənəd əlavə edilməmişdir. Vətəndaşlara mənzillərə dair verilən orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-794/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış binası və orada yerləşən 31 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 01-7/81 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 18 saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Sözügedən binanın 31 saylı mənzili isə keçmiş Orconikidze rayon XDS-nin İK-nin (indiki Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) xx.xx.1985-ci il tarixli, 000711 nömrəli xidməti orderlə İddiaçı verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2- 4446/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Orconikidze rayon XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) qərarları (sərəncamları), orderləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Beləliklə, məhkəmə müəyyən edir ki, hazırkı iddianın qaldırılmasında məqsəd mənzilin mülkiyyətə verilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”ndan: 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 4.3. Xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qeyd edilən mənzil xüsusi təyinatlı mənzil fonduna aid edilmiş mənzildir. Qüvvədə olan qaydalara əsasən həmin mənzilin sosial təyinatlı yaşayış fonduna daxil edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanı (konkret halda Müdafiə Nazirliyi) və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməlidir. Müvafiq qərar əsasında mənzil sosial təyinatlı yaşayış fonduna aid edildiyi təqdirdə vətəndaşa (qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduqda) yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edilərək sosial kirayə müqavilələri əsasında yaşayış sahələri verilir. Nəticə etibarilə məhkəmə qeyd edir ki, qanunvericilikdə iddiaçının xidməti orderin daimi orderlə əvəz edilməsini, eləcə də, mənzilin xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı yaşayış fonduna daxil edilməsini tələb etmək hüququnu əsaslandıran hüquqi müddəa nəzərdə tutulmamışdır. Odur ki, (gələcəkdə) müvafiq qərar əsasında mənzil sosial təyinatlı yaşayış sahəsinə daxil edildiyi təqdirdə iddiaçı həmin mənzilə münasibətdə mənzil kirayə müqaviləsinin bağlanmasını mülki qaydada iddia qaldırmaqla tələb edə bilər. Belə ki, məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir. Odur ki, yerli icra hakimiyyəti inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud yerli icra hakimiyyətinin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Belə olan halda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova