Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10718/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı XXX-in iştirakı ilə, İddiaçı XXX-in cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X7) qarşı “qeydiyyatdan çıxarma öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı XXX cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək faktiki olaraq kirayəçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 20 saylı evin 45-ci mənzilindən X5 pasport qeydiyyatından çıxarılması öhdəliyinin Suraxanı Rayon Polis İdarəsinin qeydiyyat bölməsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə mərhum həyat yoldaşı X6 xx.xx.2017-ci ildə nikaha daxil olmuşdur. İddiaçı həmin tarixdən də həyat yoldaşının sahibliyində və istifadəsində olan mənzilə köçmüş və daimi pasport qeydiyyatına alınmışdır. X6 xx.xx.2024-cü il tarixində vəfat etmiş və bu barədə ölüm haqqında şəhadətnamə mövcuddur. Həyat yoldaşı vəfat etdiyi andan iddiaçı yuxarıda adı çəkilən mənzildə tək yaşayır, mənzilin bütün kommunal xərclərini ödəyir. Yaşadığı və faktiki kirayəçisi olduğu mənzildə mərhum həyat yoldaşının oğlu, 20 ildən artıq Rusiya Federasiyasının Krasnodar vilayətində yaşayan X7 da formal olaraq pasport qeydiyyatındadır. Üçüncü şəxsin iddiaçının faktiki kirayəçisi olduğu mənzildə pasport qeydiyyatında formal olaraq qalması onun həmin mənzildə yaşamaq hüquqlarını reallaşdırmaqda maneələr yaratdığından onun qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə araşdırması və iş materiallarında olan sənədlər ilə müəyyən edilmişdir ki, keçmiş Orconikidze (indiki Suraxanı) rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 48 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzil X4 (3 nəfər ailə üzvü ilə (özü, iki oğlu – X8, X9)) ayrılmışdır. X1 ilə Selamiyeva Asya XXX arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.1937-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı xx.xx.2017-ci il tarixdən sözügedən mənzildə qeydiyyatda olmaqla yaşayır. Həmin mənzildə həmçinin, iddiaçının mərhum əri X3 oğlu hazırkı işə üçüncü şəxs qismində cəlb edilmiş X8 da qeydiyyatdadır, lakin yaşamır. Mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda iddiaçı faktiki yaşadığı mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş edir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki,cavabdehin imtinası qanunsuz olmamışdır. Belə ki, iş üzrə üçüncü şəxs iddiaçının mərhum əri X3 ailə üzvüdür və ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzil Orconikidze (indiki Suraxanı) rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 48 nömrəli qərarı ilə Salman X2 daxil olmaqla üç nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1.1-ci maddəsinə əsasən isə , dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “İnzibati İcraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Orconikidze (indiki Suraxanı) rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 48 nömrəli qərarı ləğv edilməməsinə, geri çağırılmasına, qüvvədən düşməsinə dair, eləcə də iddiaçının mübahisəli mənzilin kirayəçisi kimi tanınmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, üçüncü şəxs mənzilin ayrılmasına dair səlahiyyətli qurumun qərarında yaşayış sahəsi ayrılan şəxsin ailə üzvü kimi nəzərdə tutulduğundan və üçüncü şəxsin mənzil qanunvericiliyində nəzərdə tutulmuş şərtlər daxilində (hazırkı mübahisənin predmeti olmadığından mahiyyəti üzrə münasibət bildirilmir), qeyd olunan mənzilə dair mülkiyyətə gözlənti hüququnun mövcudluğu istisna edilmədiyindən, üçüncü şəxsin adıçəkilən mənzildə yaşayış yeri üzrə qeydiyyatı formal qiymətləndirilə bilməz. Eləcə də üçüncü şəxsin mənzilə dair istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil (yaxud onun istifadə hüququnun mövcud olmamasının müəyyən edilməsinə dair digər nəticə). Qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi, Qanunda şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri kimi şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxış edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd olunduğu kimi istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququnun olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılmasının əsası qismində çıxış edir. İddiaçının sahibliyində və istifadəsində olan əmlaka üçüncü şəxsin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması, yəni ailə münasibətlərindən irəli gəlmiş istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10718/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10718/2025
12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver