Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10719/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “sığorta ödənişlərini pensiya kapitalında nəzərə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına və qeyrisinə qarşı “sığorta ödənişlərinin pensiya təyin edilməsi ilə bağlı göstərilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, cavabdeh qeyd edir ki, məcburi dövlət sosial sığorta haqqları 2006-cı il üzrə 8 ay, 2007-ci il üzrə 8 ay, 2008-ci il üzrə 8 ay, 2009-cu il üzrə 12 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 8 ay, 2012-ci il üzrə 8 ay, 2016-cı il üzrə 2 ay fərdi hesabın sığorta hissəsində qeydə alınmamışdır. Arayışdan görünür ki, həmin illər üzrə ödənilən sosial sığorta fərdi hesabında rüblük, yəni ildə 4 dəfə göstərilmişdir. Bununla bağlı onu sığorta edən S.Muxtarov oğlu ilə Filiala müraciət edilmişdir. Cavabdeh məktubunda qeyd etmişdir ki, sığorta haqqlarının ödənilməsini sübut edən sənədlər, məlumatlar (Forma B1 və Forma B3) imza və möhürlə təsdiq edilmiş surətləri təqdim edildikdən sonra məsələ araşdırıla bilər. Həmin ödənişlərin edilməsini təsdiq edən sənədlər təqdim edilmişdir. Bundan sonra, həmin məsələ ilə bağlı Fonda da müraciət edilmişdir. Lakin müraciətin müsbət həlli mümkün olmamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, məcburi dövlət sosial sığorta haqqları 2006-cı il üzrə 8 ay, 2007-ci il üzrə 8 ay, 2008-ci il üzrə 8 ay, 2009-cu il üzrə 12 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 8 ay, 2012-ci il üzrə 8 ay, 2016-cı il üzrə 2 ay fərdi hesabın sığorta hissəsində qeydə alınmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh qismində iştirakçılığına xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində tanınmış, iddia tələbi “iddaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 2006-2007-2008-2009-cu illərə görə ödədiyi sosial sığortanın fərdi hesabının sığorta hissəsində qeydə alınması vəzifəsini cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, iddiaçı, eləcə də həmin sığorta haqqlarının göstərilməsində maraqlı olan sığortaedən tərəfindən hazırkı tələb məzmununda, həm cavabdehə, həm üçüncü şəxsə, eləcə də onların üst qurumu kimi Fondun özünə müraciətlər etmiş, lakin müraciətin təmini həyata keçirilməmişdir ki, məhkəmə göstərilən səbəbdən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Eləcə də hazırkı iddiaya cavab verməli olan orqan qismində Filialın olması ilə əlaqədar olaraq qeyd edilməlidir ki, iş materiallarında olan Filialın Əsasnaməsinin 1-ci hissəsindən görünür ki, sığorta haqqları üzrə ödənişlərin uçotunun aparılması, eləcə də sığorta sistemində fərdi uçotun mərkəzləşdirilmiş qaydada aparılması Filialın səlahiyyətinə aiddir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: 24 fevral 2023-cü il tarixli məktubdn görünür ki, 2006-cı il üzrə 8 ay, 2007-ci il üzrə 8 ay, 2008-ci il üzrə 8 ay, 2009-cu il üzrə 12 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 8 ay, 2012-ci il üzrə 8 ay, 2016-cı il üzrə 2 ay fərdi hesabın sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmamışdır. 06 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sığorta(hesabat) altsistemində iddiaçı barəsində 2006-2008-ci illər üzrə təqdim edilmiş sığorta haqqı üzrə hesabatda yalnız mart, iyun, sentyabr, dekabr ayları üzrə məlumat mövcuddur. (Forma B1 və Forma B3) imza və möhürlə təsdiq edilmiş surətləri təqdim edildikdən sonra məsələ araşdırıla bilər. İddiaçı göndərilmiş məktubda görünür ki, iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqqlarının Mərkəzləşdirilmiş elektron informasiya sistemində tam şəkildə əks olunmaması barədə Fonda müraciət daxil olmuş, Fond tərəfindən də cavabdehə həmin müraciət göndərilmiş, cavabdeh müvafiq cavablandırma ilə bağlı əlavə məlumatın təqdim ediləcəyini bildirmişdir. Ödəniş cədvəllərindən və mədaxil qəbzlərindən görünür ki, sığorta edən S.Muxtarov tərəfindən iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqqları üzrə ödəmələr mübahisələndirilən dövrlər üzrə ödənilmişdir. Şahid qismində dindirilmiş S.Muxtarov da iddiaçı barəsində həmin ödənişlərin ödənildiyini qeyd etmişdir. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.6-cı maddəsinə əsasən, fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Bəhs edilən normativ hüquqi aktların tələblərindən görünür ki, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunan fərdi uçot məlumatları əsasında müəyyən edilir, yəni Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, “Sosial sığorta haqqında” Qanunun: Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 8. Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. (Bu maddə 30 noyabr 2018-ci il tarixdə əlavə olunmuşdur) Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd 21 mart 2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən(sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Başqa sözlə desək, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə, normativ hüquqi aktın tələblərinə görə, necə ki məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarını toplanmasına nəzarət etmək cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsində nəzarət funksiyasını icra etməmiş və nəticə etibarı ilə tabeliyində olan orqan (cavabdeh) işəgötürənin məcburi dövlət sosial sığorta haqlarını qanunamüvafiq qaydada vaxtında və tam ödəməməsinə əsaslanaraq işçinin (hazırkı halda iddiaçının) sosial təminat hüququnu məhdudlaşdırmışdır. Halbuki, bu halın meydana gəlməsində iddiaçının hər hansı təqsirli hərəkəti olmamışdır. Əksinə təqdim olunmuş ödəniş qəbzi və cədvəllərindən və digər sənədlərdən məlum olmuşdur ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əmək haqqı almış və onun əmək haqqısından məcburi sığorta haqları tutulmuşdur ki, həmin ödənişlərin elektron sistemdə yerləşdirilməsi isə təmin edilməmişdir ki, həmin məlumatların yerləşdirilməsi ilə bağlı iddiaçının hər hansı təqsirinin mövcud olmaması nəzərə alınmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1180/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Eləcə də Ali Məhkəmənin 2-1(102)-2598/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, tutulmuş həmin haqların Dövlət Sosial Müdafiə Fonduna ödənilməməsi vəziyyəti iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı Göründüyü kimi hətta sığorta ödənişi edilməsə belə cavabdehin üst qurumunun nəzarət etməli olmalı olan məsələyə münasibətdə sığortaolunanın xeyrinə inzibati məhkəmə praktıkası baxımından mövqe nümayiş etdirilmişdir ki, hazırkı iş üzrə ümumiyyətlə işəgötürənin də hər hansı təqsiri müəyyən edilməmiş, əksinə işəgötürənin şahid qismində vermiş olduğu ifadədən, təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, sığorta ödənişləri ödənilmiş, lakin məhkəməyə məlum olmayan və hazırkı mübahisə baxımından araşdırılmasına zərurət olmayan səbəblərdən elektron sistemdə öz əksini tapmamışdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddaçı İddiaçı 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 2006-2007-2008-2009-cu illərə görə ödədiyi sosial sığorta haqqlarının onun fərdi hesabının sığorta hissəsində qeydə alınması vəzifəsini cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov