Məhkəmə qərarları › İş №2-1(112)-10719/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10719/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10719/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının itirməyə görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nuruşov Xeybər Əyyub oğlu xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.1979-cu il tarixli, Б 406693 nömrəli diploma əsasən, Nuruşov Xeybər Əyyub oğlu xx.xx.1976-xx.xx.1979-cu il tarixlərdə təhsil almışdır (2 il, 10 ay); НЮ ******* nömrəli hərbi biletə əsasən Nuruşov Xeybər Əyyub oğlu xx.xx.1979xx.xx.1981-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir (1 il 11 ay 19 gün); ПТ-İ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən Nuruşov Xeybər Əyyub oğlu: xx.xx.1982-xx.xx.1988-ci il tarixlərdə Ermənistan SSR Su Təərrüfatı Nazirliyində ikinci dərəcəli fəhlə işləmişdir; (6 il, 9 ay, 1 gün); xx.xx.1989-cu ildə "xxxx" X1 Birliyində 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, sonradan “Rəşad-1” kooperativinə, xx.xx.1992-ci ildən “Qismət” kiçik müəssisəsinə keçirilib və xx.xx.2000-ci il tarixdən işdən azad edilmişdir (10 il, 7 ay, 25 gün). Ümumilikdə 22 il, 2 ay, 18 gün. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il tarixdə doğulmuşdur və Nuruşov Xeybər Əyyub oğlu ilə rəsmi nikahda olmuşdur. İddiaçı ona ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciəti əsasında əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/1- N-81-81764/2025 nömrəli qərar qəbul etmişdir. Qərarda imtinaya əsas kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.2.-ci bəndi göstərilmiş, imtinanın səbəbi “....mərhum Nuruşov Xeybər Əyyub oğlunun stajının (12 il 3 ay) ailə baççısını itirməyə görə, əmək pensiyasının təyin olunması üçün tələb olunan stajlndan (15 il 4 ay) az olduğu üçün və mərhum Nuruşov Xeybər Əyyub oğlunun sığorta stajında uyğunsuzluq aşkarlandığından xx.xx.1989xx.xx.2000-ci il tarixli əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilmədi” qeyd edilmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/1-N-81764/2025 nömrəli qərarının ləğv edilməsi və ona ailə başçısının itirməsinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasının səhv doldurulması və rus dilində yazılmasında vətəndaşın heç bir günahı yoxdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddianın rədd edilməsi xahiş edimişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq, 01,05.2025-cil tarixli 3-17-1/2-N- 101310/2025 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərinə əsasən mərhum Nuruşov Xeybər Əyyub oğlunun sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (12 il 3 ay 26 gün) az olduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 22-1.2.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə (əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır) uyğun olaraq hesablanır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən Nuruşov Xeybər Əyyub oğlunun sənədlərinin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 12 il 3 ay 26 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 4 aydan) az olduğu müəyyən edilmişdir. iddiaçı tərəfindən təqdim edilən mərhum Nuruşov Xeybər Əyyub oğluna məxsus əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: X4 Filiala təqdim edilən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işdənçıxma qeydləri rus dilində yazılmışdır) sözügedən dövrün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Xeybər Nuruşovun cəmi sığorta stajı 12 il 3 ay 26 gün olmaqla qanunla nəzərdə tutulandan (15 il 4 ay) az olduğu üçün iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1 işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Bənd 3.2 və 3.2.1. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı Nuruşov Xeybər Əyyub oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nuruşov Xeybər Əyyub oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsinə yönəlmişdir. Cavabdeh imtina əsası kimi o hala istinad edir ki, iddiaçının mərhum həyat yoldaşı Nuruşov Xeybər Əyyub oğlunun sosial sığorta stajı 12 il 3 ay 26 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 4 aydan) azdır. Eyni dəlillərlə cavadeh iddiaya etiraz edir. Məhkəmə hesab edir ki, iddia əsaslı, cavabdehin imtinası və etirazının dəlilləri kimi istinad olunan hallar əsassızdır. Belə ki, iddiaçının mərhum ərinin təhsil dövrü də nəzərə alınmaqla cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajl 12 il, 3 ay, 26 gün təşkil edir. Qanunvericilikdə iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün iddiaçının pensiya yaşına çatması və mərhum ərinin 15 il 4 ay sığorta stajının olması zəruridir (ƏPQ-nun 17.1 və 12-ci maddələri). Cavabdeh X.Nuruşovun əmək kitabçasında uyğunsuzluğa istinad edərək onun xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyətini sosial sığorta stajına daxil etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 988/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiiyaspı cavabdeh inzibati orqanın kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, əmək kitabçasının iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı sənədlərinin, eləcə də əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-162/2023 nömrəli, 2-1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)-88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)- 2283/2023 nömrəli və 2-1(102)-2532/2023 nömrəli). Məhkəmə qeyd edir ki, əksi sübut edilməyənə kimi əmək ktabçasında olan qeydlərin mötəbərliliyi prezumpsiyası qüvvədədir. Prezumpsiyanın əksini iddia edən tərəf isə iddiasını sübut etməlidir. Cavabdeh həmin dövrü şübhə altına alarkən əmək ktabçasının doldurulma qaydasının pozulmasına, başqa sözlə işdən azad olma qeydlərinin rus dilində yazılmasına istinad edir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Qüvvədə olan normativ hüquqi aktın tələblərini hazırki iddianın halları ilə müqayisəli şəkildə təhlil etdikdə məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, əmək kitabçasının doldurulmasında iddiaçının hər hansı məsuliyyəti olmamış, iddiaçının əmək kitabçasında işə qəbul edilməsi barədə əmrin nömrəsinin qeyd edilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan bu növ qeyri-müəyyənlik və iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir. İddiaçının həmin müəssilərdə çalışdığı (işə qəbul edilmə, yerdəyişmə və işdən azad edilmə) bütün dövrlərdə qəbul edilmiş əmrlərin tarixi, nömrəsi ilə bağlı qeydlər əksini tapmışdır. İddiaçının işdən çıxma qeydləri rus dilində yazılması, işəgötürənin məsuliyyət sferasına aiddir. İşəgötürənin işdən çıxma qeydlərini rus dilində yazması, iddiaçının həmin dövrlərinin əmək stajına hesablanmaması, iddiaçının həmin dörlərdə, həmin müəssisədə işləməməsi kimi qiymətləndirilə bilməz və bu hal iddiaçının sosial təminat hüququnun pozulması ilə nətiəcələnir. Məhkəmə həmçinin qeyd edir ki, 1990-cı illərdə belə yazılara və möhürlərə təsadüf olunurdu. Çünki, hələ respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Latın əlifbası 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra, bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. (oxşar mövqe ilə bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziabti Kollegiyasının 2-1(133/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə təcrübəsinin vahidliyi ilə kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair qərardad). Belə olan halda, cavabdeh tərəfindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasından imtina edilməsi qanunsuz hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Nuruşov Xeybər Əyyub oğlunun sosial sığorta stajı hesablanarkən onun xx.xx.1989-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrü də nəzərə alınmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/1-N-81764/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı ailə başçısının itirməsinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar