Məhkəmə qərarları › İş №2-1(112)-1072/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1072/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1072/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçılar İddiaçı1 (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli işsiz), İddiaçı2 (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli işsiz), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun ayrıca qeydiyyata alınması, ayrıca çıxarışın və ünvanın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanda paylı mülkiyyətdə olan yaşayış sahəsində mülkiyyət sənədinə uyğun olaraq mülkiyyətlərində 10/30 hissədə 19,9 kv metr sahəsi olan mənzilin dövlət qeydiyyatına alınması, ayrıca çıxarışın və ünvanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı yaşayış sahəsinin 10/30 hissəsi olaraq 19,9 kv metr sahəsi olan bir yaşayış otağı iddiaçıların mülkiyyətindədir.Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. ünvan 1 ünvanındakı yaşayış sahəsindəki paylı mülkiyyətdə olan 19,9 kv metr sahəsi olan bir yaşayış otağının paylı mülkiyyətdən ayrılması barədə iddiaçılar cavabdehə müraciet edilsə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Həmin imtinada fərdi yaşayış “B” tikilisi daxil olmaqla vahid konstruktiv yükgötürən divarlara malik olduğu və bir dam altımda yerləşdiyi üçün payçılar arasında bölünməsinin mümkün olmadığı göstərilir.İddiaçılar hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıların mənzili ayrıca dam örtüyün ayrıca giriş-çıxış qapısına malik olmaqla digər tikililərlə bir dam altında yerləşmir. Yəni cavabdehin verdiyi imtina məktubunda göstərilənlər həqiqətə uyğun deyildir.İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə iddiaya dair etirazını tələb edilməsinə baxmayaraq sərəncam icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışlar, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi T.Yeganlı cavabdehin imtina məktubunda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə baxışında iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan: Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənin təmin edilməsindən imtina edilmişdir, imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus hissənin yerləşdiyi “B” tikilisi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir, konstruktiv cəhətdən vahid olan binanın payçılar arasında bölünməsi mümkün olmadığından ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qanunauyğun deyildir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin tərtib etdyi daşınmaz əmlakın texniki pasportuna əsasən ünvan 1-də “A” və “B” tikililəri mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 ünvan 1, 10/30 hissədən 1 otağın paylı mülkiyyətçiləridir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 10/30 hissədən 1 otağın paylı mülkiyyətçiləridirlər, iddiaçılar cavabdehə müraciət edərək ünvan 2 ünvanda yerləşən paylı mülkiyyətdə olan yaşayış sahəsində mülkiyyət sənədinə uyğun olaraq mülkiyyətlərində 10/30 hissədə 19,9 kv metr sahəsi olan mənzillərinin dövlət qeydiyyatına alınması, dövlət reyestrindən ayrıca çıxarışın verilməsini xahiş etsələr də müraciətləri təmin edilməmişdir. Odur ki, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddiaçıların iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. İşin faktiki hallarına əsasən iddiaçının iddia ərizəsində qeyd edilən daşınmaz əmlak iddiaçılar ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən şəxslərin də paylı mülkiyyətindədir, iddiaçıların adına həmin əmlak üzərində paylı mülkiyyət hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.Yəni göründüyü kimi əmlakın hüquqi rejimi paylı mülkiyyət kimi müəyyən edilmişdir.Qanunvericilikdə isə paylı mülkiyyət kimi hüquqi rejimi müəyyən edilmiş əmlakın bir hissəsinin ayrıca əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəzərdə tutulmamışdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanda paylı mülkiyyətdə olan yaşayış sahəsində mülkiyyət sənədinə uyğun olaraq mülkiyyətlərində 10/30 hissədə 19,9 kv metr sahəsi olan mənzilinin dövlət qeydiyyatına alınması, ayrıca çıxarışın və ünvanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı1 və İddiaçı2 iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanda paylı mülkiyyətdə olan yaşayış sahəsində mülkiyyət sənədinə uyğun olaraq mülkiyyətlərində 10/30 hissədə 19,9 kv metr sahəsi olan mənzillərinin dövlət qeydiyyatına alınması, ayrıca çıxarışın və ünvanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar