Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1072/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsəsinin iddiaçı X1 adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, o, qeyri-yaşayış sahəsinə münasibətdə mülki əqdə, maliyyə arayışına malik olduğundan, onun əmlak üzərində mülkiyyət hüquqları yaranır. İddiaçı hazırki iddia tələbi ilə eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, sözügedən qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edildiyi məlum olmuşdur. Sözügedən yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları qeydiyyata alına bilər. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi 17 (+texniki) mərtəbə binanın ikinci mərtəbəsində yerləşir. Lakin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, 221 saylı çoxmənzilli yaşayış binasının istismarına icazə sənədində binanın ikinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmamışdır. İddiaçının faktiki istifadəsində olan 3.7 kv.m sahə İdarəyə təqdim edilmiş layihədə işarələnməmişdir. Qeyriyaşayış sahəsinin ölçüsü sənəd üzrə 134 kv.m olsa da, faktiki olaraq 124.7 kv.m (işarələnmiş sahə ilə birilikdə 128.4 kv.m) təşkil edir. Qeyri-yaşayış sahəsinə yenidən qurma işləri aparılmışdır. Belə ki, qeyri-yaşayış sahəsinin daxilində arakəsmə divarlar inşa olunaraq, müxtəlif otaqlar tikilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın 2ci mərtəbəsində yerləşən ümumi sahəsi olan 134 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həmin əmlak ilə bağlı alqı-satqı müqaviləsi və borcun olmamasını təsdiq edən maliyyə arayışı olduğundan, onu qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən 4 hal əsas götürülmüşdür
1. Qeyri-yaşayış sahəsinin ikinci mərtəbədə yerləşdiyi halda, istismara icazə sənədində binanın ikinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmaması;
2. Qeyri-yaşayış sahəsinə yenidənqurma işlərinin aparılması;
3. Qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsünün 134 kv.m olduğu təqdirdə, faktiki olaraq 124.7 kv.m təşkil etməsi;
4. Yaşayış binası üzərində ilkin olaraq "xxxx" MMC-nin mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir.Bunun tənzimlənməsi isə Mənzil Məcəlləsinin və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun müddəaları ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 112.1.Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1.Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. -113.2.Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, vətəndaşın əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının əsaslarından biri də yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) mövcudluğudur. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1 -ci maddəsində öz əksini tapmışdır. Doğrudur ki, iddiaçı hazırki mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsini (Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsi) mülki əqd əsasında əldə etmişdir. Belə ki, mənzil tikintisə və satışına dair bağlanmış müqavilədən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində iddiaçı müqavilə üzrə müəyyən edilmiş dəyəri ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsini satın almışdır. Qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş və onun "xxxx" MMC-yə borcunun olmamasını təsdiq edən maliyyə arayışı verilmişdir. Bundan başqa iş materiallarında olan sənəndlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 841-842-ci məhəllə, G.Qədirbəyova küçəsi, 5; 2 girişli zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli, 17 (+texniki) mərtəbəli yaşayış binasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismara icazə sənədi verilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, baxmayaraq ki, iddiaçı qeyri-yaşayış sahəsinə münasibətdə mülki əqdə (alqı-satqı müqaviləsinə) və maliyyə arayışına malik olsa da, həmçinin yaşayış binasına münasibətdə istismara icazə sənədi verilsə də, hazırki əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması istisna olunur. Belə ki, iddia olunan qeyri-yaşayış sahəsi istismara icazə sənədində nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış əmlakın (qeyri-yaşayış sahəsi) mənzil kimi və ya qeyri-yaşayış sahəsi kimi istifadə imkanları, orada aparılmış rekonstruksiya işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmaması, başqa şəxslərin hüquq və manafelərinə istifadənin toxunub-toxunmaması, sahənin faktiki ölçüləri və s. aydınlaşdırılması məqsədi ilə tikinti texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən məlum olmuşdur ki: -Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binada yerləşən təqdim olunmuş qeyri-yaşayış sahəsinin ümumi sahəsi 128,5 kv.m təşkil edir, qeyriyaşayış sahəsi yaşayış binasının üçüncü mərtəbəsində yerləşir və həmin sahə qeyriyaşayış sahəsi kimi istifadə olunur. -Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı binada yerləşən təqdim olunmuş qeyri-yaşayış sahəsində təmir işləri aparılmış, arakəsmə divarlar inşa edilərək dəhliz və ayrı-ayrı otaqlar yaradılmışdır. Lakin sözügedən binanın təsdiq olunmuş layihə sənədləri təqdim olunmadığından görülmüş işlərin layihə sənədlərinə uyğun olubolmamasını, eləcə də həmin qeyri-yaşayış sahəsinin layihədə mənzillər üçün nəzərdə tutulmuş sahəyə və ya qeyri-yaşayış sahələri üçün nəzərdə tutulmuş sahəyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, faktiki vəziyyətdə təqdim olunmuş qeyri-sahəsinin aşağı mərtəbəsində olan sahə qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə qeyd etmək istəyir ki, cavabdehin mütəxəssisləri tərəfindən qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşməsi ilə bağlı mövqeyi irəli sürülsə də, ekspert rəyində qeyri-yaşayış sahəsinin üçüncü mərtəbədə yerləşdiyi göstərilmişdir. Nəzərə alınmalıdır ki, baxmayaraq ki, qeyri-yaşayış sahəsinin hansı mərtəbədə yerləşməsi ilə bağlı ziddiyyətli məqamlar aşkar olunsa da, bu məqamların aydınlaşdırılması məqsədi ilə əlavə məhkəmə ekspertizasının və ya yerində baxış kimi tədbirlərin görülməsinə zərurət yaranmamışdır. Belə ki, istər cavabdehin mütəxəssislərinin apardığı texniki baxış zamanı, istərsə də ekspertiza tədqiqatı zamanı mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin yaşayış binasının birinci mərtəbəsində yerləşmədiyi müəyyən olunmuşdur.Halbuki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaşayış binasına verilmiş istismara icazə sənədindən görünür ki, istismara icazə sənədində “qeyri-yaşayış” sahəsi kimi yalnız yaşayış binasının zirzəmisi və 2-ci səviyyəli 1-ci mərtəbəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyri-yaşayış sahəsinin hansı mərtəbədə yerləşməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində cavabdehin mövqeyi ilə desək ikinci mərtəbə, ekspert rəyində isə 3-cü mərtəbə göstərilməsinə münasibətdə hesab edir ki, burada əlavə araşdırmanın aparılmasına zərurət müəyyən edilmir. Belə ki, hər bir halda qeyri-yaşayış sahəsinin 1-ci mərtəbədə olmadığı aşkardır. Halbuki, istismara qəbul aktında qeyri-yaşayış sahəsinin konkret olaraq zirzəmi və 2-ci səviyyəli 1-ci mərtəbədə olması, digər mərtəbələrin isə yaşayış sahəsi olması konkret olaraq müəyyən edilib. Lakin, hər bir halda həm cavabdehin imtina əsası məhkəmə hesab edir ki, daha düzgündür. Belə ki, cavabdeh sahənin binanın ikinci mərtəbəsində yerləşdiyini qeyd edir. Ekspert isə pilləkən vasitəsi ilə qalxdıqda üçüncü mərtəbədə sağ tərəfdə əmlakın yerləşdiyi qənaətindədir. İlk baxışdan həmin məlumatlar ziddiyyətli kimi görünsə də, həmin mövqelər arasında ziddiyyətin olmaması qənaətindədir. Belə ki, istismara qəbul aktında da göstərildiyi kimi qeyri-yaşayış sahəsinin yerləşdiyi 1-ci mərtəbə adi birinci mərtəbə olmayıb 2-səviyyəli 1-ci mərtəbədir. Bu isə o deməkdir ki, həmin 1-ci mərtəbə hüquqi baxımından olmasa da, faktiki olaraq iki hissəyə ayrılaraq ayrı-ayrılıqda 2 mərtəbə kimi istifadə edilməsinə texniki imkanlara ölçü baxımından malik olmuşdur. Yəni adi bir mərtəbəli əmlakdan fərqli olaraq 2-ci səviyyəli 1-ci mərtəbə 2-mərtəbə kimi istifadə edilmə imkanına malik olmuşdur. Məhkəmənin qənaəti belədir ki, hazırkı halda da iddiaçının yerləşdiyi əmlak məhz həmin qeyri-yaşayış sahəsinin üstündə, yəni 2-ci səviyyəli 1-ci mərtəbənin üst mərtəbəsində, yəni 2-ci mərtəbədə olmuş, lakin pilləkənlə daxil olduqda onun girişi isə ekspertin də gördüyü kimi 3-cü mərtəbədə olması qənaətini ekspertdə formalaşdırmışdır. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin mövqeyi arasında hər hansı zidiyyət mövcud deyil. Həmin məlumatın səhv və ya düz olmasından asılı olmadan hər bir halda əmak 1-ci mərtəbədə yerləşmədiyindən bu hissədə əlavə ekspertizanın aparılmasına da zərurət müəyyən edilməmişdir. Məhkəmə ikinci imtina əsasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən qeyriyaşayış sahəsi ilə bağlı rekonstruksiya işləri aparılmış, arakəsmə divarlar inşa edilərək dəhliz və ayrı-ayrı otaqlar yaradılmışdır. Buna baxmayaraq, iddiaçı bu hərəkətlərin qanunvericiliyin tələbləri əsasında həyata keçirməsi ilə bağlı zəruri sənədləri təqdim etməmişdir. Halbuki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yenidənqurma işlərinin mexanizmini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Sadalanan maddi hüquq normalarının tələblərinə əsasən, əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri, başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir Göründüyü kimi, yenidənqurma işlərinin aparılması üçün əsaslar və sənədlərin əhatə dairəsi müəyyən edilsə də, iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı görülmüş işlərin layihə sənədlərinə uyğun olmasını təsdiq edən sənəd təqdim edə bilməmişdir. Məhkəmə üçüncü və dördüncü imtina əsaslarına münasibətdə bildirir ki, iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüyyənedici sənədə malik olmadığından, digər imtina əsasları üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov