Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10723/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikasının DİO-dan xaric olunmağı ilə əlaqədar attestasiya sənədlərinin, ona uyğun verilmiş əmrin etibarsız hesab edilərək ləğv edilməsi, əmək və pensiya hüquqlarının bərpa edilməsi, dəymiş maddi, mənəvi və fiziki ziyana görə ümumi olaraq 100 000 (yüz min) manat məbləğində kompensasiya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci ildə BDU-nun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında təyinatla müstəntiq vəzifəsində işləməyə başlamışdır. Axırıncı iş yeri Yasamal RPİ-nin azyaşlıların işləri üzrə inspeksiyanın inspektoru vəzifəsi olmuşdur. Barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildiyindən AR DİN-in rəhbərliyinə dəfələrlə müraciət edib əvvəlki işə bərpa olunmağını və DİO-dan xaric olunmağı barədə əmrin surətini və attestasiya sənədlərini tələb etməyinə baxmayaraq müsbət nəticə əldə edə bilməmişdir. İndiyədək də əmrin surətini ala bilməmişdir. DİO-dan xaric olmağına əsas olan attestasiya komissiyasının sənədlərini də iddiaçıya verməmişlər. Bəraətverici əsaslara görə barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq əmək kitabçasında bu faktı xidmət stajına aid etməmişdir. Bundan başqa həbsdən azad olduqdan sonra 1999cu ilin may ayına qədər müxtəlif müəssisələrdə işləmişdir. Qüvvədə olan Azərbacan Respublikası qanunvericiliyinin tələblərinə əsasən iddiaçının iştirakı olmadan «keçirilmiş» əsassız attessasiya sənədinə əsasən DİO-dan xaric olunmuşdur. Yasamal rayon prokurorluğunun qanunsuz qərarı ilə həbs olunmuş və məhkəmənin qanunsuz hökmü ilə məhkum olunmuşdur. İddiaçı əmək fəaliyyətinə xx.xx.1970-ci ildən başlamışdır. 1972- 1978-ci illərdə hüquq fakültəsinin tələbəsi olmuşdur. 1978-ci ildən 30 noyabr 1982-ci il tarixə qədər DİO-da xidmət etmişdir. 8 dekabr 1982-ci il tarixdə Yasamal rayon prokurorluğuna çağırılaraq həbs olunmuşdur. 09 fevral 1983-cü il tarixdə məhkəmənin hökmü ilə şərti cəza alıb sonradan həbs olunmuşdur. 10 aprel 1984-cü il tarixdən 20 aprel 1985-ci il tarixə qədər cəzaçəkmə müəssisəsində cəzanı çəkmişdir. 03 fevral 1986cı il tarixdən 04 may 1999-cu il tarixə qədər müxtəli təşkilat və müəssisələrdə müxtəlif işlərdə rəsmi işləmişdir. 1978-ci ildən 1999-cu il tarixə qədər əmək stajı bir neçə aylıq fasilələrlə 28 il təşkil edir. İddiaçının DİO-dan qanunsuz olaraq xaric olmağı ilə əlaqədar ona mənəvi, fiziki və maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 1106 nömrəli əmri ilə xx.xx.1978-ci il tarixdən Bakı şəhəri, Kirov Rayon İcraiyyə Komitəsinin Daxili işlər şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilmiş, cinayət işlərinin istintaqı zamanı səhlənkarlıq və süründürməçiliyə yol verdiyinə görə Bakı Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin xx.xx.1980-ci il tarixli, 487 nömrəli əmri ilə Oktyabr Rayon İcraiyyə Komitəsinin Daxili işlər şöbəsinin azyaşlıların işləri üzrə inspektor vəzifəsinə keçirilmişdir. 1981-ci ildə tutduğu vəzifəyə uyğun olmayan milis leytenantı İddiaçı xidməti fəaliyyətinə attestasiya qaydasında baxılmış və ona yol verdiyi nöqsanların aradan qaldırılması üçün 6 ay möhlət verilmiş, lakin o, verilmiş müddət ərzində müsbət nəticə çıxarmayaraq xidməti intizam qaydalarını pozmaqla, üzrsüz səbəblərdən xidmətə çıxmamaqla, rəhbərliklə mübahisəli vəziyyətlər yaratmaqla, həmkarlarına qarşı hörmətsizlik etməklə intizamsızlığını davam etdirdiyinə, eləcə də funksional vəzifələrini zəif bildiyinə görə, 1982-ci ilin 8 ayının nəticələri ilə təhkim olunduğu inzibati ərazidə yetkinlik yaşına çatmayanlar tərəfindən bir neçə mənzil oğurluğunun baş verməsini nəzərə alaraq Müvəqqəti Təlimatın 67-ci maddəsinin “D” bəndinə (attestasiya qaydasında xidmətə müvafiq olmadığına görə) əsasən Bakı İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin xx.xx.1982-ci il tarixli, 671 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, onun xidmət müddəti təqvimi hesablama ilə - 04 il, 01 ay, 00 gün təşkil etmişdir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Göstərilənlər baxımından vətəndaş İddiaçı iddiasının rədd olunması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclaısnda iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək dəymiş maddi, mənəvi və fiziki ziyana görə ümumi olaraq 100.000 (yüz min) manat məbləğində kompensasiya verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi onun DİO-dan xaric olunması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı 1978-ci ildən 30 noyabr 1982-ci il tarixə qədər DİO-da xidmət etdiyini, 8 dekabr 1982-ci il tarixdə həbs edildiyini, 10 aprel 1984-cü il tarixdən 20 aprel 1985-ci il tarixə qədər cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, lakin bu zaman DİO-dan xidmətdən xaric olunmasının əsası olan- attestasiya qaydasında xidmətə müvafiq olmadığına görə xaric edilməsinin qanunsuz olduğunu, bununla da keçən bu müddət ərzində ona mənəvi, fiziki və maddi ziyan dəydiyini iddia edir. İş materiallarından, iddiaçıya aid əmək kitabçasından görünür ki, iddiaçının DİOdan xaric olunmağı ilə bağlı xx.xx.1971-ci il tarixli əmək kitabçasında qeydlər edilmiş, xidmətdən azad olunması ilə bağlı xx.xx.1982-ci il tarixli 671 nömrəli əmrin tarixi və nömrəsi əmək kitabçasında bilavasitə göstərilmiş, iddiaçı DİO-dan azad olunduğu 1982ci ildən sonra xx.xx.1986-cı il tarixdə işləməyə başlamışdır. İddiaçı hazırkı iddiada DİOdan qanunsuz xaric olunduğunu iddia edərək ona dəymiş ziyanın ödənilməsini tələb edir. DİO-dan xaric olunmasının qanuni olub-olmamasının yoxlanılması isə bilavasitə həmin əmrin mübahisə predmeti qismində qiymətləndirilməsini tələb edir. Halbuki, iddiaçının işdən azad olunma barədə həmin əmrdən ən tezi azad olunduğu xx.xx.1982-ci ildən, ən geci isə əmək kitabçasını yeni iş yerində işəgötürənə təqdim etdiyi xx.xx.1986-cı il tarixdən mübahisələndirmək və pozulduğunu iddia etdiyi hüquqlarının bərpası istiqamətində hərəkət etmək imkanı olduğu halda əmək hüquqlarının müdafiəsi ilə bağlı hər hansı iddia qaldırmamışdır. Başqa sözlə, hazırkı halda dəymiş ziyanın ödənilməsi tələbi ziyanın vurulmasına səbəb olan hərəkətin-cavabdeh inzibati orqanın 30 noyabr 1982-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmadan qiymətləndirilməsi və bununla bağlı ziyanın dəyib-dəyməməsi müəyyən edilməsi mümkün deyildir. Bu zaman nəzərə alınır ki, xidmətdən xaric edilmə ilə bağlı xx.xx.1982-ci il tarixli əmrin 2022-ci ildə qüvvədə olan inzibati icraat qanunvericiliyinə əsasən yoxlanılması mümkün hesab olunmur. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM, əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10723/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10723/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver