Məhkəmə qərarları › İş №2-1(112)-10724/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10724/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10724/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxslər X3 qızı və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi, “mənzilə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və yeni ünvanın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Əsgər-X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 qızı və 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində cəlb edilməklə tələbinə dair iddiası üzrə inzibati işə 27 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi ev 8, 8 saylı mənzil “Azneftstroy” tikinti trestinin xx.xx.1953-cü il tarixli 114 №-li orderinə əsasən 6 nəfər ailə üzvü ilə birlikdə Əsgər-X15 istifadəsinə verilmişdir. Həmin mənzildə o və ailə üzvləri X9, X3 qızı, X20 oğlu, X19 oğlu, X10, X11 qızı və X7 yaşamışlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – ARDNŞ) 361 nömrəli xx.xx.2008-ci il tarixli əmri ilə; Həmin mənzilin 2 otağı 4 nəfər ailə üzvü ilə birlikdə X8; 1 otağı isə 3 nəfər ailə üzvü ilə İddiaçı (bundan sonra – iddiaçı) istifadəsinə verilməklə hər birinin adına şəxsi hesab vərəqəsinin açılması əmr edilmiş, hər birinin adına icarə müqaviləsinin bağlanması MKXD-nin 1 saylı MİS-ə tapşırılmışdır. X8 istifadəsinə verilmiş 2 otağına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilmiş, onun ölümündən sonra vərəsəlik qaydasında arvadı Əsgər-X2 adına keçmiş və hazırda onun mülkiyyətindədir. Həmin mənzillər eyni binada yerləşməklə ayrı-ayrı mənzillərdir. Əsgər-X2 mülkiyyətində olan 2 otaqlı mənzil binanın 1-ci blok, 4-cü mərtəbəsində, iddiaçının istifadəsində olan 1 otaqlı mənzil isə binanın 2-ci blok 5-ci mərtəbəsində yerləşir. İddiaçı istifadəsində olan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reystrindən çıxarış və yeni ünvanın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “... mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin razılıq ərizələri təqdim edilməmişdir...” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi ev 8, 8 saylı mənzilin ona verilmiş 15,65 kv.m olan 1 otağına mülkiyyət hüququnu dövlət reyestrində qeydə alınmaqla çıxarış və yeni ünvanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, mənzilin ona aid olan hissəsi ilə, Əsgər-zadələrə aid olan tamamilə ayrı mənzillərdir və ayrı-ayrı bloklarda yerləşir. 157 saylı MKİS tərəfindən verilmiş arayışda yaşayış yeri kimi ünvan 1 ünvanı göstərilmişdir. Bununla belə qeydiyyat ünvanı ünvan 2kı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, ev 8, mənzil 8-in ona verilmiş 15.65 kv.m olan 1 otağına çıxarış alınması, eyni zamanda Əsgərzadə Xuramana aid ünvanla ayırd etmək mümkün olsun deyə yeni ünvan verilməsidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Əsgər-X2 nümayəndəsi və vəkili təmsil etdiyi şəxsin mülkiyyətində olan mənzilə və ünvanına müdaxilə edilməmək şərti ilə iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxs 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi ev 8, 8 saylı mənzil “Azneftstroy” tikinti trestinin xx.xx.1953-cü il tarixli 114 № li orderinə əsasən 6 nəfər ailə üzvü ilə birlikdə Əsgər-X15 istifadəsinə verilmişdir. ARDNŞ-in 361 nömrəli xx.xx.2008-ci il tarixli əmri ilə həmin mənzilin 2 otağı 4 nəfər ailə üzvü ilə birlikdə X8, 1 otağı isə 3 nəfər ailə üzvü ilə iddiaçının istifadəsinə verilmişdir. X8 istifadəsinə verilmiş 2 otağına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilmiş, onun ölümündən sonra vərəsəlik qaydasında arvadı Əsgər-X2 adına keçmiş və hazırda onun mülkiyyətindədir. İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə həmin ünvanda yerləşən 1 otaqlı 15.65 kv.m mənzildə yaşayır (153 saylı MKİS-in arayışına əsasən 1977-ci ildən) və xx.xx.2003-cü ildən pasport qeydiyyatındadır (AR DİN Baş Pasport Qeydiyyat Miqariya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu). İddiaçının hazırkı tələbi qaldırmaqda hüquqi marağı, istifadəsində olan 15.65 kv.m, 1 otaqlı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə aldırmaqla, dövlət reyestrindən çıxarış və yeni ünvanın verilməsidir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim edilməməsi və mənzil hüququ olan 18 yaşına çatmış şəxslərin razılığının olmamasına istinad edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı tələbinin faktiki əsası kimi “Azneftstroy” tikinti trestinin xx.xx.1953-cü il tarixli 114 № li orderinə və ARDNŞ-in 361 nömrəli xx.xx.2008-ci il tarixli əmrinə istinad edir. Tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.11-ci maddələri təşkil edir. Həmin normalara görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahələri; 1) müvafiq icra hakimiyyəti orqanının (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanları) sərəncamı; 2) order; 3) və ya mənzil kirayəsi müqaviləsi ilə verilir və qeyd edilən hər üçün sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, hər üç sənəd birlikdə deyil, ayrı-ayrılıqda hüquqmüəyyənedici sənəd hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. İddiaçı mənzillə bağlı orderə və ARDNŞ-in əmrinə istinad edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə X9in həmin mənzillərə dair istinad etdiyi faktiki əsaslar eyni olmuş, lakin cavabdeh orqan A.Əsgər-zadənin mülkiyyət hüququnu qeydə almış, lakin iddiaçının müraciətini təmin etməkdən imtina etməklə bərabərlik prinsipini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Digər tərəfdən iddiaçı mənzilə dair order təqdim etməsinə baxmayaraq cavabdeh həmin sənədi nə üçün hüquqmüyyənedici sənəd kimi qəbul etməməsini əsaslandırmamış, formal olaraq qanunvericliyin maddələrini sadalayaraq iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ARDNŞ-in mənzillərin iddiaçının və A.Əsgərzadənin istifadəsinə verilməsinə dair əmri də Qanunun 8.0.11-ci maddəsində qeyd edilmiş order kimi qəbul edilməlidir. Belə ki, həmin mənzil ARDNŞ-in balansında olmuş, Şirkət mənzilə dair həmin əmrlə sərəncam verərək mənzilin faktiki olaraq istifadəsində olan şəxslərin sahələri və otaqları müəyyən edilərək mənzillərə dair hər iki şəxsin adına şəxsi hesab vərəqəsinin açılması və mənzil kirayə müqaviləsinin bağlanması əmr edilmişdir. Məhkəmə qeyd edir ki, mənzil barəsində sərəncam verilməsi haqqında sənəd, əmr formasında rəsmiləşdirilsə də, əslində həmin sənəd yaşayış sahələrinin verilməsinə dair qanunun məqsədi üçün nəzərdə tutulmuş orderə bərabərdir. Göründüyü kimi, cavabdehin imtina əsası kimi qeyd etdiyi birinci hal iş materiallarına əsasən öz təsdiqini tapmır. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi digər halla bağlı bildirir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini əlavə etməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının istifadəsində olan mənzildə iddiaçı, onun ailə üzvləri X10, Əsgər-zadə Elvira Saday qızı, X4 və X5 yaşayır. Aydan və Yusif Bədirbəylilər 18 yaşına çatmayan şəxslərdir. Məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrində X10 və Əsgər-zadə Elvira Saday qızı 1 otaqlı 15.65 kv.m mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi, cavabdehin imtina kimi qeyd etdiyi digər əsas da aradan qalxmışdır. Məhkəmə iddia tələbinin mənzilə yeni ünvan verilməsi ilə hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2 və 3.2.4-cü maddələrinə əsasən daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda daşınmaz əmlaka ünvan verilir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi ev 8, 8 saylı mənzilin İddiaçı verilmiş 15,65 kv.m olan 1 otağına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarış və yeni ünvanın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar