Məhkəmə qərarları › İş №2-1(112)-10726/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10726/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10726/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərara əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı (X49645660 nömrəli Pasport) ölkə ərazisində olması arzuolunmaz hesab edilmiş və onun ölkəyə gəlişinə 5 il müddətinə qadağan qoyulmuşdur, bu müddət bitənədək qadağanın aradan qaldırılması ilə bağlı əsaslar mövcud olmadığı halda daha 5 il müddətinə uzadılması qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, işin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin 01 may 2023-cü il tarixli Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi barədə Qərarı mübahisələndirir. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 16.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir: 16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə; 16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda; 16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə; 16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda; 16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; 16.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə; 16.3. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. 23.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər. 23.2. Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. 23.3. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir. 23.4. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. 23.5. Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanları bu barədə məlumatı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, habelə həmin şəxslər barəsində bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. Göründüyü kimi Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab olunur və onların qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüquqları olmur, ən əsası isə onların Azərbaycan Respublikasına gəlməklərinə qadağalar qoyulur. Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti, yox aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyəti dövlət orqanının məktubunu nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətməsinin müəyyən edilməsi aidiyyəti inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o,elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, qeyd edilən cümlədən görünür ki, ziyan vurma halı yox, məhz ziyan vurma halının mövcud ola biləcəyi formasında ifadədən istifadə edilmişdir ki, aidiyyəti səlahiyyətli qurum tərəfindən şəxs barəsində gəlinən milli təhlükəsizliyə təhdid törətməsi barədə mövqe qeyd olunan səbəblərdən də əsaslı qəbul edilir. Hazırkı iş üzrə də cavabdeh Miqrasiya Xidməti səlahiyyəti dövlət orqanının məktubunu nəzərə alaraq iddiaçını arzuolunmaz hesab etmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar