Məhkəmə qərarları › İş №2-1(112)-10733/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10733/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10733/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qanunsuz hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bakı şəhəri Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsi, ev 24, 2 saylı mənzilin yerləşdiyi binanın sökülməsi və yeni binanın inşası ilə sərəncamın icrasının qanunsuz hesab edilərək, cavabdeh Bakı şəhəri Cavabdeh1ndən maddi zərər olaraq 108500 manat kompenasiyanın iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının həyat yoldaşı X2 xüsusi mülkiyyətində olmuşdur. Həyat yoldaşı rəhmətə getdikdən sonra vərəsəlik ilə bağlı notariat kontoruna müraciət etmişdir, lakin həmin vaxt onlara məlum olmuşdur ki, qeyd olunan mənzil Bakı şəhəri Cavabdeh1 sərəncamı əsasında sökülmüş və yerində çoxmənzilli yaşayış binası inşa edilmişdir. Lakin əvvəlki yaşayış binası sökülən zaman mülkiyyətçi X2 razılığı olmamışdır. Halbuki mənzil kommunal istismar sahəsi və Cavabdeh1 qeyd olunan mənzilin mülkiyyətçisi barədə məlumatları olsa da, mülkiyyət hüquqlarının qorunması əksinə söküntüsü və bina inşası üçün sərəncam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edəərk tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və ReyestriPublik Hüquqi Şəxsinin çıxarışında qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 43.40 kv.m olan mənzil X2 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə **********52-05101-093002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2024-cü il tarixli 5-21/2 T-11-152/2024 nömrəli məktubunda qeyd olunur ki, qaldırdığınız məsələ Cavabdeh1 səlahiyyətləri xaricində olduğundan vət. İddiaçı xahişinin yerinə yetirilməsi mümkün deyil. Eyni zamanda bildirilir ki, vət. İddiaçı ilə "xxxx" MTK arasında olan mübahisəli məsələ mülki hüquq münasibətlərinin predmeti olduğundan həmin məsələnin həlli ilə əlaqədar "xxxx" MTK-ya və ya müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarına əlavə edilmiş Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 16 nömrəli məktubunda qeyd olunur ki, 40 saylı MKİS-nin xidməti ərazisində yerləşmiş B.Bağırov küçəsi 24 saylı bina bir mərtəbəli çoxmənzilli ümumi həyət evi olmuşdur. Bina 1995-1999-cu illərdə MTK-5 tərəfindən sökülərək yerində hündürmərtəbəli çoxmənzilli bina tikilmişdir. B.Bağırov 24 saylı binanın 2-ci mənzili MKİS-in ev kitabında qeydiyyat vəsiqəsi N 30/23660-li 1995-ci ildə şəxsi vərəqəsi X3 adma açılmış və 2 otaqlı 32.0 m-dən ibarət olmuşdur. MKİS-də MKT və vətəndaşlar arasında hansı formada müqavilənin bağlanması haqqında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 3- 52/2 T-63/3-071/3/2023 nömrəli məktubunda qeyd olunur ki, müraciətinizdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə sizə məlumat verilməsi üçün tərəfimizdən Yasamal İcra Hakimiyyətinə məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq Və Şəhərsalma Baş İdarəsi-nin xx.xx.2023-cü il tarixli 3-35-1 /2-T-683/2-36- 267/2023 nömrəli məktubunda qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Həmçinin bildirilir ki, Mülki Məcəllənin 150-ci maddəsinə əsasən daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********93 nömrəli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən mənzil 2 hal-hazırda X2 adınadır. Əlavə olaraq bildirilir ki, Mülki Məcəllənin 203-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materiallarına əlavə edilmiş Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli 48 nömrəli məktubunda qeyd olunur ki, Yasamal rayonu B.Bağırov 24 saylı bina 1995-1999-cu illərdə "xxxx" MTK tərəfindən sökülərək yerində çoxmənzilli hündürmərtəbəli bina tikilmişdir. İş materiallarına əlavə edilmiş Memarlıq Və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin xx.xx.1998-ci il tarixli 673 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamı(qərarı)nda qeyd olunur ki, 25 aprel 1999-cu il tarixində Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi Yasamal rayonu M.Muxtarov və B.Bağırovva küçələrinin kəsişməsi ərazisində 9 mərtəbəli 2 girişli yaşayış binası tikintisi, tikintisi başa çatmış vəziyyət qeydiyyatdan keçirilir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 2024-cü il iyul tarixində 3-52/-2794/2024 nömrəli məktubunda qeyd olunur ki, göstərilən ünvanda "xxxx" MTK tərəfindən söküntü, tikinti və digər işlərin aparılması üçün tələb olunan sənədlər toplusu (obyektin inşaat pasportu, sərəncam və s.) Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində olduğundan və adı çəkilən Baş idarə müvafiq arxiv sənədləri ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən, sorğunuzda qaldırılan məsələlərə dair məlumatın əldə olunması ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixində 5-21/2-1045/2024 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 24 saylı bina 1995-1999-cu illərdə "xxxx" MTK tərəfindən sökülərək yerində çoxmənzilli hündürmərtəbəli bina tikilmişdir. Eyni zamanda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən 24 saylı bina "xxxx" MTK tərəfindən sökülməsi ilə bağlı Rayon İcra Hakimiyyətində icraat materialları aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq Və Şəhərsalma Baş İdarəsi-nin xx.xx.2024-cü il tarixli 3-35-1 /2- 2214/2024 nömrəli məktubunda qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 3300 nömrəli tikinti işlərini aparmaq üçün icazə sənədinin təsdiq edilmiş surəti Sizə göndərilir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixində 3-52/2-3642/2024 nömrəli məktubu ilə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 673 nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Memarlıq İttifaqının xx.xx.1998-ci il tarixli qərarı 63 nömrəli məktubu nəzərə alınaraq Yasamal rayonu M.Muxtarova və B.Bağırova küçələrinin kəsişməsi ərazidə yerləşən yaşayış evlərinin sökülməsi və sakinlərin köçürülməsi şərti ilə yaşayış binası layihələndirilməsi və tikintisi üçün 0.34 ha torpaq sahəsi ayrılması və Bakı şəhər Tikinti və Şəhər İnkişafı Departamentinə Azərbaycan Respublikasının Memarlar İttifaqı ilə müvafiq qaydada müqavilə bağlanmasının tapşırılması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 2 X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 673 nömrəli sərəncamı ilə Yasamal rayonu M.Muxtarova və B.Bağırova küçələrinin kəsişməsi ərazidə yerləşən ərazidə yaşayış binası layihələndirilməsi və tikintisi üçün "xxxx" MTK-ya yaşayış evlərinin sökülməsi və sakinlərin köçürülməsi şərti ilə 0.34 ha torpaq sahəsi ayrılmışdır. Mərhumun adına qeydiyyata alınmış mənzilin yerləşdiyi 24 saylı bina 1995-1999-cu illərdə MTK tərəfindən sökülərək yerində çoxmənzilli hündürmərtəbəli bina tikilmişdir. Hazırkı iddiasında iddiaçı binanın sökülməsi və inşası ilə bağlı sərəncamın, bilavasitə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 673 nömrəli sərəncamının qanunsuz hesab edilməsi və Cavabdeh1ndən söküntü ilə bağlı maddi zərərin ödənilməsini mübahisələndirir. Hazırkı işdən görünür ki, iddiaçı cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixdə qəbul etdiyi sərəncamını xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 1998-ci il tarixli sərəncamı qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Bundan əlavə məhkəmə mübahisələndirilən inzibati aktla bağlı xx.xx.2011-ci ildən qüvvəyə minmiş X1 tələbləri baxımından qiymətləndirmə aparmağı zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçının iddiası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 673 saylı sərəncamın etibarsız hesab edilməsi barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. İddianın faktiki əsasları qərarın etibarsızlığına deyil, üçüncü şəxs barəsində qəbul edilmiş əliverişli inzibati aktın ləğvinə uyğundur və iddiaçı prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda qərarın etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi sərəncamın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qaldırmış, müvafiq sərəncam qəbul edildiyi vaxtdan 26 il keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İddia tələbinin zərərin ödənilməsi hissəsində də məhkəmə iddianın mümkünlük şərtlərinə cavab vermədiyi qənaətindədir. Belə ki, İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi 24 saylı evin 2 saylı mənzilinin sökülməsinə əsas nə cavabdeh qismində qoyduğu Cavabdeh1 sərəncamı olmuş, nə də torpaqayıran Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixdə qəbul etdiyi sərəncamı ilə Cavabdeh1 üzərinə söküntü ilə bağlı vəzifə qoyulmuş, sonuncu tərəfindən belə bir vəzifə icra edildiyi müəyyən olunmamışdır. İşin hallarından müəyyən olunur ki, sözügedən ərazidə söküntü işlərinin aparılması bilavasitə yaşayış evlərinin sökülməsi və sakinlərin köçürülməsi şərti ilə "xxxx" MTK-ya həvalə edilmiş və bina həmin hüquqi şəxs tərəfindən sökülmüşdür. İddiaçı hüquqi marağına uyğun olaraq söküntü nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə bağlı MTK-ya qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmalı olduğu halda mübahisə ilə cavadehliyi olmayan yerli icra hakimiyyətinə qarşı inzibati məhkəmə icraatında iddia irəli sürmüşdür. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərii ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qanunsuz hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar