Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10735/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın müvafiq bəndinə dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli 107 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 107 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamın 1-ci bəndinə dəyişiklik edilərək, “icarə əsasında” sözlərinin çıxarılması, 3-cü bəndin çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisindəki yerquruluşu planında göstərilmiş koordinatlar daxilində yerləşən kotec tipli tikililərin inşa edilməsi məqsədi ilə ayrılmış 0,24 hektar torpaq sahəsinin hüquqi rejiminin İddiaçı daimi istifadə hüququ əsasında müəyyən edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 107 saylı 21 may 2020-ci il tarixli sərəncamı ilə onunla Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsinə 1587 saylı, 11 iyun 2020-ci il tarixli kotec tipli tikililərin inşası üçün torpaq icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinə aralarında bağlanmış 1587 saylı, 11 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 3-52/2-İ-22-091/2023 saylı 12 aprel 2023-cü il tarixli cavabı ilə aralarında bağlanmış müqaviləyə xitam verilməsi barədə müraciətinə imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə xitam verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş əsaslar və yaxud sözügedən məsələyə dair müvafiq məhkəmə instansiyasının hüquqi mövqeyini özündə əks etdirən qanuni qüvvəyə minmiş qərarı təqdim edilməlidir. Buna görə də, sözügedən müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etdiyindən, cavabdeh gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən 0,24 hektar torpaq sahəsinin kottec tipli tikililərin məqsədi ilə İddiaçı istifadəsinə verilməsinə dair rəy bildirilməsi barədə xx.xx.2020-ci tarixli 7-3037/7 nömrəli müraciətə baxılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin məktubuna qoşma edilmiş cizgi üzrə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə İddiaçı istifadəsinə verilməsinə etiraz etmirlər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış **********92 saylı, xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən 0,24 hektar torpaq sahəsinin kottec tipli tikililərin inşa edilməsi məqsədilə icarə əsasında İddiaçı ayrılmasına rəy bildirilməsi barədə xx.xx.2020-ci il tarixli 7-3037/7 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar komitənin müvafiq qurumu tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüləri və naturada yeri müəyyənləşdirilmiş 0,24 hektar torpaq sahəsinə dair müvafiq yerquruluşu planı tərtib edilmişdir. Tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,24 hektar torpaq sahəsinin kottec tipli tikililərin inşa edilməsi məqsədilə icarə əsasında İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılmasına etiraz etmirlər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Kottec tipli tikililərin inşa edilməsi məqsədilə torpaq sahəsinin icarə əsasında vətəndaş İddiaçı istifadəsinə verilməsi haqqında” 107 №-li, xx.xx.2020-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində, yerquruluşu planında göstərilmiş koordinatlar daxilində yerləşən 0,24 ha torpaq sahəsi kottec tipli tikililərin inşa edilməsi məqsədilə vətəndaş İddiaçı icarə əsasında İstifadəsinə verilməsi qərara alınmışdır (1-ci bənd). Torpaq sahəsinin icarəyə verilməsi haqqında 15877 №-li, xx.xx.2020-ci il tarixli “Torpaq icarə” müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti “İcarəyəverən” ilə İddiaçı “İcarəçi” arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 107 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndində əsasən “İcarəyə verən” icarə əsasında sahəsi 2400 (iki min dörd yüz) kv. m. olan torpaq sahəsini gələcəkdə “Sahə” adlandırılacaq ərazini “İcarəçi”yə 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir. İcarəçi isə onu qəbul edir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən icarə əsasında verilmiş 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 931,2 kv. m. qeyri yaşayış binası xx.xx.2020-ci tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində 92 nömrəli reyestr kitabının 8771 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 107 saylı xx.xx.2020-ci il tarixli sərəncamında dəyişiklik edilməsini məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı işin faktiki hallarına əsasən isə müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 107 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının 1-ci bəndinə dəyişiklik edilərək “icarə əsasında” sözlərinin çıxarılması, 3-cü bəndin çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisindəki yerquruluşu planında göstərilmiş koordinatlar daxilində yerləşən kotec tipli tikililərin inşa edilməsi məqsədi ilə ayrılmış 0,24 hektar torpaq sahəsinin hüquqi rejiminin İddiaçı daimi istifadə hüququ əsasında müəyyən edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. İddiaçının hazırki iddia ərizəsndən müəyyən olunur ki, iddiaçı hazırda mübahisələndirdiyi (dəyişiklik edilməsini tələb etdiyi) 21 may 2020-ci il tarixli 107 saylı sərəncamı rəsmi qaydada 11 iyun 2020-ci ildə aldığı müəyyən olunur, belə ki, İddiaçı iradə ifadəsini bildirərək, həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə xx.xx.2020-ci il tarixdə 1587 №-li Torpaq icarə müqaviləsi bağlamışdır. İPM-nin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilə İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 107 №-li xx.xx.2020-cı il tarixli sərəncamına (sərəncamın surəti iddia ərizəsinə əlavə olunmuşdur) dəyişiklik olunması barədə iddiaçının iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə sürətli poçta təqdim olunmuş və həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın müvafiq bəndinə dəyişiklik edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Mübahisələndirilən sərəncamın qəbul edilməsindən (iddiaçıya məlum olmasından) 3 (üç) ildən artıq bir müddət keçdiyi üçün İPM-nin 24.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Məcəllənin 13-cü maddəsinə əsasən ona hüquqi yardım göstərilməklə, müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sərəncama dəyişiklik olunması barədə iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın müvafiq bəndinə dəyişiklik edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10735/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10735/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver