Məhkəmə qərarları › İş №2-1(112)-10743/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10743/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10743/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin əmək stajına daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.1956-cı il tarixdə Zəngilan rayonu, Şəfibəyli kəndində anadan olmuşdur. 1977-ci il tarixdə V.İ.Lenin adına X5 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1981-ci il tarixdə fizika ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmişdir. Təqaüd almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin X2 üzrə Mərkəzi Filialına müraciət etsə də, bununla bağlı ona imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, əmək kitabçasının surətindən məlum olur ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranması bildirilmiş və buna görə də iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı bildirir ki, heç yerdə işləmir, pensiya yaşına çatan insandır və hazırda ancaq pensiya ilə tələbatlarını ödəyə bilər. Lakin onun yetərincə, yəni 40 il stajı var. xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmişdir. Arxiv sənədləri Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməməsi iddiaçını təqaüd hüququndan məhrum edir. Ona əmək kitabçası verən orqan dövlət orqanıdır, həmin əmək kitabçasını iddiaçı yazmamış, nə də saxta möhürü yoxdur. Əgər lazım olsa, bu barədə ekspertiza da təyin edilə bilər. Həmin işlədiyi illər iddiaçının əmək kitabçasında möhürlənərək təsdiq olunmuşdur. Həmin dövrdə arxiv sənədlərinin harasa verilibverilməməsi isə iddiaçının günahı deyildir. Bu da onu göstərir ki, təqaüdə çıxması üçün yetərli əmək stajı vardır. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsində xx.xx.2022-ci il tarixli qərar ilə iddası təmin edilməmişdir. İddianın təmin edilməməsinə səbəb isə Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində nə vaxtdan işləməsini və ya azad edilməsini təsdiq edən hər-hansı bir sənəd və ya həmin faktı təsdiq edən məhkəmə qətnaməsinin təqdim olunmaması olmuşdur. Hazırda iddiaçı həqiqətən də xx.xx.19981-ci il tarxdən 29 oktyabr 1993-cü ilə kimi yəni Zəngilan rayonu işğal edilənədək Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim işləməsini təsdiq Zəngilan rayon Təhsil şöbəsinin xx.xx.2025-ci il tarixli 3-29- 33/2-344 arayışını əldə etmişdir. Göründüyü kimi, hazırkı mübahisə inzibati mübahisə olduğu üçün inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaya dair yazılı münasibətdə (vəsatətdə) bildirilmişdir ki, İddiaçı iddia ərizəsi ilə təkrar məhkəmə müraciət edərək əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd edilir ki, İddiaçı hazırkı işdə olan eyni tələblə bağlı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(118)-557/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 7232/2023 nömrəli qərarları ilə iddia tələbi təmin edilməmişdir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qeyd olunan maddəyə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80% artırılması xx.xx.2017-ci il tarixdən sonra pensiya hüququ yaranan şəxslərə şamil edilir. xx.xx.2006cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya sığorta kapitalı 80% artırırlır. Eyni zamanda Qanunun 1.0.8ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi (xx.xx.2017-ci il tarixdən hazıradək)əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Məlumat üçün bildiririk ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə 3-17-1/2-H-59794/2023 nömrəli qərarla avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına- 65 yaşına çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil dövrü, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə kimi faktiki sığorta stajı 17 il 1 ay olduğu üçün, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmışdır. İddiaçı sonradan inzibati orqana müraciət edərək, onun xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmış və Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli monitorinqinin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1981 -ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayon Səfibəyli kənd orta məktəbinin arxiv sənədləri işğal altında qaldığı üçün sözügedən dövrün araşdırılması mümkün olmadığından sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının hazırkı tələblə bağlı iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğu halda, eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünülüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, əvvəlki məhkəmə araşdırması dövründə X4 Təhsil İdarəsinin arayışını işə baxan məhkəməyə təqdim etməmişdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş vəsatətə uyğun məzmunda izahat verərək tələbin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının məqsədi mahiyyət etibarilə Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyini bildirdiyi xx.xx.1981-xx.xx.1994cü illər arasındakı dövrün əmək stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. Buna baxmayaraq, iddiaçı hüquqi marağına uyğun əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, bu iddianın uğurlu olması belə, iddiaçının hüquqi marağına çatması ilə nəticələnməyəcəkdir. Lakin iddia tələbinin iddiaçının hüquqi marağına münasib qaydada dəyişdirilməsi belə, iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün əsas vermir. Belə ki, iddiaçı həmin tələblə əvvəllər məhkəməyə müraciət etmiş və məsələyə hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin (hakim: H.Ağalarov) xx.xx.2023-cü il tarixli, 2-1(112)-7232/2023 nömrəli qərarından görünür ki, iddiaçının hazırkı cavabdehə qarşı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması barədə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qərar yuxarı instansiya məhkəməsində mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. İddiaçı hazırkı tələbi üzrə hər hansı yeni sənədə istinad etməmiş və X4 Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli arayışını məhkəməyə təqdim etmişdir. Hansı ki, yuxarıda qeyd edilən əvvəlki inzibati işə baxılarkən də iddiaçı həmin İdarə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli eyni məzmunlu arayışı məhkəməyə təqdim etmiş və sözügedən arayış Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7232/2023 nömrəli qərarında digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Göründüyü kimi, iddiaçı hüquqi marağını ifadə edən iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini mübahisələndirmiş və bununla bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə olan halda cavabdehə qarşı eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eyni iddiaya yenidən baxılması mümkün sayıla bilməz. Yuxarıda istinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar