Məhkəmə qərarları › İş №2-1(112)-10744/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10744/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10744/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilən məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 980.87 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyatı üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və İİİ şəxs qismində cəlb edilən Maliyyə Nazirliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda şəxsi hesab vərəqəsində 980.87 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlilər Baş İdarəsinə müraciət edilmişdir. İddiaçı tərəfindən həmin göstərilən artıq ödəmə mələğini geri qaytarılması barədə vergi orqanına Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edilmişdir. Lakin vergi orqanı tərəfindən ona rəyin verilməsi təmin edilməmiş və bu barədə vergi orqanı tərəfindən imtina məktubu ünvanlanmışdır. İmtinanın əsası kimi şəxsi hesab vərəqəmdəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə; Əlavə dəyər vergisi; 2022-ci il üzrə; Gəlir vergisi; və 2022-ci ilin üçüncü rübü üzrə; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat); bəyannamələrinin təqdim edilmədiyinin müəyyən edildiyi qeyd edilmişdir. Odur ki, şəxsi hesab vərəqəsində yaranmış 980.87 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək artıq ödənilmiş 980.87 manat məbləğin və xx.xx.2023-cü il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin əsas fəaliyyət növü şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi olduğu və xx.xx.2023-cü il tarixli fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarixədək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Hazırki dövrə vergi ödəyicisində xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ay üçün əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış məbləğin azalması (KYB-nın ləğv olunması) nəticəsində 980,87 manat artıq ödəmə məbləği yaranmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə "Əlavə dəyər vergisi", 2022-ci il üzrə "Gəlir vergisi" və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələri təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü ildə Artıq ödənilmiş məbləğin geri qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət olunmuşdur. xx.xx.2023-cü il (AVİS **********975100) tarixli cavab məktubunda şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və təqdim edilməli bəyannamələr təqdim edildikdən sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxılacağı bildirilsə də vergi ödəyicisi tərəfindən qeyd olunan bəyannamələrtəqdim edilməmişdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Həmçinin, Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qaydaların 4.1.1-ci bəndində deyilir ki, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X2 Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək vergilər, faizlər və maliyyə sanksiyaları üzrə xx.xx.2022-ci il tarixinə yaranmış cəmi 980,87 (doqquz yüz səksən manat səksən yeddi qəpik) artıq ödəmənin qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X3 müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli Artıq ödənilmiş məbləğin geri qaytarılması barədə məktubunda bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001 -ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş " Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Müraciətinizin araşdırılması zamanı, Sizin şəxsi hesab vərəqənizdəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə “Əlavə dəyər vergisi”, 2022-ci il üzrə “Gəlir vergisi” və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələrinin təqdim edilmədiyi müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.1 -ci maddəsinə əsasən vaxtında təqdim olunmamış vergi bəyannaməsinə görə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əlaqəli məlumata əsasən əlavə vergi məbləği hesablana bilər. Qeyd olunan hallarla bağlı təqdim edilməli bəyannamələr təqdim edildikdən sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciətiniz əsasinda baxıla bilər. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İnzibati icraat materialları ilə təqdim olunmuş İddiaçı (VÖEN: **********) xx.xx.2023cü il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, əhatə etdiyi dövr - , saldo: 183,13, hesablanılmışdır: 47.165,64, ödənilmişdir: 4.439,93, qaytarılmışdır: 0.00, azaldılmışdır: 43.545,57, faiz saldo: 0,00, çap tarixinə faiz borcu: 0,00, kameral yoxlanılmalı məbləğ: 0,00, əhatə etdiyi dövrün son tarixinə saldo: 980,87, çap tarixinə saldo: 980,87, cəmi ödənməli borc: 0,00, vaxtı ötmüş borc: 0,00, vaxtı ötmüş artıq ödəmə: 0,00, vergi üzrə möhlət verilmişdir: 0,00, sosial üzrə bölüşdürülməmiş ödənişlər: 0,00, sosial üzrə möhlət verilmişdir 0,00. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. -24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. -87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: -3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. -4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.5-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. İş üzrə təqdim olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, çap tarixinə (xx.xx.2023-cü il) saldo 980,78 manat təşkil edir. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən Vergi Məcəlləsinin 85.5ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş 980,78 manat məbləğində artıq ödəməsi vardır. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ay üçün əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış məbləğin azalması (KYB-nın ləğv olunması) nəticəsində 980,87 manat artıq ödəmə məbləği yaranmışdır. Cavabdehin hazırkı artıq ödənilmiş məbləğin geri qaytarılmaması əsası kimi 2022ci ilin iyun, iyul və avqust ayları üzrə "Əlavə dəyər vergisi", 2022-ci il üzrə "Gəlir vergisi" və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələrinin təqdim etmədiyinə istinad etmişdir. İşin hallarından görünür ki, iddiaçının artıq ödəməsi xx.xx.2018-ci il tarixdən yaranmış, iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək artıq ödənilmiş məbləğin qaytarılmasını xahiş etmişdir. İddiaçının müvafiq vergi bəyannamələri təqdim etməməsi cavabdehin mübahisələndirilən dövrlə bağlı əlavə vergi məbləği hesablamasına mane olmadığı kimi, iddiaçının xx.xx.2023-xx.xx.2026-cı il tarixədək fəaliyyətini dayandırdığı halda 2018-ci ildən yaranmış artıq ödəmənin 05 il tələbetmə müddəti keçmədən ona geri qaytarılmasını tələb etmək hüququna da təsir etmir. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanına 0,1 faiz məbləğində faiz tətbiq edilməsini nəzərdə tutumuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 980.87 manat vəsaitin 0,1 faizi əlavə olaraq ödənilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 980.87 manat məbləğin və xx.xx.2023-cü il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 980.78 (doqquz yüz səksən manat yetmiş səkkiz qəpik) manat məbləğin və xx.xx.2023-cü il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar