Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10748/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları
1. İddiaçı1 ərizə ilə cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, gəlini İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, ev 31 ünvanında yerləşən 15 saylı mənzil üzrə qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ailə üzvü olan İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, ev 31, mənzil 15 ünvanına qeydiyyata alınması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı ünvana, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericilkdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi halda məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir.
3. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, ev 31, mənzil 15 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
4. Daha sonra İddiaçı1 məhkəməyə ərizə təqdim edərək, iş üzrə onun iddiaçı qismində prosessual iştirakına xitam verilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Tərəflərin əsaslandırması
5. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 ailəsi ilə birgə Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, ev 31, mənzil 15 ünvanda yaşayır və həmin ünvanda da qeydiyyatdadır. Lakin gəlini İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, ev 31, mənzil 15 ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvanda yaşadığı üçün həmin evə qeydiyyata düşmək istəyir. Bu məqsədlə o, ərizə ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli, 3-13-47/2-Q-14029/11 saylı məktubla imina etmişdir. İmtina məktubu ilə bildirilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir.
6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 10.Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 11.İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 12.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 13.Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
14. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
15. Bununla yanaşı, işdə olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 149 saylı Mənzil-Kommunal İstismar sahəsində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 31, 15 saylı mənzillə bağlı İddiaçı1 adına xx.xx.2014-cü il tarixli kirayə müqaviləsi bağlanmışdır. Mənzil kirayəsi və məişət tullantıları haqqını ödəmək üçün məlumat vərəqində İddiaçı1 adı qeyd edilmişdir. Sorğuda sözügedən bina Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01 nömrəli, xx.xx.2022-ci il tarixli Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin strukturunda və dislokasiyasında qismən dəyişikliklər edilməsi haqqında sərəncama əsasən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansından çıxarılaraq Səbail rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. 149 saylı MKİS-nin xidmət dairəsində saxlanılmışdır və həmin MKİSdə Səbail rayon MKTB-nin tabeçiliyinə verilmişdir. Hazırda Ö.F.Nemanzadə küçəsi, ev 31 Səbail rayonu MKTB-nın balansındadır və 149 saylı MKİS-nin xidməti dairəsindədir, dövlət mənzil fonduna aiddir. 16.149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 188 nömrəli, 31 avqust 2023-cü il tarixli arayışında görünür ki, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 31, mənzil 15 ünvanı haqqında 149 saylı MKİS-də olan mövcud sənədlərə əsasən mənzil kirayəsi və məişət tullantıları haqqını ödəmək üçün olan məlumat vərəqi İddiaçı1 adınadır, göstərilən ünvanda xx.xx.2014-cü il tarixindən İddiaçı1 adına kirayə müqaviləsi bağlanmışdır. Ö.F.Nemanzadə küçəsi, ev 31, mənzil 15 ünvanında hazırda qeydiyyatda olan və olmayanların, yaşayan və yaşamayanların siyahısı təqdim edilmişdir: - İddiaçı1 (qeydiyyatdadır, yaşayır), X1 (qeydiyyatdadır, yaşayır), X2 (qeydiyyatdadır, yaşamır), X3 (qeydiyyatdadır, yaşayır), X4 (qeydiyyatdadır, yaşayır), İddiaçı2 (qeydiyyatsız, yaşayır). 17.İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-27015/2023 nömrəli məktubuna əsasən ünvan 3 ünvanında xx.xx.1998-ci il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdən hazıradək, xx.xx.1995-ci il təvəllüdlü X2 xx.xx.2014-cü il tarixdən hazıradək, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2014-cü il tarixdən hazıradək, xx.xx.1998-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdən hazıradək, xx.xx.1963-cü il təvəllüdlü X1 xx.xx.2014-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar.
18. İddiaçı hazırda ailə üzvlərinin qeydiyyatda olduğu 15 saylı mənzilə onun da qeydiyyata alınmasını xahiş edir.
19. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
20. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.
21. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
22. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır.
23. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı2 əri xx.xx.1998-ci il təvəllüdlü X3 və digər ailə üzvləri ilə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 31, 15 saylı mənzildə faktiki yaşasa da, özü həmin ünvanda qeydiyyatda deyildir.
24. İddiaçının yaşadığı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin mənzlin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi vardır, eyni zamanda iddiaçı ərinin yaxın qohumu (atası) İ.Qafarovla 149 saylı Mənzil-Kommunal İstismar sahəsi arasında bağlanmış xx.xx.2014-cü il tarixli kirayə müqaviləsini təqdim etmişdir.
25. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçının həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına münasibətdə əsassız hesab edir.
26. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”.
27. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır.
28. Belə olan halda hesab edilir ki, iddiaçının ailə üzvləri həmin ünvanda qeydiyyatda olduğu halda iddiaçının da ailə üzvləri ilə birgə faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdır.
29. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda iddiaçının qohumlarını həmin ünvana qeydiyyata almış, iddiaçının müraciətinə cavab olaraq isə mənzilin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. 30.İnzibati prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı: İddia təmin olunsun. İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 31 saylı evin 15 saylı mənzilinə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova