Məhkəmə qərarları › İş №2-1(112)-1075/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1075/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1075/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X10 və X9 işə cəlb edilməklə çıxarışın və plan-ölçünün verilməsinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Ləhiş bağ massivi ünvanında 1492 saylı bağ sahəsi 215566 saylı müddətsiz icarə müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyətinin İnkişafı və İstismarı Birliyi tərəfindən onun qanuni istifadəsinə verilmişdir. Bağın sənəd üzrə sahəsi 0,12 hektar təşkil edir. Torpaq sahəsi dörd tərəfdən hasar içərisində yerləşir və orada bir sıra abadlıq və ağacəkmə işləri aparmış və faktiki olaraq onun istifadəsi və sahibliyindədir. Sözügedən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Adı çəkilən İdarənin mütəxəssisiləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Lakin, 22 noyabr 2018-ci il tarixli **********52 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 1492 saylı bağ sahəsi üzərində hüquqların daşımaz dövlət reyestrində qeydiyyata alınması ilə bağlı təqdim edilmiş hüquqmüəyynedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.metr təşkil etsə də, faktiki olaraq 1451 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş icarə müqaviləsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır və müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Arxiv əsaslarında eyni nömrəli bağ eyni müqavilə ilə digər şəxsin adına mövcuddur və şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa elektron kadastr məlumalarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, eyni nömrəli bağ sahəsi öz həqiqi ərazisində qeydiyyatdan keçmişdir. Bu səbəblərdə ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və hüquqaziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü, 240.1-ci və 240.2-ci maddələrinə, Azərbaycan Respublikası 67-ci və 68-ci maddələrinə, İPM-in 68-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci və 13.7ci maddələrinə istinad edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən sahəsi 0,12 hektar təşkil edən 1492 saylı bağ sahəsini iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddiaya qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,12 hektar olan 1492 saylı bağ sahəsini iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq buna dair çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdıma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200.0 kv.metr təşkil etsə də, faktiki olaraq 1451.0 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş icarə müqaviləsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır və müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Arxiv əsaslarında eyni nömrəli bağ eyni müqavilə ilə digər şəxsin adına mövcuddur və şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa elektron kadastr məlumalarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, eyni nömrəli bağ sahəsi öz həqiqi ərazisində qeydiyyatdan keçmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya 22 noyabr 2018ci il tarixli, **********52 nömrəli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci, 67-ci, 68-ci, 109-cu və 111-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci, 8.0.7-ci, 9.1.2-ci və 23-cü maddələrinə maddələrinə əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-650/2019 saylı, 07.03.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sözügedən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(103)-204/2020 saylı, 06.02.2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-650/2019 saylı, 07 mart 2019-cu il tarixli qərarı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarında mübahisə ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki: - İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı müraciətinə cavabdeh DƏDRX 1s. Əİ-nin imtina məktubunda, eləcə də DƏDRX 1s. Əİ-nin məhkəməyə ünvanlanmış, iddiaya qarşı 27 fevral 2018-ci il tarixli «Etiraz» məktubunda iddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmaması və müqavilənin istifadəçi tərəfindən imzalanmaması, arxiv sənədləri əsasında eyni nömrəli bağın eyni müqavilə ilə digər şəxsin adına mövcud olması və şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması göstərilsə də, birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması baxımından əhəmiyyət kəsb edə bilən bu halları ilə heç bir araşdırma aparılmamış və bu hallara müvafiq hüquqi qiymət vrilməmişdir. Eyni zamanda cavabdehin həmin imtina məktubu və «Etiraz»ında elektron kadastr məlumalarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil etməsi barədə dəlili ilə əlaqədar hər-hansı araşdırma aparılmamışdır. - İşə apellyasiya instansiyasında baxılarkən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən isə görünür ki, iddiaçının iddia etdiyi Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsi 09 iyul 1999-cu ildə bağlanmış 21566 №-li müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 1492 saylı bağ sahəsi X6 icarəsinə verilmiş və həmin 1492 saylı bağ sahəsinə 07.07.2005-ci il tarixdə «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» verilmişdir. Bundan başqa, təqdim olunmuş sənədlərdən həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,189 hektar olan 1491 və 1492 saylı bağ sahələri X2 adına rəsmiləşdirilmiş və bu barədə ona 05.03.2018-ci il tarixdə «Torpaq sahəsinin plan və ölçüsü», 06.03.2018-ci il tarixdə isə Dövlət reyestrindən «Çıxarış» verilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdeh DƏDRX 1s. Əİ-nin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil edir və iddiaçının iddia etdiyi torpaq sahəsi 1392 saylı bağ sahəsinin ərazisidir və bu uyğunsuzluq barədə birinci instansiya məhkəməsinə məlumat verilməsinə baxmayaraq, işin bu halı ilə əlaqədar heç bir araşdırma aparılmamışdır. Bu səbəbdən də, X6 və X2 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsinə baxılması və yuxarıda göstərilən digər hallar nəzərə alınaraq, mübahisənin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş məhkəmə icraatının davam etdirilməsi üçün 1-ci instansiya məhkəməsinə göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqe nəzərə alınmaqla, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4934/2020 saylı, 01.10.2020-ci il tarixli qərardadı ilə X11 və X9 üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, hazırkı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1492 saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı müraciətinə DƏDRX Bakı şəhər Ərazi İdarəsində baxılmış və məsələ ilə bağlı ərizəçiyə aşağıdakı məzmunda imtina cavabı verilmişdir: - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 1492 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 31 oktyabr 2018-ci il tarixli ərizəyə baxılmışdır. Təqdim edilmiş hüquqmüəyynedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200.0 kv.metr təşkil etsə də, faktiki olaraq 1451.0 kv.metr torpaq sahəsi istifadə edilməkdədir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş icarə müqaviləsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır və müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Arxiv əsaslarında eyni nömrəli bağ eyni müqavilə ilə digər şəxsin adına mövcuddur və şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa elektron kadastr məlumalarına əsasən bağ sahəsinin yerləşməsi xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, eyni nömrəli bağ sahəsi öz həqiqi ərazisində qeydiyyatdan keçmişdir. Bu səbəblər də ərizənin icrası mümkün olmamışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Ləhiş bağ massivi ünvanında 1492 saylı bağ sahəsi 215566 saylı müddətsiz icarə müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyətinin İnkişafı və İstismarı Birliyi tərəfindən iddiaçının (İddiaçı) qanuni istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 14.06.2006cı il tarixli, 155 nömrəli sərəncamına əsasən X4 və İstismarı Birliyinin 12 iyun 2006-cı il tarixli, 112 nömrəli protokolu təsdiq edilərək, Şüvəlandakı 1492 nömrəli bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının iş üzrə verilmiş sorğusuna cavab olaraq cavabdeh DƏDRX 1s. Əİ tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin X4 və İstismarı Birliyi ilə X11 arasında 09 iyul 1999-cu ildə bağlanmış 21566 №-li müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,11 hektar olan 1492 saylı bağ sahəsi X6 icarəsinə verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən 07.07.2005-ci il tarixdə X6 adına Şüvəlan bağ massivində yerləşən sahəsi 0,096 hektar olan 1492 saylı bağ sahəsinə JN22518D KOD 00306016 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» verilmişdir. Bundan başqa, sorğuya cavab olaraq DƏDRX 1s. Əİ tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən həmçinin müəyyən olunur ki, X7 adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,189 hektar olan 1491 və 1492 saylı bağ sahələrinə JN-23211D KOD 00306016 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» verilmiş, sonradan AN-İ №0116157 saylı 13.04.2007-ci il tarixli «Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi»nə əsasən sözügedən 1491 və 1492 saylı bağ sahələri X12 tərəfindən X1, daha sonra isə həmin bağ sahələri 420493 saylı 16.02.2018-ci il tarixli «Daşınmaz əmlakın bağışlanması Müqaviləsi»nə əsasən X2 adına rəsmiləşdirilmiş və bu barədə ona 05.03.2018-ci il tarixdə «Torpaq sahəsiinin plan və ölçüsü», 06.03.2018-ci il tarixdə isə Dövlət reyestrindən «Çıxarış» verilmişdir. İşdə olan məhkəmənin “mütəxəssis rəyinin təqdim edilməsi barədə” 05 yanvar 2021-ci il tarixli, 2-1(112)-1075/2021 nömrəli müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, mütəxəssis qarşısında məhkəmə tərəfindən aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhər İcra Hakimiyyəti X4 və İstismarı Birliyi tərəfindən verilmiş 21566 nömrəli müqaviləyə əsasən İddiaçı ayrılmış, Şüvəlan ərazisində yerləşən, 0.12 ha ölçüdə, 1492 nömrəli bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil edib-etməməsi; İddiaçı iddia etdiyi 1492 nömrəli bağ sahəsi ilə hazırda daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 adına ********** qeydiyyat nömrəsi, 06.03.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmiş 1492 saylı bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi xahiş olunmuşdur. -Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir ki: mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 1455 kv m-dir. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış sxemlər tərtib edilmişdir (sxemlər əlavə edilir). Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün Bakı İnzibati Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 2- 1(112)-1075/2021 nömrəli məktubu ilə mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması məqsədi ilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı kimi cavablanmışdır: İddiaçı “Bakı şəhər İcra Hakimiyyəti X4 və İstismarı Birliyi tərəfindən verilmiş 21566 nömrəli müqaviləyə əsasən ayrılmış Şüvəlan ərazisindəki 0,12 ha olan 1492 nömrəli bağ sahəsi” kimi iddia etdiyi 0,1451 ha bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Bağın ərazisi mişar daşından hasarla iki hissəyə ayrılmışdır (bir hissədən digər hissəyə keçmək üçün qapı oyuğu qoyulmuşdur). Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Uyğun gələn yer isə İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsi eyni müqavilə ilə X8 adına mövcuddur və mülkiyyət hüququna dair şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məlumat üçün bildirmişlər ki, təqdim olunmuş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır və müqavilə istifadəçi (İddiaçı) tərəfindən imzalanmamışdır. Həmçinin bildirmişlər ki, İdarənin elektron baza məlumatlarına əsasən İddiaçı iddia etdiyi 1492 nömrəli bağ sahəsi ilə hazırda daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 adına ********** qeydiyyat nömrəsi, 06.03.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmiş 1491 və 1492 saylı bağ sahəsi üst-üstə düşmür. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-204/2020 nömrəli, 06.02.2020-ci il tarixli qərarında göstərilən hazırki mübahisə ilə bağlı hüquqi mövqeyini nəzərə alaraq, aparılmış məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının iddia etdiyi 1492 nömrəli bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sxematik xəritədə uyğun gələn yer isə idarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsi eyni müqavilə ilə X8 adına mövcuddur və mülkiyyət hüquqna dair şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, İddiaçı naturada iddia etdiyi 1492 nömrəli bağ sahəsi ilə hazırda daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 adına ********** qeydiyyat nömrəsi, 06.03.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmiş 1491 və 1492 saylı bağ sahəsi üst-üstə düşmür. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının faktiki istifadəsində olan, naturada iddia etdiyi bağ sahəsi mübahisəli deyil, həmin bağ sahəsinə hazırki iş üzrə 3-cü şəxslərin Kərimov (Əliyev) Azər Əli-Əsgər oğlunun və X2 hər-hansı bir iddiası mövcud deyil. Həmin bağ sahəsi ilə bağlı sxematik xəritədə uyğunsuzluq onun iradəsindən asılı şəkildə yaranmamışdır, eləcə də, bu uyğunsuzluq aradan qaldırılmaqla müvafiq rəsmiləşdirmə aparılması hazırkı cavabdehin vəzifələri sırasına daxildir. Bundan başqa, iddiaçının tələbi müvafiq ərazidəki 1.451 kv.m ölçüdə deyil, 1.200 kv.m ölçüdə bağ sahəsinin qeydiyyata alınması ilə bağlıdır, hansı ki, bağ icarə müqaviləsi ilə ona ayrılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmaması və müqavilənin istifadəçi tərəfindən imzalanmamasına gəldikdə isə, məhkəmə belə hesab edir ki, bunlar imtina üçün əsas ola bilməz, formal xarakterlidir. Eləcə də, torpaq sahəsinin yerləşmə mövqeyində uyğunsuzluq və eyni nömrə ilə başqa şəxsin adına bağ sahəsinin qeydiyyata alınması, iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqannın səlahiyyətləri daxilindədir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X13 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X13 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 17.06.2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”ndə aşağıdakılar qeyd olunmuşdur: - (1-ci bənd) bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; - (2-ci bənd) nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 fevral 2021-ci il tarixli, ********** saylı xidməti tapşırığına əsasən, Bakı İnzibati Məhkəməsinin icraatında olan 05.01.2021-ci ilt arixli, 2- 1(112)-1075/2021 saylı iş üzrə mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərclərinin 01/03/61 nömrəli smetasından görünür ki, tədqiqatının dəyəri 95 (doxsan beş) manatdır və iddiaçıdan 95 (doxsan beş) manat smeta xərci tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivindəki 0,12 ha ölçüdə 1492 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış tədqiqatının dəyəri 95 (doxsan beş) manat məbləğində pul İddiaçı “xxxx” MMC-nin (VÖEN **********, benefisiarın hesabı AZ23AİİB********************) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar