Məhkəmə qərarları › İş №2-1(112)-1075/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1075/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1075/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə hüququnun yarandığı tarixdən, yəni 01.07.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildə Şəki 43 nömrəli orta texniki peşə məktəbini elektrik-qaz qaynaqçısı ixtisası üzrə tam kursunu bitirmişdir. Həmin il hərbi xidmətini Sovet Ordusu sıralarında yerinə yetirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildən başlamışdır və müxtəlif idarə və təşkilatlarda elektrik qaynaqçısı işləmişdir. Bu fakt onun əmək kitabçasında və işlədiyi Ağdaş rayon “Müstəqil Dağlar” Kooperativindən və "xxxx" ASC-dən verilən arayışlarda öz əksini tapmışdır. Onun ümumilikdə 25 ildən çox əmək stajı vardır və bunun da hamısı (12 il 6 aydan çox hissəsi) zərərli sahədə işləməsi olmuşdur. O, güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Həmin orqan ərizəsinə 02.03.2021-ci ildə imtina məktubu ilə cavab verərək Ağdaş rayon “Müstəqil Dağlar” Kooperativinin sığortaolunan kimi qeydə alınmadığını və dövlətə məcburi dövlət sosial sığorta haqqı ödəmədiyini əsas gətirərərk həmin idaərdə işlədiyi iş illərini staj kimi qəbul etməmiş, həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Çünki onun iş yerində işlədiyi vaxt məcburi dövlət sosail sığorta borcunu ödəmək öhdəliyi olmamış, bu, onun işlədiyi müəssisənin vəzifəsidir, bundan əlavə onun pensiya vaxtı 2014-cü ildən yaşı 57 olduğu vaxtdan təyin edilməli idi, həmin vaxt da pensiya kapitalından söhbət gedə bilməzdi. Onun işlədiyi bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahının ümumi bölməsində bilavasitə nəzərdə tutulur və bu sahədə işləməsi ona 2014cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə təminat verir. İmtinanın 2-ci hissəsində qeyd edilən kapital məsələsinə gəlincə isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasinin Qanununun 9.8-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək staji olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir və əvvəllər qüvvədə olmuş qanunvericiliklə pensiya təyin edilirsə, pensiya kapitalı tələb edilmir. Göstərilənlərə əsasən cavabdehin üzərinə hüququnun yarandığı tarixdən, yəni 01.07.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 28 may 1979-cu il tarixli İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında 10.08.1996-15.12.2002-ci il tarixləri arasındakı dövr ərzində Ağdaş rayon “Müstəqil Dağlar” Kooperativində işlədiyi qeyd edilmişdir. İddiaçının adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 1 ay 2 gün) təşkil edir. Eyni zamanda, iddiaçının həmin müəssisədə işləməsi barədə əmək kitabçasına qeydlər sonradan edildiyinə görə əmək kitabçasının mötəbərliyinə şübhələr vardır. İddiaçının təqdim etdiyi əmək kitabçasının 14- 15-ci səhifələrinə əsasən iddiaçının "xxxx" ASC-də əmək fəaliyyətinə 01.12.2015-ci ildə xitam verildiyi qeyd edildiyinə baxmayaraq, əmək kitabçasının 16-17-ci səhifələrində onun 10.08.1996-cı il tarixdə “Müstəqil Dağlar” Kooperativində əmək fəaliyyətinə başladığı qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li gərarı ilə təsdig edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdig edilməsi gaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıgda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıgda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eyni zamanda iddiaçının əmək kitabçasının 14-15-ci səhifələrində olan həmin qeydlər kiril əlifbası ilə yazılmış, istifadə olunmuş möhürdəki qeydlər isə latın əlifbası ilə yazılmışdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. İstinad olunan qərara əsasən, 1992-ci il tarixdən etibarən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılmalı olduğu qeyd olunurdu. Bu da onu göstərir ki, latın qrafikalı əlifbanın bərpa olunmasına 1992-ci il tarixdən başlanılmışdır. Lakin 10.08.1996-cı il tarixdən 15.12.2002-cı il tarixədək iddiaçının işlədiyini iddia etdiyi dövrlərlə bağlı da mübahisəli məsələlər ondan ibarətdir ki, həmin dövrlər iddiaçının əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd olunmasına baxmayaraq, möhürlərdə latın qrafikalı əlifbadan istifadə olunmuşdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə 2 ədəd güzəştli arayışı əlavə etmişdir ki, 08 oktyabr 2019-cu il tarixli arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Çünki həmin arayışda iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməmişdir. Həmçinin, bu arayışı təqdim edən “Müstəqil dağlar” kooperativi DSMF-də sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi üçün, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilmir. İddiaçı 10 oktyabr 2019-cu il tarixli 1219 nömrəli arayış da təqdim etmişdir ki, bu arayış da iddiaçının güzəştli şərtlərlə işlədiyi peşənin eyniliyini müəyyən etməyə imkan vermir. Həmçinin, iddiaçının təqdim etdiyi 30 yanvar 2020-ci il tarixli arayış da güzəştli arayışlar üçün müəyyənləşdirilmiş tələblərə cavab vermir. Beləliklə, iddiaçının təqdim etdiyi 02 oktyabr 2019-cu il tarixli 1005/19 nömrəli arayışa əsasən onun güzəştli şərtlərlə sığorta stajı 3 il 8 ay 20 gün olmaqla tələb olunan stajdan (12 il 6 aydan) azdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 32000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19760,68 manat təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər pensiya kapitalı və ümumi sığorta stajı, eyni zamanda təqdim etdiyi güzəştli arayışa əsasən, kifayət qədər güzəştli şərtlərlə sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə məktub ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02.03.2021-ci il tarixli **********3 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 20 oktyabr 2020-ci il tarixli **********0 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətinizə baxaraq bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 28 may 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 10.08.1996-15.12.2002-ci il tarixləri arasındakı dövr ərzində Ağdaş rayon “Müstəqil Dağlar" Kooperativində işlədiyiniz qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrü Sizin iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən Sizin ümumi iş stajınız 25 ildən az (22 il 1 ay 2 gün) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 32000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19760,68 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan İddiaçı məxsus QZ seriyalı 043046 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 31.10.1976-cı ildən 15.12.1978-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-ixtisas təhsili müəssisəsi Şəki 1 nömrəli Peşə məktəbi tərəfindən verilmiş 182 nömrəli 11.10.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 1973-cü ildə Şəki şəhər 43 nömrəli OTPM-nin (indiki Şəki 1 №-li Peşə məktəbi) «elektrik qaz qaynaqçısı» qrupuna qəbul olunmuş, 1976-cı ildə həmin məktəbin «elektrik qaz qaynaqçısı» ixtisası üzrə bitirərək ona 4-cü dərəcəli 122034 nömrəli diplom verilmişdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi 27.07.1976-cı ildə verilmiş 122034 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1973-cü ildə Şəki 43 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 1976-cı ildə bu məktəbin tam kursunu bitirərək elektrik qaz qaynaqçısı peşəsi və ümumi orta təhsil almışdır, ona 4-cü dərəcə elektrik qaz qaynaqçısı ixtisası verilmişdir. İş materiallarında olan Melorasiya və su təsərrüfatı Komitəsi Hidrogeoloji meliorativ xidmət idarəsi Ağdaş rayon “Müstəqil Dağlar” Kooperativinin 08.10.2019-cu il tarixli 635 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 10.08.1996-cı il tarixdə, əmr № 21-lə Ağdaş rayon “Müstəqil Dağlar" Kooperativinə „Elektrik qaynaqçısı" işinə qəbul olunmuş və 15.12.2002-ci il tarixədək həmin Kooperativdə elektrik qaynaq işlərində işləmişdir. İş materiallarında olan X1 "xxxx" ASC-nin 02.10.2019-cu il tarixli 1005/19 saylı arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" ASC-də 12.03.2012-ci il tarixdən (əmr № iq-51) 01.12.2015-ci il tarixədək (əmr № ia-250) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. 09.01.2013-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİ-də "xxxx" ASC-nin adı dəyişdirilərək “X1 EVRASCON” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Hal-hazırda cəmiyyət “X1 EVRASCON” ASC adı ilə fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35 bölməsinə əsasən güzəştli əmək stajı 3 (üç) il 8 ay 20 gün. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 30.01.2020-ci il tarixli Ş-2 saylı məktubdan görünür ki, Azərbaycan SSR Aqrar Sənaye Komitəsi Bakı şəhəri “Azəraqrarsənayetikinti”-nin şəxsi heyət üzrə sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X8 Filialı tərəfindən iddiaçıya ünvanlanmış 10.10.2019-cu il tarixli 1219 saylı məktubdan görünür ki, Şəki şəhər 16 №-li Səyyar mexanikləşdirilmiş dəstənin işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 04.10.2021-cu il tarixli məktubdan görünür ki, dövlət reyestrində Dağlar Kooperativinin 15.05.1991-ci il tarixdə 09 qeydiyyat nömrəsi ilə Ağdaş rayonu üzrə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin kooperativ 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə X3 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2022-cu il tarixli 16/02-09 nömrəli məktubdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Hidrogeoloji-Meliorativ Xidməti İdarəsinin nəzdində Ağdaş rayon "X3" fəaliyyət göstərməmişdir. İdarənin İddiaçı adlı əməkdaşı olmamışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən məhkəməyə ünvanlanmış 04.04.2022-cu il tarixli 16/02-16 nömrəli məktubdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Hidrogeoloji-Meliorativ Xidməti İdarəsinin nəzdində Ağdaş rayon "X3" fəaliyyət göstərməmişdir. İdarənin İddiaçı adlı əməkdaşı olmamışdır. İş materiallarında olan İddiaçı məxsus 28.05.1979-cu il tarixli ST-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 31.10.1976-cı ildən 31.11.1978-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 23.05.1979-cu ildə “Tikintimexanikləşdirmə” Trestində 4-cü dərəcəli qazkəsiçi təyin edilmiş, 01.10.1981-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.02.1986-cı ildə elektrik qaynaqçısının 5-ci dərəcəsi verilmiş, 01.01.1987-ci ildə əmək haqqının yeni tarif şərtlərinə keçirilməsi ilə əlaqədar olaraq 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təsdiq edilmiş, 04.01.1988-ci ildə elektrik qaynaqçısının 6-cı dərəcəsi verilmiş, 29.02.1988-ci ildə işdən azad edilmiş, 11.05.1988-ci ildə Bakı şəhəri Azəraqrosənayetikintində 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 05.05.1991-ci ildə elektrik qaynaqçısının 6-cı dərəcəsi verilmiş, 15.03.1993-cü ildə işdən azad edilmişdir, 16.03.1993-cü ildə Şəki 16№-li SMD 6-cı dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, 27.03.1995-ci ildə işdən azad edilmişdir, 09.07.1996-cı ildə Şəki cins malqara müəssisəsi üzrə inşaat briqadasına fəhlə işinə qəbul edilmiş, 21.07.1996-cı ildə işdən azad edilmiş, 10.08.1996-cı ildə Ağdaş rayon “Müstəqil Dağlar” Kooperativində elektrik qaynaqçısı işinə qəbul edilmiş, 15.12.2002-ci ildə işdən azad edilmiş, 01.06.2009-cu ildə Hidrogeoloji Meliorativ Xidmət İdarəsində Alazan-Əyriçay dəstəsində 4-cü dərəcəli müşahidəçi vəzifəsinə işə qəbul edilmiş, 05.01.2010-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 12.03.2012-ci ildə "xxxx" ASC-nə müddətli əmək müqaviləsi ilə 4-cü dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilmiş, 09.01.2013-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİ-də "xxxx" ASC-nin adı dəyişdirilərək “X1 Evrascon” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır, 01.12.2015-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. İddiaçı 31.10.1976-cı ildən 15.12.1978-ci ilədək həqiqi hərbi xidmət keçmiş, 1973-1976-cı illərdə Şəki şəhər 43 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 28.05.1979-cu il tarixli ST-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 23.05.1979-cu ildə “Tikintimexanikləşdirmə” Trestində 4-cü dərəcəli qazkəsiçi təyin edilmiş, 01.10.1981-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.02.1986-cı ildə elektrik qaynaqçısının 5-ci dərəcəsi verilmiş, 01.01.1987-ci ildə əmək haqqının yeni tarif şərtlərinə keçirilməsi ilə əlaqədar olaraq 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təsdiq edilmiş, 04.01.1988-ci ildə elektrik qaynaqçısının 6-cı dərəcəsi verilmiş, 29.02.1988-ci ildə işdən azad edilmiş, 11.05.1988-ci ildə Bakı şəhəri Azəraqrosənayetikintində 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 05.05.1991-ci ildə elektrik qaynaqçısının 6-cı dərəcəsi verilmiş, 15.03.1993-cü ildə işdən azad edilmişdir, 16.03.1993-cü ildə Şəki 16№-li SMD 6-cı dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, 27.03.1995-ci ildə işdən azad edilmişdir, 09.07.1996-cı ildə Şəki cins malqara müəssisəsi üzrə inşaat briqadasına fəhlə işinə qəbul edilmiş, 21.07.1996-cı ildə işdən azad edilmiş, 10.08.1996-cı ildə Ağdaş rayon “Müstəqil Dağlar” Kooperativində elektrik qaynaqçısı işinə qəbul edilmiş, 15.12.2002-ci ildə işdən azad edilmiş, 01.06.2009-cu ildə Hidrogeoloji Meliorativ Xidmət İdarəsində Alazan-Əyriçay dəstəsində 4-cü dərəcəli müşahidəçi vəzifəsinə işə qəbul edilmiş, 05.01.2010-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 12.03.2012-ci ildə "xxxx" ASC-nə müddətli əmək müqaviləsi ilə 4-cü dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilmiş, 01.12.2015-ci ildə işdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş əmək kitabçasında iddiaçının 10.08.1996-cı ildən 15.12.2002-ci ilədək Ağdaş rayon “Müstəqil Dağlar” Kooperativində elektrik qaynaqçısı işldəiyi qeyd olunmuşdur. Lakin əmək kitabçasından görünür ki, həmin qeyd 01.12.2015-ci il tarixli qeyddən sonra yazılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 04.10.2021-cu il tarixli məktubdan görünür ki, reyestrdə X3 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Həmçinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2022-cu il tarixli və 04.04.2022-cu il tarixli məktublardan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Hidrogeoloji-Meliorativ Xidməti İdarəsinin nəzdində Ağdaş rayon "X3" fəaliyyət göstərməmişdir, İdarənin İddiaçı adlı əməkdaşı olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan dövr iddiaçının sığorta stajına daxil edilə bilməz. Həmin dövr istisna olmaqla, hərbi xidmət dövrü də daxil olmaqla iddiaçı 57 yaşının daxil olduğu 01.07.2014-cü ilədək (31.10.1976-15.12.1978, 23.05.1979-29.02.1988, 11.05.1988-15.03.1993, 16.03.1993-27.03.1995, 09.07.1996- 21.07.1996, 01.06.2009-05.01.2010, 12.03.2012-01.07.2014) 20 il 08 ay 17 gün ümumi sığorta stajına malikdir. Təhsil dövrü də daxil edilərsə, iddiaçının ümumi sığorta stajı 23 il 08 ay 17 gün təşkil edir. Göründüyü kimi, iddiaçı 57 yaşının daxil olduğu 01.07.2014-cü ilədək 25 ildən az ümumi sığorta stajına malikdir. Bu baxımdan onun 57 yaşının tamam olduğu tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar