Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10752/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “sürücülük hüququnun bərpa olunaraq yeni sürücülük vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““Azərbaycan Respublikası Prezidentinin bir sıra şəxslərin Əfv olunması haqqında” xx.xx.2018-ci il tarixli, 137 saylı Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunduğu üçün nəqliyyat vasitəsini idarə etmək hüququnun yenidən bərpa olunaraq yeni sürücülük vəsiqəsinin verilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, “Azərbaycan Respublikası Prezidentinin bir sıra şəxslərin əfv olunması haqqında” xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Buna görə də Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ona əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası da ləğv olunmuşdur. O, cavabdehə yeni sürücülük vəsiqəsi ilə bağlı müraciət etsə də onun nəqliyyat vasitəsini idarə etmək hüququnun bərpa edilməsindən əsassız şəkildə imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə də sürücülük vəsiqəsinin yenidən verilməsini xahiş etmişdir. Lakin yenə də müvafiq qurum tərəfindən müraciətinə cavab verilməmiş, bir sözlə imtina olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə əfv olunması haqqında” xx.xx.2018-ci il tarixli, 137 saylı sərəncamına əsasən xx.xx.2018-ci il tarixdə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad olunduqdan sonra 7 saylı X1 müəssisəsi tərəfindən onun barəsində olan Tovuz Rayon Məhkəməsinin 1(62)-29/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası icra olunmasından ötrü Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Əlavə cəzanın müddəti xx.xx.2018-ci il tarixdən hesablandığı üçün həmin cəza xx.xx.2020-ci il tarixdə başa çatmış və o, qeydiyyatdan çıxarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 1(62)-29/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş xx.xx.1977-ci il təvəllüdlü İddiaçı əlavə cəzası xx.xx.2020-ci il tarixdə başa çatdığı üçün məhkum qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 366-59445-3222 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının məhkumluğu yoxdur. Məhkəmənin 27 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən iddiaçıya hüquqi yardım göstərərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin sürücülük hüququ (sürücülük vəsiqəsi) əldə etmək üçün sürücülük imtahanına (müvafiq sənədlərlə birlikdə) buraxılmaq barədə inzibati orqana müraciət edilməsi olduğunu, müvafiq nəzəri və təcrübi imtahanlardan keçib yenidən sürücülük hüququ əldə edə biləcəyini izah etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək bildirmişdir ki, o əfv olunduğundan yol hərəkəti qaydaları üzrə nəzəri və təcrübi imtahanlarda iştirak etmədən onun sürücülük vəsiqəsi bərpa edilməlidir və məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. .İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 35-ci maddəsinin İİİ hissəsinə əsasən sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı cinayət qanunvericiliyinə əsasən barəsində olan hökmlə məhkum olunmuş, ona təyin edilmiş əsas cəzanın çəkilməmiş hissəsindən azad olunsa da, əlavə cəzanı (sürücülük hüququndan məhrumetmə) xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Hazırda iddiaçı yenidən sürücülük hüququ (sürücülük vəsiqəsi) əldə edə bilər. Lakin, iddiaçının hazırki iş üzrə cavabdehə müraciəti və məhkəmədə qaldırdığı iddia sürücülük hüququ (sürücülük vəsiqəsi) əldə etməklə bağlı deyil, məhkəmə hökmünə əsasən xitam verildiyi sürücülük hüquqlarının (yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanda iştirak etmədən) bərpası ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaçıya çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin sürücülük hüququ (sürücülük vəsiqəsi) əldə etmək üçün sürücülük imtahanına (müvafiq sənədlərlə birlikdə) buraxılmaq barədə inzibati orqana müraciət etməsi və müvafiq nəzəri və təcrübi imtahanlardan keçib yenidən sürücülük hüququ əldə edə biləcəyi izah olunsa da, o, məhkəmədə iddia tələbini dəyişməmiş və onun təmin edilməsini xahiş etmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova