Məhkəmə qərarları › İş №2-1(112)-10758/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10758/2025

25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10758/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyi haqqında, Azərbaycan vətəndaşı kimi məlumatın silinməsi və Azərbaycan vətəndaşlığının itirilməsi barədə müvafiq bildirişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, (xx.xx.2005-ci tarixdə Masallı rayonu, Hacıtəpə kəndində anadan olmuşdur) xx.xx.2023-cü il tarixdən Rusiya Federasiyasının vətəndaşlığını könüllü qəbul etmiş və müvafiq qaydada Rusiya Federasiyasının vətəndaşı kimi şəxsiyyətimi təsdiq edən sənədini (pasport) almışdır. Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək üçün Azərbaycan Respublikası vətəndaşlığından elə həmin tarixdə və tələb olunan qaydada xx.xx.2023-cü il tarixdən imtina etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığından imtina ərizəsi notarial qaydada təsdiq edilərək, Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə rəsmi şəkildə poçt vasitəsi ilə müraciət edərək, İddiaçı Əyub oğlunun Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyinə görə, Azərbaycan vətəndaşı kimi məlumat bazasından çıxarılmağını və Azərbaycan Respublikası vətəndaşlığını itirdiyi haqqında müvafiq bildirişin – sənədin verilməsini xahiş etmişdir. Cavabdeh rəsmi müraciətinə heç bir cavab verməmişdir. Azərbaycan Respublikası vətəndaşlığından imtina edərək, Rusiya Federasiyasının vətəndaşlığını könüllü qəbul etmişdir. Azərbaycan dövlət qarşısında icra edilməmiş heç bir öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri yoxdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Xidmətə müraciət edərək xx.xx.2023-cü il tarixdən Rusiya Federasiyasının vətəndaşlığını əldə etməsini əsas gətirərək Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Şəxsin müraciəti Xidmətdə baxılmış və ona qanunvericiliyin tələblərinə uyğun müraciət etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi məsələsinə baxıla bilməsi barədə xx.xx.2025-ci il tarixli 3-37/2-Ə-4043-26-1-08-4598/2025 nömrəli məktubla məlumat göndərilmişdir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı, həmçinin digər dövlətin vətəndaşlığını əldə etməyinə dair İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır. Göründüyü kimi,İddiaçı Azərbaycan Respublikası vətəndaşlığından çıxarılması və ya itirilməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək mümkün sayılmaamsını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan 66№5150328 nömrəli pasportdan görünür ki, xx.xx.2005-ci ildə Azərbaycanda Respublikası, Masallı rayonu, Hacıtəpə kəndində doğulmuş İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Pasport xx.xx.2023-cü il tarixdə verilmişdir və xx.xx.2028-ci il tarixədək etibarlıdır. İddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşlığını qəbul etdiyindən Azərbaycan vətəndaşı kimi məlumatın silinməsi və Azərbaycan vətəndaşlığının itirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunanlar nəzərə alınmaqla hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-8.1-ci maddəsinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir) şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. İstinad olunan normalardan görünür ki, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır, lakin bunun üçün şəxsin müraciəti deyil, cavabdehin müraciəti əsasında mülki mühakimə icraatı qaydasında məhkəmə qərarı zəruridir. İddiaçı hazırda arzu etdiyi hüquqi nəticəyə nail olmaq üçün vətəndaşlığın itirilməsi deyil, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün cavabdehə müraciət edə bilər. Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Hazırkı iş üzrə iddiaçının belə bir vəsatətinin olması müəyyən edilmir. İşdə olan Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan da görünür ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı, həmçinin digər dövlətin vətəndaşlığını əldə etməyinə dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və Azərbaycan Respublikasının vətəndaşlığından çıxmağı barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağı müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar