Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1076/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, qardaşı X4, iddiaçının nümayəndəsi, Vəkil1, üçüncü şəxs Rəna Rzayevanın nümayəndəsi, Vəkil2, üçüncü şəxs X7, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X6 və X8) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı “Q” tikilisi yerləşən 400 kv.metr ölçüdə olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X6 və X8 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olan “Q” tikilisinin texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2 08 01 89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində qüvvədə saxlanılmışdır. Qətnamə üzrə icra sənədi icra olunması üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə icraya yönəldilmiş, icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə icra olunması üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı idarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bundan əlavə olaraq göstərilmişdir ki, əraziyə baxış keçirilən zaman icra sənədində göstərilən “Q” tikilisinin sökülməsi və yenidən inşa olunması aşkar edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, həmin məhkəmənin 2(001)- 32/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə ərizə təmin edilməmiş, qərardadda inzibati məhkəmə icraatı qaydasında müraciət edilməsi hüququ izah edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunanlar ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub daxil olmuş, xx.xx.2023-cü il tarixli, **********19 xaricolma nömrəli tarixli məktubla cavab verilmişdir. Lakin iddia tələbi ilə bağlı iddiaçının idarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsi ilə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman faktiki olaraq tikililərin hamısının sökülərək yenidən inşa olunduğu aşkarlanmışdır. Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən **********48-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hazırda həmin fərdi yaşayış evi “A” tikilisindən ½ hissəsi X7, “A” tikilisindən ½ hissəsi X1 və “Q” tikilisi X2 paylı mülkiyyətindədir. Üçüncü şəxslər tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, mübahisəli ünvan üzrə dövlət fonduna aid edilən torpaq sahəsindən iddiaçının adına hər hansı bir ölçüdə torpağın ayrılmasına dair müvafiq orqanın qərar və sərəncamı yoxdur və olmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İslam Hümmətov, habelə iddiaçının nümayəndəsi, Vəkil1 iddia ərizəsini müdafiə etdilər və təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Rəna Rzayevanın vəkili Vəkil2 və üçüncü şəxs Ülvi Rzayev yazılı etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 1108 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68 korpus, 42 saylı evə dair tərtib edilmiş texniki pasportun surətindən görünür ki, “Q” tikilisi - 17.9 kv.metr yaşayış sahəsindən, 11.8 kv.metr köməkçi sahədən (mətbəx), “A” tikilisi 25.2 kv.metr yaşayış sahəsindən, 5.2 kv.metr köməkçi sahədən (mətbəx) ibarət olmaqla, bir həyətyanı sahədə yerləşmişlər. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, MH seriyalı 187610 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanı üzərində Rzayev Nurağa Həsənağa oğlunun mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 65 saylı sərəncamı ilə ünvan 1-nin həyətində sonradan inşa edilmiş, sahəsi 18 kv.metr olan 1 yaşayış otağı və sahəsi 12 kv.metr olan mətbəxin qanuniləşdirilməsi qərar alınmışdır. Rzayev Nurağa Həsənağa oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən Rzayev Nurağa Həsənağa oğlun ünvan 1-nin yaşayış sahəsi 17,9 kv.metr, qeyri-yaşayış sahəsi 11,8 kv.metr olan “Q” tikilisini iddiaçıya satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1-nin “A” tikilisinin ½ hissəsi xx.xx.2022-ci ildə X1, ½ hissəsi X7, “Q” tikilisi isə iddiaçının adına qeydə alınmışdır. Çıxarışda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının Rzayev Nurağa Həsənağa oğluna qarşı tikilinin yerləşdiyi torpaq sahəsinin ayrılması və ziyanın tutulması barədə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olan “Q” tikilisinin texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması, cavabdeh Rzayev Nurağa Həsənağa oğlundan dəymiş zərərin əvəzi olaraq 6745 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3933/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Rzayev Nurağa Həsənağa oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5959/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Rzayev Nurağa Həsənağa oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə maddi zərər tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman faktiki olaraq tikililərin hamısının sökülərək yenidən inşa olunduğu aşkarlanmışdı. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsinə izah verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Əlyazma ilə yazılmış və vətəndaşlar N.Rzayev, N.Həsənov, R.Hümbətov və V.Mehdayev tərəfindən imzalanmış aktdan görünür ki, Rzayev Nurağa 2-ci mədən, korpus 68, ev 42 mənzilin əkin sahəsi olan sahədən X3 4 sot satmış və bunun müqabilində tərəflər arasında razılaşma 1000 ABŞ dolları olmuş, həmin an Nurağa Rzayev 500 ABŞ dolları almışdır. Cavabdehin iddiçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa müvafiq ünvanda yerləşən torpaq sahəsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin icraatında iş vardır və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ünvan 1-nin “Q” tikilisi yerləşən 400 kv.metr ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün əsas kimi aşağıdakı sənədlər öz əksini tapmışdır: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.) Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.). İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 Rzayev Nurağa Həsənağa oğluna məxsus olmuşdur. Həmin fərdi yaşayış evi üzərində Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, MH seriyalı 187610 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Rzayev Nurağa Həsənağa oğlunun hüquqları təsbit edilmişdir. Bundan sonra isə Rzayev Nurağa Həsənağa oğlu xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən həmin evin yaşayış sahəsi 17,9 kv.metr, qeyri-yaşayış sahəsi 11,8 kv.metr olan “Q” tikilisini iddiaçıya satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin evin “Q” tikilisi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yalnız fərdi yaşayış evinin tikililəri üzərində iddiaçının və üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, tikililərin yerləşdiyi torpaq sahəsinin isə dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 591 kv.metr olmaqla sahənin bölgü sxemi aparılmamışdır. Yəni, hansı tikilinin hansı ölçüdə torpaq sahəsində yerləşməsi müəyyən deyildir. Torpaq Məcəlləsində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (66.1). Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (66.2). Göründüyü kimi iddiaçı ünvan 1-nin “Q” tikilisinin yerləşdiyi 400 kv.metr tropaq sahəsinin ayrılması barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, iddia qismən təmin edilərək, yalnız “Q” tikilisinin texniki pasport əsasında ayrılması qət edilmişdir. Qətnamədə 400 kv.metr torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. İşin müəyyən edilmiş hallarından da görünür ki, həmin ünvanda olan “Q” tikilisi sökülmüş və bununla bağlı Rzayev Nurağa Həsənağa oğlundan 6745 manat maddi ziyan məhkəmə qətnaməsinə əsasən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı ilə Rzayev Nurağa Həsənağa oğlu arasında 400 kv.metr torpaq sahəsi ilə əlaqədar yazılı razılığa gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır (144.1.). Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir (144.2.). Göründüyü kimi ünvan 1-nin yerləşdiyi torpaq sahəsi ilkin sənədlər əsasında Rzayev Nurağa Həsənağa oğlunun adına qeydiyyata alınmamış, Rzayev Nurağa Həsənağa oğlunun həmin torpaq sahəsi üzərində sərəncam vermək, o cümlədən həmin torpaq sahəsini iddiaçıya satmaq hüququ olmamışdır. Bu səbəbdən həmin yazılı razılaşma hər hansı hüquqi nəticə yaratmır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1-nin “Q” tikilisi yerləşən 400 kv.metr ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1076/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1076/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver