Məhkəmə qərarları › İş №2-1(112)-10761/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10761/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10761/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının 64 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 10, 2a saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 10, 2a saylı mənzil iddiaçıya məxsusdur. Həmin mənzil ona Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 64 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən verilmişdir. Belə ki, işlədiyi ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla xx.xx.1988-ci ildə mənzil uçotuna götürülmüşdür. Həmin mənzil artıq 8 ildir ki, onun istifadəsindədir və ailə üzvləri ilə orada yaşayır. Buna görə də həmin mənzilin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı onun qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 64 saylı sərəncamın xx.xx.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümükün olmamışdır. Lakin xx.xx.1988-ci il tarixindən mənzil uçotuna götürülməyinə baxmayaraq, 2013-cü ildə, yəni 25 il sonra mənzillə təmin olunmağını əsas gətirməklə müvafiq qeydiyyatın aparılmasından imtina edilməsi əsassızdır. Cavabdeh ona istinad edir ki, iddiaçıya dövlət tərəfindən verilmiş mənzil mülkiyyətə deyil, istifadəsinə verilmişdir. Halbuki, sərəncamda həmin mənzilin istifadəsinə verilməsi ilə bağlı ümumiyyətlə bir cümlə belə yoxdur. Sərəncamda mənzilin iddiaçıya verilməsi qeyd olunmuşdur. Cavabdeh qüvvədə olan Mənzil Məcəlləsinin hər hansı maddəsinə istinad etmədən, ümumi sözlərlə Mənzil Məcəlləsinə istinad edərək həmin Məcəllədə dövlət və ya bələdiyyə fonduna aid olan mənzillərin mülkiyyətə deyil, istifadəyə verilməsi göstərilmişdir. İddiaçıya verilmiş mənzil mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinə aid olan mənzildir. Ona dövlət tərəfindən verilmiş mənzilin istifadə məqsədilə verilməsi qeyri-mümkündür. Belə ki, istifadə məqsədlərinə görə dövlət mənzil fondu sosial təyinatlı mənzil fonduna və xüsusi təyinatlı mənzil fonduna bölünür. İddiaçıya verilən mənzilə dair hər hansı sosial kirayə müqaviləsi bağlanılmamışdır və sərəncamda bununla bağlı hər hansı qeyd yoxdur. Belə olan halda ona verilən mənzil sosial təyinatlı mənzil fonduna aid olan mənzil deyil. Digər tərəfdən ona verilən mənzil xüsusi təyinatlı mənzil fonduna da aid olan mənzil hesab edilə bilməz. Qanunun tələbinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid olan mənzillərdə xüsusi təyinatlı yaşayış sahələri kimi kirayə müqaviləsi əsasında verilir. Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamında göstərilmədiyi üçün həmin mənzil ona müvəqqəti istifadə üçün verilmiş mənzil kimi hesab edilə bilməz. Beləliklə, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 64 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş mənzil dövlət mənzil fonduna aid olan mənzildir və həmin mənzil ona əvəzsiz olaraq mülkiyyətinə verilmişdir. Səbail Rayon İcra hakimiyyətinin 64 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı Qanunun tələblərinə əsasən iddiaçıya verilmiş mənzilin adına dövlət qeydiyyatına alınması üçün əsas hesab olunduğu üçün cavabdeh həmin mənzili onun adına dövlət reyestrində qeydiyyata almaqdan imtina etməkdə qanunsuzluq etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən ona verilmiş imtina qanunsuz hesab edilməli və cavabdehin üzərinə iddiaçıya ayrılmış mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı - İddiaçı qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 64 saylı sərəncamın xx.xx.2013-cü il tarixində verildiyi müəyyən edilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********77 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi, ev 50 ünvanında yerləşən 14 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunuq özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-cı maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməşi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə görə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 10, mənzil 2A ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 10, mənzil 2A ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X6. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X6 xx.xx.2014-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2021-ci il tarixli, SOCAR**********30490089X00052 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 9 №-li protokolundan çıxarışa əsasən: 24. ARDNŞnin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotunda dayanan, İddiaçı xx.xx.1988-ci ildə mənzil uçotuna götürülüb. 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızı, oğlu) Bakı şəhəri, ünvan 4, 1 otaqdan ibarət 13 kv.m. yaşayış sahəsi olan 14 saylı özəl mənzildə qeydiyyatdadırlar və orada da yaşayırlar. İddiaçı yaşadıqları özəl mənzil nəzərə alınmaqla ona ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli evdən 2 otaqdan ibarət 37,2 kv.m. yaşayış sahəsi olan 2a nömrəli mənzil təklif edildi. O təklif edilən mənzilə köçməyə razılığını bildirdi və bunu yazılı ərizəsi ilə təsdiqlədi. Qeyd olunanları nəzərə alaraq: qərara alındı: 1. ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli evin 1-ci giriş, 1-ci mərtəbəsində 2 otaqdan ibarət 37,2 kv.m. yaşayış sahəsi olan 2a nömrəli mənzil İddiaçı 4 nəfərdən ibarət (özü, arvadı, qızı, oğlu) aşağıdakı ailə tərkibinə verilsin: özü- İddiaçı - 1950-ci il təvəllüdlü, arvadı - X6 - 1961-ci il təvəllüdlü, qızı - X7 - 1987-ci il təvəllüdlü, oğlu - X11 - 1991-ci il təvəllüdlü; 2. İddiaçı mənzil uçotundan çıxarılsın. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2022-ci il tarixli, SOCAR**********30490089X00003 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1988-ci ildə “Qum adası” Neft Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə mənzil uçotuna götürülmüşdür. ünvan 4 ünvanında yaşayış sahəsi 13 kv.m olan 1 otaqlı 14 nömrəli özünə məxsus özəl mənzildə 4 nəfər ailə tərkibi ilə qeydiyyatda olmaqla yaşamışlar. SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft Qaz X9 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2012-ci il tarixli 09 nömrəli Protokolu ilə yaşadıqları mənzil nəzərə alınmaqla, İddiaçı 4 nəfər olmaqla, (özü, h/y, qızı, oğlu) ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli evin 1-ci giriş, 1-ci mərtəbəsində 2 otaqdan ibarət 37,2 kv.m. yaşayış sahəsi olan 2a nömrəli mənzillə təmin olunması qərara alınmış və o, mənzil uçotundan çıxarılmışdır. Həmin mənzilə hüquq təsdiqedici sənəd verilməsi üçün İddiaçı mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə yuxarıda qeyd edilən qərar təsdiq olunmuşdur. Hazırda İddiaçı mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətindədir. Zəruri sənədlərin əldə edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-01528-2022 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 09 avqust, 02 və 23 noyabr 2012-ci il tarixli, 29-1704 BB, 29-2184 BB və 29-2247 BB saylı məktubları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X3 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının protokol qərarlarına (pr.№ 9, 11, 15) əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ... İddiaçı ... və qeyrilərinin mənzil ilə təmin edildikləri,... bildirilməklə qərarların təsdiq olunması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 7-4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 09 avqust, 02 və 23 noyabr 2012-ci il tarixli, 29-1704 BB, 29-2184 BB və 29-2247 BB saylı məktublarını və Səbail rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2013-cü il tarixli rəyini (pr.№ 2) nəzərə alaraq: “1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X3 İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda “adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri, mənzil növbəsindən çıxarıldıqları barədə”ki xx.xx.2011-ci il tarixli, 6 saylı, 03 iyul, 14 avqust və 06 dekabr 2012-ci il tarixli, 9, 11 və 15 saylı protokol qərarlarından çıxarışların təsdiq edilməsi, 9. İddiaçı 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu və qızı) Balı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 50, yaşayış sahəsi 13,0 kv.m. 14 saylı özəl mənzil nəzərə alınmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, 10 saylı evin, yaşayış sahəsi 37,2 kv.m. olan 2 otaqlı, 2a saylı mənzilinin verilməsi və mənzil növbəsindən çıxarılmaları: İddiaçı - 1950-ci il təvəllüdlü - özü, X6 - 1961-ci il təvəllüdlü - həyat yoldaşı, X11 - 1991-ci il təvəllüdlü - oğlu, X7 - 1987-ci il təvəllüdlü - qızı” – qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 140 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, 10 saylı ev dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Həmin binalar, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə tərəfimizdən mövcud vəziyyətdə təhvil alınmışdır. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli 83 nömrəli sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və müvafiq olaraq 150, 152, 156 saylı mənzil-kommunal istismar sahələrinin istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilməsi; 1. bu sərəncamın 2-ci bəndinin icrası ilə əlaqədar 1 saylı Əlavəsində göstərilən yaşayış binalarında sakinlərə mənzil-kommunal xidmətlərin göstərilməsini, mənzil fondunun mövcud normalara uyğun olaraq istismarını təşkil etmək məqsədilə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan 150, 152 və 156 saylı mənzil-kommunal istismar sahələri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyinə keçirilsin və həmin Birliyin strukturunda təsərrüfat fəaliyyəti təmin edilməsi qərara alınmışdır. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli 83 nömrəli sərəncamına 1 saylı Əlavədə Qaradağ rayon MKTB-nin tabeliyinə verilmiş 150, 152, 156 saylı mənzil-kommunal istismar sahələrinin diskolasiyasına daxil edilən yaşayış evlərinin siyahısında göstərilmiş 1973-cü ildə tikilmiş C.Qəhrəmanov küçəsi 10un balans dəyəri - 6033,72 manat, qalıq dəyəri - 3663,38 manatdır. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 284 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 10, 2a nömrəli mənzildə qeydiyyatdadır və yaşayır və aşağıdakı ailə tərkibi var: həyat yoldaşı - X6. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 3/22 nömrəli məktubunda bildirilmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, 10 saylı ev dövlət mənzil fonduna aid olmaqla, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********32 nömrəli məktubunda bildirilmişdir ki, 1950-ci il təvəllüdlü X8 adına Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi, ev 50, mənzil 14 ünvanı qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - 26 Bakı Komissarı tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, 257245 nömrəli orderə əsasən Bakı şəhəri, Səbail rayonu, Ekspermentalnı küçəsi, ev 50, 14 nömrəli mənzil X8 istifadəsinə verilmişdir. - Azərneft X1 Neft Qazçıxarma İdarəsi Mənzil Təsərrüfat Kontorunun arayışına əsasən İddiaçı oğlunun yaşadığı evin küçəsinin köhnə adı Ekspermental küçəsi olub, halhazırda Ö.F.Nemanzadə küçəsidir. - Azərneft X1 Neft Qazçıxarma İdarəsi Mənzil Təsərrüfat Kontorunun 8379 nömrəli şəxsi hesab vərəqəsinə əsasən verilir İddiaçı ondan ötrü ki, Ö.F.Nemanzadə küçəsi 50 nömrəli binanın 1 otaqlı 14 nömrəli mənzildə yaşayır. Mənzildə qeydiyyatda olan İddiaçıxx.xx.1986-cı il, X6-xx.xx.1987-ci il, X7-1987-ci il, X11-1991-ci il. - X6 Bakı şəhəri TİB-yə ünvanladığı xx.xx.1997-ci il tarixli ərizəsində yaşadığı mənzilin həyat yoldaşı İddiaçı adına özəlləşdirilməsinə icazə verilməyini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 10, 2a saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı vətəndaş İddiaçı qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 64 saylı sərəncamın xx.xx.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, 10 saylı evin 2 A saylı mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Bildirilir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə xx.xx.2021-ci il tarixli **********77 saylı məktubla ətraflı cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 9 nömrəli protokolundan çıxarışa, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 64 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına əsaslanaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 10 ünvanında yerləşən 2a saylı mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan sözügedən mənzilin verilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 64 nömrəli sərəncamının xx.xx.2013-cü il tarixdə verildiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırmazdan öncə tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. İşin hallarından görünür ki, İddiaçı xx.xx.1988-ci ildə “Qum adası” Neft Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə mənzil uçotuna götürülmüş, SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft Qaz X9 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2012-ci il tarixli 09 nömrəli Protokolu ilə ünvan 3 ünvanında yerləşən 2a nömrəli mənzillə təmin olunması qərara alınmış və o, mənzil uçotundan çıxarılmışdır. Həmin mənzilə hüquq təsdiqedici sənəd verilməsi üçün İddiaçı mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli sərəncamı ilə yuxarıda qeyd edilən qərar (xx.xx.2012-ci il tarixli 09 nömrəli protokol) təsdiq olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli 83 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, 10 saylı ev dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Hazırkı halda iddiaçı sözügedən dövlət mənzil fonduna aid mənzilin adına özəlləşdirilərək mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. Yuxarıda istinad olunan qanunvericiliyin imperativ xarakter daşıyan müddəalarına əsasən, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Nəzərə almaq lazımdır ki, iddiaçının dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququndan artıq bir dəfə yararlandığı iş üzrə materiallarla təsdiq olunur. Belə ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Azərneft” X1 Neft Qazçıxarma İdarəsinin xx.xx.1986-cı il tarixli, 257245 nömrəli orderinə əsasən Bakı şəhəri, Səbail rayonu, Ekspermentalnı küçəsi, ev 50, 14 nömrəli mənzil X8 istifadəsinə verilmiş, mənzilə dair X8 adına (3 nəfər ailə üzvü ilə bilrikdə) Azərneft X1 Neft Qazçıxarma İdarəsi Mənzil Təsərrüfat Kontoru tərəfindən 8379 nömrəli şəxsi hesab vərəqəsi açılmış, mənzil 1997-ci ildə iddiaçının adına özəllləşmiş və hazırda Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə (keçmiş Ekspermentalnı) küçəsi, ev 50, 14 nömrəli mənzil iddiaçının xüsusi mükiyyətindədir. Beləliklə, iddiaçının adına Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 50, 14 nömrəli mənzil özəlləşmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən 2a nömrəli mənzilin iddiaçının istifadəsinə verilməsi iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı artıq bir dəfə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 50, 14 nömrəli mənzili özəlləşdirdiyindən yenidən ikinci dəfə ünvan 3 ünvanında yerləşən 2a nömrəli mənzili özəlləşdirmək hüququ istisna olunur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun müddəaları baxımından iddiaçı dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququna malik deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar