Məhkəmə qərarları › İş №2-1(112)-10762/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10762/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10762/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı1 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra mətndə Qaradağ RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və ailə üzvləri olan - arvadı İddiaçı2 qız, övladları- İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Baş Ələt Stansiyası, massiv 1-də yerləşən 141 saylı mənzilə qeydiyyata alınmaları öhdəliyinin Qaradağ RPİ-nin üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən iddiaçılar qismində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 və cavabdeh qismində isə Qaradağ RPİ-ni göstərməklə, məhkəmədən, iddiaçılar xx.xx.1983-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2006-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı5 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Baş Ələt Stansiyası, Massiv 1 ünvanında yerləşən 141 saylı mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Qaradağ RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar 8 ildən çoxdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Baş Ələt Stansiyası, massiv 1-də yerləşən 141 saylı mənzildə yaşayırlar. 2018-ci ilə qədər həmin mənzilə dair bələdiyyə ödənişlərini ödəmişlər. Həmçinin yaşadıqları gündən hazırki vaxtadək həmin mənzilə dair bütün kommunal ödənişlərini vaxtında ödəyirlər. Lakin onlar ünvan 2 ünvanında qeydiyyatdadırlar. Həmin mənzil xx.xx.2023-cü il tarixində notarial qaydada bağlanan alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Buna əsasən də onlar həmin mənzildə qeydiyyatda qalmaq istəmirlər. Onların hal-hazırda yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Baş Ələt Stansiyası, massiv 1-də yerləşən 141 saylı mənzilə qeydiyyata alınması üçün həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi tələb olunur. Lakin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd - daşınmaz əmlakın dövlət reysteri tərəfindən verilən çıxarış olmadığı üçün pasport qeydiyyatına düşə bilmirlər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1983-cü ildə Rusiya Federasiyası Arxangelsk Vilayətində doğulmuş İddiaçı1 ünvan 2 ünvanında qeydiyyatdadır. AA ******* seriyalı şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.1985-ci ildə doğulmuş İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatdadır. AA ******* seriyalı şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.2006-cı ildə doğulmuş İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatdadır. AA ******* seriyalı şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, İddiaçı4 ünvan 2 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci ildə doğulmuş İddiaçı5 ünvan 2 ünvanında qeydiyyatdadır. “İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” Ələt Bələdiyyəsinin 11/2 saylı, 31 oktyabr 2007-ci il tarixli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Ələt qəsəbəsi, K.Məmməodv ev 6, mənzil 3-də pasport qeydiyyatında olan İddiaçı1 Arif oğlunun Ələt Bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilməsi və ona “X1 Haqqında” Azərbaycan Respublikasının Qanununa, “Bələdiyyə Torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə müvafiq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Ələt Bələdiyyəsinə torpaq sahələrinin ayrılması ilə əlaqədar verdiyi xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamına əsasən Ələt qəsəbəsi, Baş Ələt st. 1-ci massiv, 141 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 300 kv.m. (üç yüz) torpaq sahəsi ayrılması qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair” aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Ələt qəsəbəsi, K.Məmmədov 6, m. 3 ünvanda yaşayan İddiaçı1 xx.xx.2007-ci il tarixdə torpaq sahəsinin ayrılması ilə bağlı Ələt bələdiyyəsinə müraciət etmişdir. Ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və Ələt bələdiyyəsi ərazisində 300 kv.m torpaq sahəsinin sayılması barədə xx.xx.2007-ci il tarixli 11/2 saylı qərar qəbul edilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 652 №-li, xx.xx.2023-cü il tarixli arayışın surətindən müəyyən olunur ki, Dadaşov X2 rayonu, Ələt qəsəbəsi, B/Ə st, 1-ci Massiv küçəsində 141 saylı evdə qeydiyyatsız yaşayır. Eyni zamanda arayışda ailə tərkibi - arvadı İddiaçı2, qızı- İddiaçı3, oğlu İddiaçı4,- oğlu- İddiaçı5 qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğulara əsasən: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********87 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin 5-13/2-614/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 hansı əsaslarla Ələt qəsəbəsi, Baş Ələt Stansiyası, massiv 1, ev 141 ünvanında yaşadığı və evin kimin balansında olması barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin: - 18/2-26985/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. - 18/2-29832/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı2 xx.xx.2012-ci il, İddiaçı1 xx.xx.2005-ci il, İddiaçı3və İddiaçı4 xx.xx.2015-ci il, İddiaçı5 xx.xx.2017-ci il tarixdən ünvan 7 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. İddiaçı1 hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Qaradağ RPİ tərəfindən verilmiş 3-13-48/2-D-8662/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ailə üzvləri ilə birlikdə ünvan 8 üzrə qeydiyyata alınmaqlarına dair ərizəsinə baxılmışdır. Onların qeyd olunan ünvanda qeydiyyatsız yaşadıqları müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, oorder, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Onun ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşadığı ünvan 8 ünvanına qeydiyyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsasını təşkil edən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Baş Ələt Stansiyası, Massiv 1 ünvanında yerləşən 141 saylı ev (mənzil) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ev özbaşına tikilidir və dəqiq ünvan göstəricilərinə malik deyildir. Buna görə də hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar – İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Baş Ələt Stansiyası, Massiv 1 ünvanında yerləşən 141 saylı yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar