Məhkəmə qərarları › İş №2-1(112)-10762/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10762/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10762/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “qeydin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus hərbi biletin 21-ci səhifəsində “xidmətə uyğunsuzdur” qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olumuşdur. 2016-2018-ci illərdə hərbi xidmətdə olmuşdur. Xidmətini Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində çəkmişdir. xx.xx.2022-ci il tarixdə 3 il müddətinə müqavilə bağlamaqla DSX-da müddətli hərbi xidmətə başlamışdır. Ailənin tək oğludur, anası xəstədir və işləmir. Bu səbəbdən də müqavilədə qeyd etmişdir ki, xidmətini Bakı şəhərində və ətrafında aparmaq istəyir. Bu, yeganə şərti olmuşdur. Cavabdeh müqavilənin bir nüsxəsini (əsli olmaqla) ona verməlidi, lakin bunu etməmişdir. bildirmişdir ki, müqavilə hərbi biletlə birlikdə hərbi hissəyə göndəriləcək. Hərbi hissədə isə ona bildirildi ki, müqavilə xidmətin baş idarəsində saxlanılır. Qısa müddətdən sonra onu Şəmkir rayonu ərazisində yerləşən hərbi hissəyə göndərdilər. İddiaçı etiraz etdikdə isə bildirdilər ki, artıq müqavilə bağlanılıb. İddiaçı müqavilədə Bakı şəhərini qeyd etdiyini bildirdi, komandir isə müqavilədə elə bir bənd olmadığı dedi. Müqaviləni tələb etsə də, verilmədi. Növbəti gün bildirdilər ki, xidmətdən azadsan. Dəfələrlə hərbi xidmət rəisinə və digər rəhbər şəxslərə yazılı və şifahi şikayətlər etsə də, heç bir cavab verilməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə şəxsən xidmət rəisinə sifarişli məktubla müraciət edərək “xidmətə uyğunsuzdur” qeydinin ləğv edilməsini tələb etdi. 1 ay 10 gün keçməsinə bvaxmayaraq, cavab almamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən “Hərbi Xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsi düzgün tətbiq edilməmişdir. Həmin maddə müddətli hərbi qulluqçulara şamil edilə bilməz. Xidmətə uyğunsuzluğunun nədən ibarət olması konkret olaraq ona məlum deyil.

3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, sabiq hərbi qulluqçu kiçik çavuş İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2022-ci il tarixli, 1314 ş/h №-li əmri ilə “kiçik çavuş” hərbi rütbəsi verilməklə Dövlət Sərhəd Xidmətində 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və Sahil Mühafizə rəisinin sərəncamına göndərilmişdir. DSX Sahil Mühafizə rəisinin xx.xx.2023-cü il tarixli, 13 ş/h №-li əmri ilə X5 regional şöbənin 11-ci sahil nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı sabiq hərbi qulluqçu kiçik çavuş İddiaçı DSX Sahil Mühafizəsi rəisinin xx.xx.2023-cü il tarixli, 121 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, cənub regional şöbəsinin 11-ci sahil nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.2022-ci il tarixli bağlaşma ləğv edilmişdir. Qoşmaya əlavə edilmiş xx.xx.2023-cü il tarixli 2127 nömrəli raportdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqıında” AR Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, həmçinin ehtiyata buraxılacağı təqdirdə təyinat üzrə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsinə göndərilməsi barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport qeydiyyata alınmışdır. Kiçik çavuş İddiaçı xidməti uyğunsuzluğa görə yazdığı raportla əlaqədar onunla 2 dəfə fərdi söhbət aparılmışdır. 2023-ci ilin fevral ayında aparılmış söhbət zamanı hərbi qulluqçu ailə vəziyyətini əsas gətirərək (atasının vəfat etməsi, anasının tək yaşaması) xidmət yerinin Bakı qarnizonuna dəyişdirilməyəcəyi təqdirdə, tərxis olunmaq istədiyini israrla bildirmişdir. 2023-cü ilin may ayında aparılmış təkrar söhbət zamanı kiçik çavuş İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar fikrində dəyişiklik olub-olmaması soruşulmuş, o isə fikrində qəti olduğunu bildirərək, tərxis olunması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Söhbətin sonunda Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra, gələcəkdə Dövlət Sərhəd Xidmətində, hüquq mühafizə orqanlarında və dövlət qurumlarında xidmətə (işə) qəbul edilməsinin mümkünsüzlüyü onun nəzərinə çatdırılmışdır. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. İddiaçı xidmətə qəbul olunmazdan əvvəl Dövlət Sərhəd Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olduğunu bildirmişdir (ərizə qoşmaya əlavə olunur). İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq könüllü qaydada raportla müraciət etmiş və həmin raport əsasında inzibati icraat materialları sənədləşdirilmişdir. Qoşmaya əlavə edilmiş “Təyinatların qeydiyyatı kitabı”ndan çıxarışdan və “Təyinat vərəqəsi”nin surətindən görünür ki, kiçik çavuş İddiaçı xx.xx.2023-cü il tarixdə tarixdə təyinat vərəqəsi təqdim edilmiş, mübahisəli əmr ona elan edilmiş və öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, 4/2805m №-li AR SHXÇDXnın Bakı şəhər Xəzər rayon İdarəsinə ünvalanan müşayiət məktubunun surətindən görünür ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış kiçik çavuş İddiaçı xidmət dəftərçəsi və şəxsi heyətin siyahısından çıxarılması barədə əmrin surəti saxlanılması üçün göndərilmişdir (müşayiət məktubunun surəti qoşmaya əlavə edilir). İş materiallarından göründüyü kimi İddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmr barədə elə həmin gün - xx.xx.2023-cü il tarixdən məlumatlı olmuşdur, məhkəməyə isə 2024-cü ilin iyun ayında müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti də ötürmüşdür. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 121 ş/h №-li əmr-hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması o cümlədən, maddi təminatını almaması (əmək haqqı, pul mükafatları) onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Yuxarıda qeyd olunan hər bir hal üzrə aparılmış təhlil ona dəlalət edir ki, iddiaçıya inzibati akt olaraq əmrin özü təqdim olunmasa da, ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı (təyinat vərəqi, hərbi bilet və sair) verilmişdir və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcədə mötəbər idi. Başqa sözlə, iddiaçı sözügedən əmri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi. Belə olan halda iddiaçı sabiq hərbi qulluqçu İddiaçı tərəfindən onun hərbi biletində “xidməti uyğunsuzluq” ifadəsini qeyd edilməsi üçün əsas olmuş inzibati aktın (xx.xx.2023-cü il tarixli əmrin) mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddət üzrsüz səbəbdən buraxılmışdır. Habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti də ötürmüşdür. Odur ki, iddianın mümkün sayılmaması xahiş edilir.

4. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nüməyəndələri etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdirlər.

II. İddianın mümkünlüyü

6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

7. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı cavabdehin müvafiq əmri ilə iddiaçının hərbi biletində aparılmış “xidmətə uyğunsuzdur” qeydinin ləğv edilməsinə yönəlmişdir. Həmin qeyd cavabdehin inzibati aktın yuxarıda qeyd olunan əlamətlərinə malik xx.xx.2023-cü il tarixli, 121 ş/h №-li əmri əsasında aparılmışdır. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

14. Mübahisələndirilən əmr xx.xx.2023-cü il tarixli olsa da, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə hərbi biletində edilmiş qeydlərdə müvafiq dəyişiklik aparılması üçün tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin əmrin ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.

15. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 121 ş/h nömrəli əmri barədə iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən olunmasa da, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, belə ki, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və s. onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Həmçinin hərbi biletin ona verilmədiyini mübahisələndirmir və sözügedən xx.xx.2023-cü il tarixli əmr barədə elə həmin gün məlumatlı olmuşdur.

16. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən keçirilmiş məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Məhkəmə iclasında iddiaçı iş ilə təmin oluna bilmədiyini, nəticədə cavabdeh orqanla danışıqlar apardığı, rəhbər şəxslərinin qəbulunda olduğu, mübahisənin qarşılıqlı razılıqla həll etməyə cəhd göstərdiyini bildirmişdir. Məhkəmə qeyd edilən dəlili ən azı 1 ildir ki, ötürülmüş müddətin bərpası üçün üzrlü və əsaslı hesab etmir. Odur ki, əmrin mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

17. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir.

18. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar