Məhkəmə qərarları › İş №2-1(112)-10763/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10763/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10763/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə edilərək cavabdehin əsl cavabdeh "xxxx" ASCilə əvəz edilməsi, iddia tələbinin elektrik enerjisinin verilməsi ilə iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, müqavilənin bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş edilmiş, dəqiqləşmə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, aidiyyəti inzibati orqan tərəfindən yaşadıqları fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi heç bir əsaslı səbəb olmadan həyata keçirilmir. Bu səbəbdən də onun qanunla qorunan mənafeyi pozulmaqdadır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, publik əlaməti daşıdığından hazırkı mübahisə üzrə mahiyyəti üzrə qiymətləndirmə səlahiyyətinin ümumi yurisdiksiyalı rayon məhkəməsi yox, inzibati məhkəməyə aid olması baxımından da iddia mümkün iddiadır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. İşin faktiki hallarından isə görünür ki, iddiaçı təbii inhisar subyekti ilə mülki hüquq münasibətində olmamış, onunla hər hansı müqavilə bağlanılmamış, cavabdeh publik səlahiyyəti ilə əlaqədar onun fərdi yaşayış evinə elektrik enerjisinin verilməsindən imtina etmişdir. Təsadüfi deyildir ki, İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın:1.8-ci bəndi ilə inzibati, publik səlahiyyətli inzibati orqanların hərəkətlərindən və hərəkətsizliyindən şikayətvermə mexanizmi müəyyən edilmiş, məhz həmin bənddə inzibati və məhkəmə qaydasında şikayət verə bilmə imkanı nəzərdə tutulmuşdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı cavabdehə müraciət edərək sayğacın quraşdırılması və kodun verilməsini xahiş etmişdir. X3 Agentliyi tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi istisna olunmaqla qonşuluqda olan fərdi yaşayış evləri mühafizə zonasında yerləşməsinə baxmayaraq elektrik enerjisi ilə təmin edilmişdir. Eyni zamanda, həmin məktubd qeyd edilir ki, qanunvericiliklə elektrik şəbəkələrinin mühafizə zonasında yerləşən tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatına hər hansı məhdudiyyət mövcud deyildir. Bununla bağlı cavabdehə müraciət edilmiş, lakin cavabdeh imtina edərək müraciəti təmin etməmişdir. Bu zaman cavabdeh tərəfindən müraciətə qanunvericiliyin tələbinə uyğun baxılmadığı ETŞ-yə fərdi yaşayış evinin qoşulmasına dair düzgün olmayan mövqe olduğu müəyyən edilmişdir. Nərimanov Rayon Bələdiyyəsinin arayışından görünür ki, elektrik quraşdırılması tələb olunan fərdi yaşayış sahəsi iddiaçının istifadəsindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın: 1.1. Bu Qaydalar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanının 1.3-cü bəndinin və “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 88-İVQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 421 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasi ilə əlaqədar hazırlanmışdır və istehlakçıların (sifarişçilərin) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydalarını və onlara dair tələbləri müəyyən edir. 1.2.8. yaşayış evi – otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş ev; 1.2.9. tikinti obyektlərinin ETŞ–yə qoşulması (texnoloji qoşulma) – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər ETM tərəfindən verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən ETŞ–yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi, əlavə güc alınması ilə bağlı layihə sənədlərinin hazırlanması və tikintiquraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik qurğularının ETŞ–yə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət; 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. 1.8. Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın:

1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr.

2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir.

6. Elektrik şəbəkələrinin normal işini poza biləcək və yaxud onların zədələnməsinə gətirə biləcək hər cür hərəkətlər, o cümlədən aşağıdakılar qadağan edilir: a) kənar əşyaları məftillərin üzərinə atmaq, dirəklərə və məftillərə söykəmək və bağlamaq, dirəklərə çıxmaq, onlara doğru gedən yolu tutmaq və binaların damından məftillərin üzərinə qar atmaq; b) elektrik ötürücü kabel xətlərinin yoluna ağır yükləri (5 tondan çox) boşaltmaq, turşu, qələvi, duz məhlulları və hər cür zibil tökmək; c) elektrik şəbəkələri qurğularının binalarını açmaq, elektrik şəbəkələrində açıbqoşma əməliyyatları aparmaq, girim və paylaşdırma qurğularının, hava və kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında ocaq və ya tonqal qalamaq; ç) hava və kabel elektrik ötürücü xətlərinin keçdiyi, yaxud girim və paylaşdırma qurğularının qoyulduğu yerlərdə elektrik şəbəkələrini istismar edən təşkilatların razılığı ilə əvvəlcə həmin xətləri və qurğuları götürmədən binaları, körpüləri, tunelləri, dəmir yollarını və şose yollarını, başqa qurğuları sökmək və ya yenidən qurmaq.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi ərazidə 0,4 kv-luq şəbəkənin mövcud olduğu da nəzərə alınmaqla iddiaçının elektrik enerjisi ilə təmin edilməsi mövcud mühafizə zonasının tətbiqi məqsədləri ilə zidiyyət təşkil etməmiş, iddiaçı yuxarıda göstərilən qadağalardan hər hansı birini törətməmiş, cavabdeh heç bir əsaslı səbəb olmadan fərdi yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsindən imtina etmişdir. Halbuki, mühafizə zonasının məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir. İddiaçı da həmin məqsədlərin təmininə xələl gətirməyən, yuxarıda adıçəkilən qaydalarda nəzərdə tutulmuş qadağalara aid hər hansı bir hərəkətə yol vermədən məhz cavabdehdən onun elektrik enerjisi ilə təmin edilməsini xahiş etmişdir. X3 Agentliyinin Bakı Filialının məktubunda da qeyd edildiyi, iddiaçı və cavabdehə bildirdiyi kimi də qanunvericiliklə iddiaçının fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə hər hansı maneə mövcud olmamışdır. Qaydaların tələbi ilə də müəyyən edilir ki, müəyyən məhdudiyyət və qadağalar mövcud olsa da mühafizə zonasında olan sahədən istifadə mümkün variant kimi müəyyən edilmiş, iddiaçı da özünün müdaxiləsi olmadan, məhz mühafizə zonasının qorunması öhdəliyi daşıyan quruma müraciət edərək qonşularında olduğu kimi onun da elektrik enerjisi ilə təmin edilməsini xahiş etmiş, cavabdeh isə nə iddiaçının, nə də Agentliyin aidiyyəti Filialının göndərmiş olduğu müraciətlərə əhəmiyyət verməmiş, heç bir əsaslı səbəb olmadan fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsini həyata keçirməmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. İşin faktiki hallarından, o cümlədən Agentliyin məktubundan görünür ki, iddiaçının istifadəsində olan və mühafizə zonasında yerləşən digər fərdi yaşayış evləri elektrik enerjisi ilə təmin edilmiş, inzibati orqan eyni faktiki hallar olmasına baxmayaraq iddiaçıya münasibətdə fərqli qərar qəbul etmiş, müraciətinin təminindən imtina etməklə bərabərlik hüququnu pozmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı Sərdar qızının istifadəsində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, onunla müqavilənin bağlanılması vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar