Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10764/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 232 saylı sərəncamı ilə İddiaçı istifadəsinə və sahibliyinə ayrılan 400 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək cavabdehə müraciət edilməmişdir. Belə ki, cavabdehin imtinası iddia ərizəsinə əlavə edilməmiş, cavabdeh tərəfindən iddia tələbinə etirazda iddiaçının eyni tələblə cavabdehə müraciət edilmədiyi bildirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli yardım məktubu ünvanlanmışdır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı Əli qızının adından iddia ərizəsi tərtib edilərək X1 tərəfindən imzalanmışdır. Bu barədə xx.xx.2024-cü il tarixli arayış tərtib edilərək iş materiallarına əlavə olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İPm-in 13-cü maddəsinə əsasən əlavə yardımetmə vəzifəsi icra edilmədən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehlərə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddia ərizəsi İddiaçı deyil başqa şəxs tərəfindən onun adından tərtib edilərək imzalanmışdır. Yuxarıda qeyd edilən MPM-in 149.1-ci maddəsinin tələblərində də iddia ərizəsinin iddiaçı və ya onun imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalı olduğu xüsusilə qeyd edilir. Bu hal da o qənaətə gəlməyə əsas verir ki, etibarnamədə iddia ərizəsinin imzalanması üçün verilmiş səlahiyyət xüsusi vurğulanmalı və etibar edilən şəxsə iddia ərizəsinin imza edilməsi səlahiyyətinin verilməsi aşkar qeyd edilməlidir. Prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti notarial qaydada etibarnamə əsasında verilmiş şəxs (vəkil və ya yaxın qohum olmaqla) tərəfindən imzalanmadığından hazırkı iş üzrə iddianın mümkünlüyü ilə bağlı məsələyə hüquqi qiymət verilməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə iddia ilə bağlı qanunvericliyin tələblərinə cavab vermədiyi üçün mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 232 saylı sərəncamı ilə İddiaçı istifadəsinə və sahibliyinə ayrılan 400 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4.
Məhkəmə qərarları › İş №2-1(112)-10764/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10764/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver