Məhkəmə qərarları › İş №2-1(112)-10766/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10766/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10766/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 noyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən verilmiş 17 saylı Orderə əsasən X4 Bakı Şəhər İcra Hakimiyyətinin 16 oktyabr 1991-ci il tarixli 14/625 saylı qərarına əsasən Ləhiş-Göradil bağlar sahəsində 235 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 256ə saylı bağ sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və İstismarı Birliyinin 15 fevral 2007-ci il tarixli “Goradil ərazisindəki 256ə nömrəli bağın istifadəyə verilməsi haqqında 39561 saylı Müqavilə”sinə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 256ə №-li bağ sahəsi X3 istifadəsinə verilmişdir. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 1 oktyabr 2018-ci il tarixli AZ-İ 024522 №-li “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə”yə əsasən X1 və adını “İddiaçı”ə dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin oktyabr ayının 01 günündə 61 № ilə qeyd edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) 17 may 2023-cü il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Goradil bağlar massivində 0,12 ha bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh müraciətinə cavab verməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Göradil qəsəbəsi, 256ə saylı sahə ünvanında yerləşən bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildən ona ayrılmış bağ sahəsindən istifadə edir və faktiki olaraq sahiblik və istifadə hüququnu həyata keçirir. Torpaq sahəsinə dair bütün ödənişləri də həm X2 və İstismarı Birliyinə, həm də Görədil bələdiyyəsinə etmişdir. Torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının qeydiyyatı üçün cavabdeh inzibati orqana xx.xx.2009-cu ildə müraciət edərkən, cavabdeh inzibati orqan tərəfindən bildirilmişdir ki, sözügedən bağ sahəsi X5 tərəfindən tərtib edilmiş sxematik planda öz əksini tapmamışdır. Hüquqmüəyyənedici sənədləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə təkrarən cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinə cavab verilməmiş, hər hansı hərəkət edilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, həmçinin sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki isə 958 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin idarənin arxiv məlumatlarına əsasən iddiaçıya eyni nömrəli və tarixli sərəncam əsasında Sabunçu rayonu, Ləhiş bağ massivi “4204” saylı bağ sahəsi ayrılmışdır. Daha sonra iddiaçının keçmiş adına, yəni “X3” adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı 235 saylı BTK-nın üzvü olmuş və bununla əlaqədar ona Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və İstismarı Birliyinin 15 fevral 2007-ci il tarixli “Goradil ərazisindəki 256ə nömrəli bağın istifadəyə verilməsi haqqında 39561 saylı Müqavilə”yə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 256ə №-li bağ sahəsi ayrılmışdır. İddiaçı həmin müqaviləyə istinad edərək bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ilkin müraciətinə verdiyi xx.xx.2009-cu il tarixli məktubunda bağ sahəsinin sxematik planda öz əksini tapmamasını qeyd etmişdir. Hazırkı iddia tələbinə etirazda isə cavabdeh aşağıdakıları qeyd etmişdir: 1) iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir; 2) sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır; 3) torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki isə 958 kv.m təşkil edir. 4) elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. 5) idarənin arxiv məlumatlarına əsasən iddiaçıya eyni nömrəli və tarixli sərəncam əsasında Sabunçu rayonu, Ləhiş bağ massivi “4204” saylı bağ sahəsi ayrılmışdır. Daha sonra iddiaçının keçmiş adına, yəni “X3” adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənədə malikdir. Cavabdeh də bu halı inkar etmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. və 139-1.1.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən verilmiş 17 saylı Orderə və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və İstismarı Birliyinin 15 fevral 2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında 39561 saylı Müqavilə”yə istinad edir ki, hər iki sənəd İdarənin arxivində mövcuddur. Məhkəmə cavabdehin etirazının dəlilləri kimi istinad etdiyi hallarla bağlı aşağıdakıları qeyd edir: Məhkəmə 1-ci halla bağlı qeyd edir ki, həmin uyğunsuzluqların mövcud olması iddiaçının təqsiri üzündən baş verə bilməz. Cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan adıçəkilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, sxematik xəritədə bağ nömrəsinin qeyd edilməməsi iddiaçının tələbini təmin etməkdən imtina etmək üçün əsas deyildir. Belə ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim etmiş, həmin sənədlərdə bağın nömrəsi (256ə) qeyd edilmiş, bağ sahəsinə dair BTK-nın arxivində hər hansı digər şəxsin müraciəti və ya digər şəxsin adına həmin bağa dair sənəd yoxdur. Bağ sahələrinə dair sənədlərin natamam olması iddiaçının təqsiri deyildir. Analoji mübahisələr üzrə məhkəmə işlərindən müəyən edilir ki, bir sıra hallarda bağ sahələrinin sxematik xəritələri ya ümumiyyətlə olmamış, ya da ki, natamam olmuş, ilkin olaraq sxematik xəritə tərtib edildikdəsn sonra, BTK-lara yeni üzvə qəbul edilərkən və ya yeni bağ sahələri ayrılarkən həmin sxematik xəritələrə əlavələr edilməmişdir. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilkin iddia tələbində 0,12 ha torpaq sahəsinə iddia etmiş, cavabdehin etirazı məhkəməyə daxil olandan sonra tələbin həcmini azaldaraq bağ sahəsinin faktiki vəziyyətə uyğun qeydiyyatının aparılmasını xahiş etmişdir. 4-cü halla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Qeyd edilən hal, iddiaçının müraciətini təmin etməkdən imtina edilməsi üçün əsas deyildir. 5-ci halla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən etirazın göstərilən dəlilinə aydınlıq gətirilməsi üçün istinad edilən Sərəncamın və digər sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 14/625 nömrəli xx.xx.1991-ci il tarixli qərarı ilə Ləhiş bağ massivində bağ sahəsi ayrılması nəzərdə tutulmuş 235 saylı BTK üzvlərinin siyahısında X8 (siyahıda olduğu kimi) oğlunun adı qeyd edilmişdir. Arxiv qovluğunda mövcud olan X2 və X6 ərazisi üzrə böyük mühəndisi M.Ağakişiyev tərəfindən yazılmış xx.xx.2007-ci il tarixli Məlumata əsasən 235 saylı BTK tərkibində X4 verilmiş 4204 saylı (0.12 ha) bağ sahəsi kənd sakinləri tərəfindən tutularaq daş hasara alınmışdır, xx.xx.2007-ci il tarixli ərizədə isə X4 Göradil ərazisində 256ə saylı bağ sahəsi göstərildiyi qeyd edilmişdir. Belə ki, “Birliyin” xx.xx.2007-ci il tarixli 06 nömrəli daxili protokolu ilə (sıra nömrəsi – 1) X3 adına verilmiş order müqavilə ilə əvəz edilmişdir və həmin protokol əsasında Göradil ərazisində yerləşən 256ə saylı bağ sahəsinin (0.12 ha) istifadəyə verilməsi haqqında X7 ilə xx.xx.2007-ci il tarixli 39561 nömrəli müqavilə bağlanılmışdır. Eyni zamanda, Bakı Şəhər İcraiyyə Komitəsinin 14/625 nömrəli xx.xx.1991-ci il tarixli qərarı ilə 235 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 4204 saylı bağ sahəsinə dair verilmiş 17 nömrəli order əsasında 4204 saylı bağ sahəsi xx.xx.2014-cü il tarixdə X3 adına qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının adına əvvəl verilmiş 4204 saylı bağla bağlı order verilmiş, lakin həmin bağ sahəsi digər şəxslər tərəfindən tutularaq hasara alındığından, həmin order müqavilə ilə əvəz edilmişdir. Həmçinin təqdim edilmiş sənədlərdən iddiaçıya verilmiş order və müqavilədə eyni nömrəli və tarixli sərəncama istinad edilməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə qüvvədə olan və hazırda ləğv olunmayan hüquqmüəyyənedici sənədlər olduğundan, yalnız formal tələblərdən çıxış edərək onun hüququnun qeydə alınmasından imtina edilməsi əsaslı sayıla bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. İddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. ünvan ünvanında yerləşən bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququ üzrə İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar