Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10769/2021 27.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illər nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 65 yaşının tamam olduğu 20.03.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. 03.05.1974-18.05.1976-cı illər ərzində SSRİ ordu sıralarında hərbi xidmətdə olmuşdur. O, 1977-ci ildən 1982-ci il tarixədək Azərbaycan Xalq Təsərrüfatı İnsitutunun “əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili fakültəsində” təhsil almışdır. 06.07.1976-cı ildən 21.06.2004-cü ilədək “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC-də əmtəəşünas, 15.05.1997—ci ildən 21.04.2004-cü ilədək Bakı Soyuducu Kombinatı "xxxx" ASC-də əmtəəşünas, 14.07.2004-cü ildən 26.05.2009-cu ilədək “Engender health-aquire Azerbaijan” əmək təşkilatında administrator köməkçisi vəzifəsində işləmişdir. Hərbi xidmət, təhsil aldığı dövrlər də nəzərə alınmaqla onun 30 ilə yaxın əmək stajı vardır. O, cavabdehə ona yaşa görə əmək pesiyasının təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh ona 09.04.2021-ci il tarixli məktubla imtina cavabı vermişdir. İmtina məktubunda göstərilmişdir ki, onun təqdim etdiyi 19.07.1976-cı il tarixində tərtib edilmiş əmək kitabçasının və hərbi biletinin surətinə əsasən guya ki, onun ümumi stajı 17 il 07 ay olmaqla qanunla tələb olunan müddətdən azdır və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 13.399,73 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28,800 manat) az olduğu üçün əmək pensiyasının minumum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Onun 01.06.2006-cı ildən 01.07.2018-ci ilədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Milli Arxiv İdarəsinin 02.06.2021-ci il tarixli 21/1099 nömrəli məktubuna əsasən 06.07.1976-cı ildən 21.06.2004-cü ilədək işlədiyi “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC-nin arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Cavabdehin imtinası əsassızdır. Əvvəla, hərbi xidmət, təhsil aldığı dövrlər də nəzərə alınmaqla onun 30 ilə yaxın əmək stajı vardır, əmək kitabçası və digər hüquqmüəyyənedici sənədlərdə stajı öz əksini tapmışdır. İkincisi, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 13.399,73 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28,800 manat) az olması əsası absurtdur. Belə ki, pensiya kapitalının yığılması və yaxud ödənilməsi onun iradəsindən asılı deyildir. Üçüncüsü, 06.07.1976-cı ildən 21.06.2004-cü ilədək işlədiyi “Ş.Babayev adına Dondurma Kombinatı” ATSC-nin arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi isə onun öhdəliyi deyildir. Sözügedən staj əmək kitabçasında öz əksini tapmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 qızı izahatında bildirdi ki, iddiaçının əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bununla yanaşı, şəxsin əmək kitabçasındakı qeydə əsasən 01.02.2000-ci ildə əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxılmışdır. Şəxsin məzuniyyətdə neçə müddət olduğu və hansı tarixdə qayıtması barədə hər hansı bir məlumat yoxdur. Bütün bunlara əsasən iddiaçının kifayət qədər sosial siğorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəxsə yaşa görə pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi 01.01.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X4 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-cı illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. X6 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Belə ki, şəxsin 14.07.2004-26.05.2009-cu il tarixlərində “Engender health-aquire Azerbaijan” əmək təşkilatında adminstrator köməkçisi vəzifəsində işlədiyi müddət əmək kitabçasında qeyd edilsə də, 01.06.2006-cı il tarixdən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin illəri şəxsin sosial sığorta stajına daxil etmək mümkün deyildir. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 30.04.2021-ci il tarixli məktubun surətində qeyd olunur: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı "DOST” mərkəzindən daxil olmuş 31.03.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz 19.07.1976-cı il tarixində tərtib edilmiş əmək kitabçanızda qeyd olunmuş 01.01.1992-ci il tarixindən 21.06.2001-ci il tarixinədək "xxxx" ATSC-dəki və 17.04.2004-cü il tarixindən 01.01.2006-cı il tarixinədək “X2” filialındakı əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra Sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 09.08.2021-ci il tarixli məktubun surətində qeyd olunur: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası huququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 19.07.1976-cı il tarixində tərtib edilmiş əmək kitabçanıza və hərbi biletinizin surətinə əsasən Sizin ümumi sığorta stajınız 17 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 13.399,73 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 02.06.2021-ci il tarixli 21/1099 saylı məktubuna əsasən 06.07.1976-cı il tarixindən 21.06.2004-cü il tarixinədək işlədiyiniz Ş.Babayev adına Dondurma Kombinatı ATSC arxiv sənədlərini Dövlət Arxivinə və X5 filialına təhvil verməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə 20.03.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus BE seriyalı 041944 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 03.05.1974-cü ildən 18.05.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan "xxxx" X7 Cəmiyyətinin 05.05.2005-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı 1976-cı ildən işlədiyi Bakı Soyuducu Kombinatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25 aprel 1997-ci il tarixli 2008 saylı şəhadətnaməsi ilə "xxxx" X7 Cəmiyyətinə çevrilmişdir. Tam özəlləşmədən sonra "xxxx" ATSC-nin adı dəyişilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 iyun 2001-ci il tarixli S-129 saylı şəhadətnaməsi ilə "xxxx" X7 Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15.11.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" X7 Cəmiyyətinin (VÖEN: **********) 29.06.2001-ci il tarixdə S-129 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin ümumi yığıncağının qərarına əsasən 23.01.2014-cü il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18.11.2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Bakı soyuducu kombinatının bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 17.04.1997-ci il tarixli, 144 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 10.04.2001-ci il tarixində tam başa çatdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. İş materiallarında olan İddiaçı məxsus 19.07.1976-cı il tarixli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı soyuducu kombinatına işə qəbul olananadək 1974-cı ilin may ayından 1976-cı ilin may ayınadək Sovet Ordu sıralarında qulluq etmiş, 06.07.1976-cı ildə Bakı soyuducu kombinatına təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə təyin edilmiş, 07.05.1979cu ildə Quru buz və maye karbon qazı anbarına anbardar vəzifəsinə keçirilmiş, 09.06.1980-cı ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, 20.08.1981-ci ildə Təchizat və satış şöbəsinə yük və baqajın təhvil-təslimçisi vəzifəsinə keçirilmiş, 08.07.1982-ci ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, 26.07.1984-cü ildə Maddi təminat və satış şöbəsinə müvəqqəti rəis vəzifəsinə keçirilmiş, 02.01.1992-ci ildə Təminat üzrə təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, 15.10.1992-ci ildə Maddi texniki təchizat şöbəsinə rəis vəzifəsinə keçirilmiş, 15.05.1997-ci ildə Bakı Soyuducu Kombinatı "xxxx" X7 Cəmiyyətinə çevrilmiş, 02.01.2000ci ildə əmək haqqı ödənilməmək şərti ilə öz hesabına məzuniyyətə buraxılmışdır, 29.06.2001-ci ildə "xxxx" X7 Cəmiyyəti "xxxx" X7 Cəmiyyəti adlandırılmışdır, 21.06.2004cü ildə öz xahişi ilə işdən azad edilmiş, 14.07.2004-cü ildə “Engender Health-Aquire Azerbaijan” təşkilatına Maliyyə-administrator köməkçisi vəzifəsinə qəbul edilmiş, 26.05.2009-cu ildə Layihənin başa çatması ilə əlaqədar işdən azad olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2020 - 30.06.2021, kişilər üzrə pensiya yaşı 65 il. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı 06.07.1976-cı ildə Bakı soyuducu kombinatına təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə təyin edilmiş, 07.05.1979-cu ildə Quru buz və maye karbon qazı anbarına anbardar vəzifəsinə keçirilmiş, 09.06.1980-cı ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, 20.08.1981-ci ildə Təchizat və satış şöbəsinə yük və baqajın təhviltəslimçisi vəzifəsinə keçirilmiş, 08.07.1982-ci ildə Təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, 26.07.1984-cü ildə Maddi təminat və satış şöbəsinə müvəqqəti rəis vəzifəsinə keçirilmiş, 02.01.1992-ci ildə Təminat üzrə təchizat və satış şöbəsinə əmtəəşünas vəzifəsinə keçirilmiş, 15.10.1992-ci ildə Maddi texniki təchizat şöbəsinə rəis vəzifəsinə keçirilmiş, 21.06.2004-cü ildə öz xahişi ilə işdən azad edilmiş, 14.07.2004-cü ildə “Engender Health-Aquire Azerbaijan” təşkilatına Maliyyə-administrator köməkçisi vəzifəsinə qəbul edilmiş, 26.05.2009-cu ildə Layihənin başa çatması ilə əlaqədar işdən azad olmuşdur. Eyni zamanda iddiaçı 03.05.1974-cü ildən 18.05.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh iddiaçının 06.07.1976-cı il tarixindən 21.06.2004-cü il tarixinədək işlədiyi S.Babayev adına Dondurma Kombinatı ATSC arxiv sənədlərini Dövlət Arxivinə və X5 filialına təhvil vermədiyi üçün sözügedən dövrlərin sığorta stajına əlavə edilməsini qanunauyğun hesab etməyərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının həmin dövr iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18.11.2021-ci il tarixli məktubuna əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Bakı soyuducu kombinatının bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 17.04.1997-ci il tarixli, 144 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 10.04.2001-ci il tarixində tam başa çatdırılmışdır, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15.11.2021-ci il tarixli məktubuna əsasən dövlət reyestrində "xxxx" X7 Cəmiyyətinin (VÖEN: **********) 29.06.2001-ci il tarixdə S-129 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin ümumi yığıncağının qərarına əsasən 23.01.2014-cü il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr (03.05.1974- 18.05.1976) daxil olmaqla hətta iddiaçının Bakı soyuducu kombinatına təyin edildiyi 06.07.1976-cı ildən öz hesabına məzuniyyətə buraxıldığı 02.01.2000-ci ilədək əmək stajı 25 il 5 ay 25 gün təşkil edir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən çoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 65 yaşı 20.03.2021-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 20.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-10769/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10769/2021
27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver