Məhkəmə qərarları › İş №2-1(112)-1077/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1077/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1077/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu işə cəlb edilməklə birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsinin ona aid edilməsi və cavabdeh tərəfindən aprel və may ayları olmaqla 2 (iki) ay üçün ona cəmi 380 (üç yüz səksən) manat birdəfəlik ödəmənin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu aprel və may ayları üçün aylıq 190 (yüz doxsan) manat məbləğində olmaqla cəmi 380 (üç yüz səksən) manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixli, 216 saylı qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.08.2020-ci il tarixli, 283 saylı qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2020-ci il tarixli, 506 saylı qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat birdəfəlik ödənişlərin, ümumilikdə 950 (doqquz yüz əlli) manat birdəfəlik ödəmənin verilməsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə məhkəmənin 2-1(112)-1077/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1077/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabr ayında Çində aşkar edilmiş yeni növ koronovirus (COVİD-19) infeksiyasının qısa müddətdə əhatə dairəsi və coğrafiyası genişlənərək bütün dünyanı, o cümlədən Azərbaycan Respublikasını əhatə vermişdir. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətnə mənfi təsirləri müşahidə olunmuşdur. Ölkədə koronovirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəriflətmiş və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərmişdir. Ölkə iqtisadiyyatının sabitliyinin davamlılığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyytaın inkişaf perspektivlərinin qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 19.03.2020-ci il tarixdə “Koronovirs (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalanmışdır. Bu sərəncamın icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 07.04.2020-ci il tarixli, 127 saylı qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (CÖVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Həmin qərarla təsdiq edilmiş “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nda (bundan sonra – Qayda) birdəfəlik ödəmənin verilməsi şərtləri müəyyən edilmişdir. Qaydanın 2.1-ci bəndinə görə birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Göstərilən Qaydanın 2.2-ci bəndində birdəfəlik ödəmənin qeydiyyat tarixindən asılı olaraq, hansı işsiz şəxslərə ödənilməli olması göstərilmişdir: 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə (2.2.1-ci yarımbənd); pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə (2.2.2-ci yarımbənd). Qaydanın 2.3-cü bəndində isə Qaydanın 2.2-ci bəndinə aid olan, lakin dövlət qurumlarından bir sıra ödənişlər alan işsiz şəxslərə birdəflik ödəmənin verilməsi istisna olunmuşdur. Bu şəxslər sırasına aşağıdakılar aid edilmişdir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1-ci yarımbənd); əmək pensiyaçılarına (2.3.2-ci yarımbənd); aylıq müavinət alanlara (2.3.3-cü yarımbənd); aylıq təaqüd alanlara (2.3.4-cü yarımbənd); özünəməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5-ci yarımbənd); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6-cı yarımbənd); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7-ci yarımbənd); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8-ci) yarımbənd; əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9-cu yarımbənd); əri və ya arvadı bu Qaydanın 2.3.1-2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10-cu yarımbənd). Bildirir ki, o, Azərbaycan Tibb Universitetinin məzunudur və 2015-ci ildə ali təhsilini başa vurduqdan sonra rezidenturaya qəbul imtahanını müvəffəqiyyətlə verərək 4 il müddətinə Universitetin Tədris-Terapevtik Klinikasında həkim-resident kimi tibb ixtisası üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı keçmişdir. 2020-ci ilin yanvar ayında sonra imtahanlarını başa vurduqdan sonra hazırlıq kursunu tam olaraq bitirmişdir. Hazırda o, İİ qrup əlillik dərəcəsi olan anası ilə birlikdə yaşayır. Ailəsinin yeganə gəliri anasına görə təyin edilmiş 130 manat məbləğində sosial müavinətdir. Hazırlıq kursunu bitirdikdən sonra o, heç bir fəaliyyətlə məşğul olmur və universitet tərəfindən ona vakant yerlər olacağı təqdirdə xəstəxanalara (poliklinikalara) təyin edilə biləcəyi, lakin, bunun konkret olaraq nə vaxt həyata keçiriləcəyini bilmədiklərini bildirmişlər. Artıq 5 aydan çox vaxt keçsə də, ona hələ də, heç bir təyinat və ya təklif edilməmişdir. Məlum pandemiya elan edildikdən sonra iş tapmaq onun üçün daha da, çətinləşmişdir. Əhalinin maddi durumunun və işsizlik sayının daha da artması şəraitində dövlət tərəfindən kifayət qədər təsirli sosial tədbirlərin görülməsi fonunda işsiz şəxslərə ən azı dolanışıq üçün 190 manat pulun verilməsi qərara alınsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış formal və qeyri-dəqiq yoxlama zamanı ona bu məbləğin verilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, göndərilmiş mesajda onun aztəminatlılıq meyarına uyğun gəlmədiyi bildirilmişdir. Bununla bağlı qeyd edir ki, qanunvericilikdə aztəminatlılıq meyarı şəxsə münasibətdə deyil, ailəyə münasibətdə təyin edilir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Yuxarıda qeyd edilənləri məcmu şəklində nəzərdən keçirdikdə müəyyən edilir ki, faktiki olaraq anası ilə ondan ibarət olan ailənin yeganə gəliri anasının əlilliyə görə aldığı 130 manat vəsaitdir ki, bu məbləğ də, heç anasının özünün belə ehtiyac meyarını tam ödəmir. Başqa sözlə, onların ailəsi aztəminatlılıq meyarının tələbinin yarısından belə aşağı həddə cavab versə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç bir məntiqi izahı olmayan əsassız və qanunsuz qərar qəbul edərək onu 190 manat vəsaiti almaq hüququndan məhrum etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdr. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraicət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, iddiaçıya “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində işsiz statusu verilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndinə əsasən yoxlamalar nəticəsində iddiaçının fərdi uçot sistemində adı aşkarlanmışdır. İddiaçının fərdi uçot hesabına Azərbaycan Universiteti tərəfindən 2015-ci ildən mütəmadi olaraq vəsait ödənilməkdədir. Bu səbəbdən, iddiaçıya həmin Qaydanın 2.3.15-ci yarımbəndi əsas götürülərək (190 manat) birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iş üzrə izahat verərək bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunda sığortaolunanın hesabında (İddiaçı) 2019-cu ilədək məlumat vardır. İddiaçının 2020-ci ildə gəliri barədə məlumat yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirak olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki: -İddiaçı 23.04.2020-ci il tarixdə MAS-da işsiz kimi qeydiyyatdan keçmiş, onun işsiz statusu təsdiqlənmişdir. Onun adına əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində əmək müqaviləsi aşkar edilməmişdir. İddiaçının sığortaolunan kimi (sığortaedən Azərbaycan Tibb Universiteti) gəlirləri 2015-ci ilin oktyabr ayından 2019-cu ilin dekabr ayına kimi olmuşdur. İddiaçı ona birdəfəlik ödəmənin ödənilməsi ilə bağlı müraciət etmiş, onun müraciətindən SMS bildiriş (esosial.az) vasitəsilə 05.05.2020-ci il tarixdə imtina edilərək bildirilmişdir ki, o, aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 23.04.2020-ci il tarixdə məşğulluq altsistemində anket yaradaraq, qeydiyyatdan keçmiş və həmin anket 23.04.2020-ci il tarixdə təsdiq olunaraq, ona həmin tarixdə işsizlik statusu verilmişdir. İddiaçı ona birdəfəlik ödəmənin ödənilməsi ilə bağlı müraciət etmiş, onun müraciətindən SMS bildiriş (e-sosial.az) vasitəsilə 05.05.2020-ci il tarixdə aztəminatlıqlıq meyarına uyğun gəlmədiyi üçün imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda imtinanın verilməsinə əsas kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndinə əsasən yoxlamalar nəticəsində iddiaçının fərdi uçot sistemində adının aşkarlanmasına, iddiaçının fərdi uçot hesabına Azərbaycan Tibbi Universiteti tərəfindən 2015-ci ildən mütəmadi olaraq vəsait ödənilməsi, bu səbəbdən də, iddiaçıya həmin Qaydanın 2.3.15-ci yarımbəndinin əsas götürülərək (190 manat) birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya sığortaolunan kimi Azərbaycan Tibb Universiteti tərəfindən 2015-ci ilin oktyabr ayından 2019-cu ilin dekabr ayınadək ödənişlər olunmuş, onun 2020-ci il tarixdə gəliri olmamışdır. Göründüyü kimi, iddiaçı iş üzrə mübahisə predmeti olan dövrdə işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə almaq hüququna malik şəxs olmasına baxmayaraq, iddiaçıya cavabdeh tərəfindən işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. İşin faktiki hallarını qanunvericiliyin yuxarıda qeyd olunan normalarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçı “Konovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs kimi həmin dövrlərdə birdəfəlik ödəmə hüququna malik olan şəxs olduğundan, cavabdeh tərəfindən ona birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış birdəfəlik ödəmənin iddiaçıya ödənilməmiş aylar üzrə cəmi 950 manat olmaqla cavabdeh tərəfindən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar