Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1077/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının sığorta stajı nəzərə alınmaqla yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd olunmuş iş stajının, həmçinin müqavilə şərtləri əsasında işlədiyi iş stajının sığorta stajına daxil edilməsi və təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək kitabçasında əksini tapmış 01.07.1992-01.02.1994-cü il və 01.02.1994-11.10.1997ci il, həmçinin 01.02.2006-29.02.2007-ci il dövrlərindəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair iddia tələbinin təmin edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd olunmuş, müqavilə şərtləri əsasında da yaranmış iş stajının sığorta stajına əlavə edilməsi, həmçinin pensiya məbləğinin də yenidən hesablanması tələbinə dair yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə 15 may 2014-cü il tarixində DSMF-nun Yasamal rayon şöbəsinə müraciəti olmuşdur və 01.06.2014-cü il tarixindən də pensiya hüququ əldə etmişdir. Əmək pensiyası məbləğinin hesabatına yenidən baxılması,1970-1975-ci il dövründə əyani təhsil aldığı illərin, həmçinin 01.02.2006-30.02.2007-ci il dövrü üzrə əmək fəaliyyətinin də əmək stajına daxil edilməsi tələbi ilə 25.09.2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-a müraciəti olmuşdur. Pensiya stajı hesablanarkən 01.07.1992-ci il tarixindən 01.02.1994-cü il tarixinə kimi "Sparklinq Star" Səhmdar Cəmiyyətində baş direktor, 01.02.1994-cü il tarixindən 11.10.1997-ci il tarixinə kimi isə həmin S.C-nin strukturunda fəaliyyət göstərən Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsində ("AzərSlov Steklo" B.M) direktor, həmçinin 01.02.2006- 30.02.2007-ci il dövründə "X23" şirkətində Sumqayıt şəhəri üzrə sahə rəisi vəzifəsində işlədiyi illərin də əmək stajına daxil edilmədiyi ona məlum olmuşdur. Pensiya stajı ilə əlaqədar DSMF-a ünvanladığı 01.10.2020-ci il tarixili müraciətinə **********01 №-li, 02 dekabr 2020-ci il tarixli məktubları ilə cavab da verilmişdir ki, Fondun Sosial Ödənişlərinin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən guya 23.11.2020-ci il tarixli, **********1 №-li məktubları ilə ona məlumat da verilmişdir. DSMF-nun (+99412) *** ** ** nömrəli əlaqə telefonlarına zəng vuraraq 23.11.2020-ci il tarixli cavab məktublarını almadığını bildirdikdən sonra da cavab məktublarını təkrar olaraq ünvanına yollamaq əvəzinə 31.03.2021-ci il tarixində (+994)502357103 mobil nömrəyə SMS ilə aşağıdakı mövzuda məlumat daxil olmuşdur: "23.02.2021-ci il tarixli etirazınıza baxılmışdır və bildiririk ki, əmək kitabçanızda 10.07.1992-11.10.1997-ci illərdə qeyd olunmuş müəssisələrin arxiv sənədləri saxlanılmadığından, həmin illərin sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilir". Qeyd olunanları nəzərə alaraq aylıq pensiyanın da məbləği dəyişmir. Əmək kitabçasında 1975-ci ildən əmək fəalyyətinə başlaması qeyd olunmuşdur və öz ərizəsi ilə işdən çıxarkən, "Bakkondisioner" EİB-nin 22.06.1992-ci il tarixli, 120 № li əmrində də qeyd olunmuşdur ki: "Уволен переводом в Акционерное Общество «Спаркинг Стар, по ст 36п 5КЗОТ Азерб.Республики с 01.07.1992-года". Əmək fəaliyyətinin fasiləsiz davamı olaraq 01.07.1992-01.02.1994-cü il dövründə “Sparklinq Star” SC-nin baş direktoru, 01.02.1994-11.10.1997-ci il dövründə həmin S.C-nin strukturunda fəaliyyət göstərən Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsinin ("AzerSlov Stekio" B.M-nin) baş direktoru vəzifəsində işləməyi də əmək kitabçasında öz əksini tapmışdır. Sonradan da əmək fəaliyyəti fasiləsiz davam etmişdir. “X23" şirkəti ilə bağlanmış 01.02.2005-cı il tarixli əmək müqaviləsi şərtlərinə əsasən aylıq əmək haqqı məbləği 690,91 AZN (altı yüz doxsan manat doxsan bir qəpik) olmaqla, 01.02.2006-cı il tarixindən şirkətin Sumqayıt şəhəri üzrə metal (polad) yığımı ilə əlaqədar sahə rəisi vəzifəsində fəaliyyət göstərmişdir. Müqavilə şərtlərində sınaq müddəti 2 (iki) ay göstərilsə də bağlanmış ilkin əmək müqaviləsinə xitam verilmədiyindən əmək fəaliyyətini icra etməklə davam etdirmişdir. Əsas vəzifəsi Sumqayıt şəhəri üzrə qara metal yığımının nəqd şəklində alınmasını təşkil etmək olmuşdur ki, bu da ilkin müqavilə şərtlərində öz əksini tapmışdır. Qarametal yığımını mütamadi olaraq Şirkətin qəbulu məntəqəsinə daşınaraq təhvil verilməsini təşkil etmiş və hesabatlarını da hər ayın yekununa görə Şirkət rəhbərliyinə təqdim etmişdir. 2007-ci ilin ilk aylarında yığımı ilə bağlı (təhvil verilmiş və qalıq) hesabatını şirkət rəhbərliyinə təhvil verdikdən sonra isə 30.02.2007-ci il tarixində öz ərizəsi ilə könüllü olaraq işdən ayrılmışdır. 01.02.2006- 30.02.2007-cü il üzrə əmək fəaliyyəti əmək kitabçasında (aldadıldığı ona sonradan məlum olmuşdur) öz əksini tapmamışdır. Halbu ki, əmək müqaviləsi şərtləri əsasında işlədiyindən, işə qəbul və işdən azad olunmağı da şirkətin müvafiq əmri ilə olmalı idi. Pensiya hüququ yaranandan sonra isə, yəni 2014-cü ildə pensiya stajı müəyyən edilərkən "X23" şirkəti tərəfindən (sorğuya əsasən) DSMF-na təqdim edilmiş B3 hesabatında əmək fəaliyyəti haqqında heç bir məlumatın olmadığı ona məlum olmuşdur. "X23" şirkəti 14.07.2014-cü il tarixli müraciətinə №SM/ 314, 10.09.2014-cü il tarixli cavab məktublarında bildirmişlər ki, 203 saylı, 01.02.2006-cı il tarixli əmək müqaviləsi “X23” MMC ilə deyil, “X23” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi adı ilə fəaliyyət göstərmiş xarici bir özəl şirkət ilə imzalanmışdır, onların şirkət də həmin xarici şirkətin hüquqi varisi deyildir. Deməli, 40 ha-dan çox əraziyə malik olmuş, istehsal fəaliyyəti bir gün də olsun dayandırılmamış şirkətin polad armatur istehsal edən zavodunun bina, qurğu və avadanlıqları (müəssisənin balansı-daşınan və daşınmaz əmlakları) hərrac vasitəsi ilə alınır, torpaq sahəsi də uzun müddətli icarəyə götürülür, səhimlərinə sahib çıxılır", köhnə istehsal kollektivi ilə də eyni adda eyni məhsul istehsalını davam etdirir, alqı-satqı öhdəliklərindən, hüquqi varisliklərindən isə imtina edilir, əgər elədirsə, deməli, ƏMDK-i tərəfindən hərrac qeyriqanuni keçirilmiş və ya hərracın qanuna müvafiq qaydada təşkilinə və keçirilməsinə də ciddi nəzarət olunmadığından, alqı-satqı müqaviləsinin şərtlərindən irəli gələn öhdəliklər də şirkət tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 01.10.2014-cü il tarixli müraciətinə **********30 №-li, 13.10.2014-cü il tarixli cavab məktublarında bildirmişlər ki, "X23" MMC polad armatur istehsal edən özəl sahibkarlıq subyektidir və onun hüquqi varisliyi və əmək qanunvericiliyi ilə əlaqədar öhdəlikləri barədə məlumat əldə etmək üçün bilavasitə cəmiyyətin idarəetmə orqanına müraciət edə bilər. Eyni zamanda, Azərbaycan Respublikası DSMF-nun iri sığortaedənlərlə iş üzrə Departamenti 25 noyabr 2014-cü li tarixli müraciətinə 99/08/05- 237 №-li, 15.12.2014-cü il tarixli cavab məktublarında "X23" şirkəti tərəfindən DSMF-na təqdim olunmuş 2006-2007-ci illər üzrə B3 hesabatında İddiaçı əmək fəaliyyəti haqqında heç bir məlumatın qeyd olunmadığını bildirmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq, onun və "X23" şirkətinin direktoru X10 ilə bağlanılmış 01.02.2006-cı il tarixli əmək müqaviləsinin 1.2 və 3.1-ci bəndlərinə əsasən Sumqayıt şəhəri üzrə qarametal tədarükü zonasının idarə edilməsi, sahə rəisi vəzifəsinin icraçısı kimi ona tapşırılmışdı. İlkin əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən də hər ay üçün onun aylıq əmək haqqı 690,91 azn məbləğində olmuşdur. "X23" şirkətinin və eyni zamanda onun da razılığı ilə GSM 050 *** ** ** mobil şəxsi nömrə limitsiz danışıqlar üçün 27 aprel 2006-cı il tarixindən şirkətin adına keçirilmiş və şirkətdə işlədiyi dövrlərdə də istifadəçisi olmuş, eyni zamanda Sumqayıt şəhəri üzrə metal yığımı ilə əlaqədar sahə rəisi işlədiyi dövrlərdə tabeçiliyində olmuş 3 (üç) işçi, X4 - aparıcı mütəxəssi kimi Sumqayıt ərazisində metal yığımı ilə məşğul olmuşdur, X13 - ambardar vəzifəsini icra etməklə, qarametal yonqarı və qırıntılarının qəbulu və təhvili ilə məşğul olmuşdur, Abdul-X1 isə şirkət tərəfindən ayrılmış avtomobil ilə hər iş günü onu və digər işçilərini yaşadıqları ünvanlardan Sumqayıt şəhərinə işlədikləri ünvana aparıb gətirmişdir. Tək Sumqayıt şəhəri ərazisindən deyil, Bakı şəhəri ərazilərindən də qarametal yığımı səlahiyətinə malik olmuşdur. 04 saylı, 31 iyul 2006-cı il tarixli, 12 saylı, 12 sentyabr 2006-cı il tarixli, 14 saylı, 21 noyabr 2006-cı il tarixli müqavilə şərtlərindən də göründüyü kimi onun təmsilçiliyi ilə İQLİM BAİB-i arasında mal-materialların (qara metal yonqarı və qırıntısı) alınması və daşınması da onun tərəfindən təşkil olunmuşdur. Sahə rəisi vəzifəsində işlədiyi 01.02.2006-30.02.2007-ci illərdə həm Bakı şəhəri, şəhər ətrafı ərazilərindən və həm də Sumqayıt şəhəri üzrə qara metal yonqarı və qırıntılarının yığılmsı, alınması və həmçinin də daşınması işləri ilə məşğul olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışıdır ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Lakin Filial tərəfindən İddiaçı göndərilmiş məktubda təqdim etdiyi sənədlərə əsasən 10.07.1992-ci il tarixdən 11.10.1997-ci il tarixədək işlədiyini iddia etdiyi müəssisələrin arxiv sənədləri saxlanılmadığından həmin illərin sığorta stajına daxil edilməsinin mümkün olmadığı, təyin edilmiş aylıq pensiya məbləğinin dəyişməyəcəyi qeyd edilmişdir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində əmək kitabçasında qeyd edilən, inzibati orqan tərəfindən mübahisə predmetinə çevrilmiş illərin (01.07.1992-01.02.1994 və 11.10.1997), həmçinin əmək kitabçasında öz əksini tapmayan dövrlərin (01.02.2006-29.02.2007) sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması xahiş edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra-sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişiiərin yaş həddi 2017-ci il iyulundan başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq İddiaçı 01.06.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra təqdim edilmiş əmək kitabçası və ona əlavə edilmiş sənədlərə əsasən 01.01 2006-cı il tarixədək (əyani təhsil müddəti nəzərə alınmaqla 01.09.1970-24.06.1975) 29 il 7 ay sığorta stajı, 01.01.2006-cı il tarixdən 01.07.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 26522,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və 18.09.2017-ci il tarixdən 230,27 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar təyin olunmuş pensiyanın məbləği 01.01.2021-ci il taridən 583,61 manata çatdırılmışdır. İş materiallarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 17 noyabr 2021-ci il tarixli, **********81 nömrəli məktubda “Sparklinq Star” Səhmdar Cəmiyyəti və “X26” Birgə Müəssisəsinin özəlləşdirilən dövlət müəssisələrinin dislokasiyasında öz əksini tapmadığı qeyd edilmişdir. İş materiallarına əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş 06 iyul 2021-ci il tarixli, 4/1301 nömrəli məktubda “Sparkling Star’’ Səhmdar Cəmiyyətinin və Azərbaycan-Slovakiya “X26” birgə müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edimişdir. İş materiallarına əsasən X23 tərəfindən təqdim edilmiş 18 noyabr 2021-ci il tarixli, X-Y-0583 nömrəli məktubda 07.08.2009-cu il tarixdə müstəqil hüquqi şəxs olaraq yaradılmış “X23” MMC-nin məlumat bazasında İddiaçı əmək fəaliyyəti barədə heç bir informasiya olmadığı qeyd edilmisdir. İş materiallarına əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş 02 noyabr 2021-ci il tarixli, **********374100 nömrəli məktubda “SPARKLİN STAR” Cəmiyyətinin 31.05.1993-cü il tarixdə 267 nömrə ilə və "xxxx" Birgə Müəssisəsinin 24.09.1993-cü il tarixdə 569 nömrə ilə dövlət qeydiyyatından keçdiyi, həmçinin həmin hüquqi şəxslərin 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün müraciət etmədikləri qeyd edilmisdir. İş materiallarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsi təqdim edilmiş 10 noyabr 2021-ci il tarixli, **********720400 nömrəli məktubda “X26” və “X23” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi adlı kommersiya qurumlarının aşkar edilmədiyi qeyd edilmiş, eyni zamanda 31.05.1993-cü il tarixdə 267 nömrə ilə dövlət qeydiyyatına alınmış “Sparkling Star” Səhmdar Cəmiyyətinin sənədləri göndərilmişdir. Məktuba əlavə edilmiş “Sparkling Star” X15 Cəmiyyətinin nizamnaməsindən göründüyü kimi həmin Cəmiyyətin təsisçiləri qismində 4 şəxs: X16, X17, X18, X11 qeyd edilmişdir. Həmin nizamnamə üzrə heç bir sənəddə İddiaçı adına rast gəlinməmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən müəssisələrin dövlət qeydiyyatından keçməsi faktı İddiaçı həmin müəssisələrdə işləməsinə dəlalət etmir. Bu fakt sadəcə həmin müəssisənin mövcudluğunu sübut edir. İddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasına tələbinə dair müraciətinin müsbət həllinin mümkün olmamasınının səbəbi isə həmin müəssisələrin arxiv sənədlərinin saxlanılmaması ilə əlaqədardır. İş materiallarından göründüyü kimi direktor vəzifəsində işləyən iddiaçının adıçəkilən müəssisələrdə əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənəd (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbavcan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki səxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və va digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, 01.01.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin iş materiallarından göründüyü kimi İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən qevd olunan tarixlərdə sığortaolunan kimi askarlanmadığı qeyd edilmişdir. 01.02.2006-cı il tarixdən 29.02.2007-ci il tarixədək “X23” şirkətində işlədiyi dövrlər üzrə heç bir sosial sığorta ödənişləri edilmədiyi və məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat aşkar olunmadığından hesab edilmişdir ki, həmin dövrlərin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyil. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Yuxarıda sadalanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə qızı iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə Salyan rayonunda doğulmuşdur. - A-İ 004524 №-li, 17.10.1975-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1969-cu ildə M.Əzizbəyov adına X19 Ordenli Azərbaycan Neft və Kimya İnstutununa daxil olmuş və 1975-ci ildə “elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 24 iyun 1975-ci il tarixli qərarı ilə ona mühəndis elektrik ixtisası verilmişdir. - Cavadeh tərəfindən təqdim edilmiş iddiaçıya aid pensiya işinin materiallarında olan 15.11.1976-cı il tarixli ИТ-İ ******* №-li əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 30.10.1975-ci ildən 01.07.1992-ci ilə kimi Bakı Kondisoner Zavodunda nəzarətçi, şöbə rəisi, baş direktorun köməkçisi, baş mühəndisin müavini, 01.07.1992-ci ildən 01.02.1994-cü ilə kimi “Sparking Star” Səhmdar Cəmiyyətində şüşə məlumatlarının istehsalı müəssisəsinin direktoru, 01.02.1994-cü ildən 11.10.1997-ci ilə kimi "xxxx" Azərbaycan-X2 baş direktor, 21.10.1997-ci ildən 15.10.1999-cu ilə kimi "xxxx" Kiçik Müəssisəsinin direktoru, 22.10.1999-cu ildən 17.09.2003-cü ilə kimi “Neftqazavtomat” EİB 4 saylı Elmi tədqiqat şöbəsində, texniki şöbəsində baş mütəxəssis, 17.09.2003-cü ildən 29.12.2005-ci ilə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, 20.06.2008-ci ildən 14.06.2021-ci il tarixə kimi "xxxx" ASC-də, "xxxx" ASC-də bölmə rəisi, aparıcı mütəxəssis, mühəndis nəzarətçi, baş mühəndis vəzifələrində işləmişdir. - Cavadeh tərəfindən təqdim edilmiş iddiaçıya aid pensiya işinin materiallarından görünür ki, DSMF-nun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edilən komissiyasının 989 №-li, 17.06.2014-cü il tarixli qərarı ilə İddiaçı 09.06.2014-cü il tarixdən yaşa görə ömürlük 164,97 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilən zaman 01.01.2006-cı ilədək ümumi sığorta stajı 29 il 7 ay 25 gün müəyyən edilmişdir. Müxtəlif sərəncam və qərarlarla İddiaçı müraciətlərinə əsasən əmək pensiyası yenidən hesablanmış, sonuncu dəfə 18.03.2021-ci il tarixli, **********9 №-li qərar ilə diplomu nəzərə alınmaqla hesablanma aparılaraq əmək pensiyasının məbləği 568 manat 32 qəpik müəyyən edilmiş, şüşə məmulatları sənaye istehsal müəssisəsindəki arxiv sənədləri saxlanmadığından 01.07.1992-11.10.1997-ci iillərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. - “X23” MMC tərəfindən məhkəməyə ünvanlanmış X-Y-0583, 18.11.2021-ci il tarixli məktubdan görünür ki, 07.08.2009-cu il tarixində müstəqil hüquqi şəxs olaraq yaradılmış "X23" MMC-nin məlumat bazasında məktubda qeyd edilmiş İddiaçı əmək fəaliyyəti barədə heç bir informasiya yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 17.11.2021-ci il tarixli, **********81 №- li məktubdan görünür ki, “Sparklinq Star” Səhmdar Cəmiyyəti və “X26” Birgə Müəssisəsi özəlləşdirilən dövlət müəssisələrinin dislokasiyasında öz əksini tapmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05.11.2021-ci il tarixli, **********199300 №-li məktubdan görünür ki, dövlət reyestrində "SPARKLİN STAR" Cəmiyyətinin 31.05.1993-ci il tarixdə 267 nömrə ilə və "xxxx" Birgə Müəssisəsinin 24.09.1993-cü il tarixdə 569 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxslər 2004cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdirlər. 29.04.1998-ci il tarixdə 303 nömrə ilə dövlət qeydiyyatından keçmiş "X23 LİMİTED" X20 Nümayəndəliyi təsisçisinin qərarına əsasən 05.02.2014-cü il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.11.2021-ci il tarixli, **********720400 №-li məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İdarədə olan reyestrdə “X26” BM və “X23" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi adlı kommersiya qurumları aşkar edilməmişdir. “Sparklink Star” Səhmdar Cəmiyyəti 31.05.1993-cü il tarixdə 267 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti şüşə və şüşə məmulatlarının istehsalı, elmi-tədqiqat işlərinin həyata keçirilməsi, elmi-tədqiqat və layihə-konstruktor işlərinin təşkil edilməsi, xarici iqtisadi əlaqələrin həyata keçirilməsindən ibarətdir. 16.06.1997-ci ildə 267 № ilə qeydə alınmış Cəmiyyətin Nizamnaməsinin yeni redaksiyasına əsasən cəmiyyətin təsisçiləri X5, X6, X7, X8r. - Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış 20.10.2021-ci il tarixli, **********6 №-li məktubdan görünür ki, yaşa görə əmək pensiyasının yenidən hesablanmıs haqqında daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona 01.06.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda sözügedən Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bildirilir ki, qeyd olunan maddələrin tələblərinə uyğun olaraq təqdim etdiyi əmək kitabçası və ona əlavə edilmiş sənədlərin surətlərinə əsasən 01,01.2006-cı il tarixinədək (əyani təhsil müddəti nəzərə alınmaqla) 29 il 7 ay sığorta stajı, 01.01.2006-cı il tarixindən 01.07.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 26522,64 manat pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanmış və 18.09.2017-ci il tarixindən 230,27 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği 01.01.2021-ci il tarixindən 583,61 manata çatdırılmışdır. Müraciəti ilə əlaqədər bildirilir ki, 16.08.2021-ci il tarixli ərizəsində qeyd etdiyi 01.09.1970-ci il tarixindən 24.06.1975-ci il tarixinədək olan əyani təhsil müddəti və 30.10.1975-ci il tarixindən 01.07.1992-ci il tarixinədək olan “Bakı məişət kondisionerləri” EİB-də əmək fəaliyyəti dövrü əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı tam olaraq nəzərə alınmışdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X9, daxili nəzarət və monitorinq departamentinin 13.11.2020-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd edilmiş 01.07.1992-ci il tarixindən 11.10.1997-ci il tarixinədək “Şüşə məmulatları sənaye istehsal müəssisəsi”indəki əmək fəaliyyəti dövrləri araşdırılmışdır. Araşdırma zamanı sözügedən Müəssisənin arxiv sənədləri saxlanılmadığından həmin dövrlərin yoxlanılması mümkün olmamış və qeyd edilən dövrlər sığorta stajına əlavə edilməmişdir. Eyni zamanda bildiririlir ki, ərizəsində qeyd etdiyi 01.02.2006-cı il tarixindən 30.02.2007-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 42,89 manat pensiya kapitalı nəzərə alınmışdır. Müraciətində qeyd etdiyi 01.02.2006-cı il tarixindən 30.02.2007-ci il tarixinədək ödənilməyən məcburi dövlət sosial sığorta haqqına görə aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunur. Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq yenidən hesablanmış yaşa görə əmək pensiyasının ötən dövr üzrə (18.09.2017-ci il tarixindən) hesablanmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh tərəfindən 989 №-li, 17.06.2014-cü il tarixli qərarı ilə 01.06.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək əmək kitabçasında qeyd olunmuş 01.07.1992-ci il tarixindən 11.10.1997-ci il tarixinədək, həmçinin əmək kitabçasında qeyd olunmayan 01.02.2006-cı il tarixindən 30.02.2007-ci il tarixinədək olan əmək fəaliyyətinin sığorta stajı olaraq nəzərə alınaraq əmək pensiyasının yenidən hesablablanmasını xahiş etmiş, cavabdeh inzibati orqan 13.11.2020-ci il tarixli akta əsasən 01.07.1992-ci il tarixindən 11.10.1997-ci il tarixinədək “Şüşə məmulatları sənaye istehsal müəssisəsi”indəki əmək fəaliyyəti dövrlərinin yoxlanılmasının mümkün olmamasını, ona görə də və qeyd edilən dövrlərın sığorta stajına əlavə edilmədiyini, 01.02.2006-cı il tarixindən 30.02.2007-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 42,89 manat pensiya kapitalının isə nəzərə alınmasını bildirmişdir. Hazırda iddiaçı əmək kitabçasında əksini tapmış 01.07.1992- 01.02.1994-cü il və 01.02.1994-11.10.1997-ci il, həmçinin 01.02.2006-29.02.2007-ci il dövrlərindəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasının cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası baza hissəsindən; sığorta hissəsindən; yığım hissəsindən ibarətdir. - 10.1-ci maddəsinin tələbinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.4-cü maddəsinin tələblərinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P-yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. - 29-cü maddəsinə əsasən əmək pensiyasının sığorta ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının: - 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. - 3.6-cı bəndinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı ildən) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək əmək kitabçasına əsasında, qanunun qüvvəyə mindiyi tarixdən sonra isə sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Məhkəmə araşdırılması zamanı İddiaçı əmək kitabçasında qeyd olunan 01.07.1992ci ildən 01.02.1994-cü ilə kimi “Sparking Star” Səhmdar Cəmiyyətində şüşə məlumatlarının istehsalı müəssisəsinin direktoru, 01.02.1994-cü ildən 11.10.1997-ci ilə kimi "xxxx" Azərbaycan-X2 baş direktor işlədiyi dövrün həqiqətliyini yoxlanılması üçün müvafiq sorğu verilmiş, “Sparklink Star” Səhmdar Cəmiyyətinin 31.05.1993-cü il tarixdə 267 nömrə ilə, "xxxx" Birgə Müəssisəsinin isə 24.09.1993-cü il tarixdə 569 nömrə ilə dövlət qeydiyyatından keçməsi müəyyən edilmişdir. Halbu ki, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının həmin müəssisələrtin direktoru və baş direktoru kimi işləməsi barədə qeydlər də iddiaçının özü tərəfindən aparılmışdır. Bundan əlavə iddiaçının özünün iştirakı ilə cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı həmin müəssisələrin arxiv sənədlərinin mövcud olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud olsa da həmin sənəddə qeyd olunmuş 1992-1997-ci illərdəki əmək fəaliyyəti digər sənədlərlə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın həmin müddətlərı sığorta stajına daxil edilməməsi ilə bağlı mövqeyi əsaslıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı 01.02.2006-29.02.2007-ci illərdə "X23" şirkətinin Sumqayıt şəhəri üzrə qarametal tədarükü zonasının idarə edilməsi, sahə rəisi vəzifəsinin icraçısı kimi işlədiyini iddia etsə də həmin dövr əmək kitabçasında qeyd edilməmişdir. Bundan əlavə 01.01.2006-cı ildən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və iddiaçının iddia etdiyi həmin həmin dövr üzrə fərdi hesabının sığorta hissəsində 42,89 manat pensiya kapital qeydə alınmışdır ki, həmin kapital da iddiaçının pensiyasının hesablanması zamanı cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildiyindən və ödənildiyindən, yaşa görə əmək pensiyasının məbləği müəyyən edilən zaman qanunvericiliyin qüvvədə olan normaları nəzərə alınmaqla düzgün tətbiq olunduğundan, iddia tələbində göstərilənlərin hüquqi əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının tələbinin təmin edilməsi üçün qanuni və hüquqi əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1077/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1077/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver