Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1077/2023 27.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə gələrək vaksin vurulmasının yoxlanılması ilə bağlı müştəri qismində əyləşən şəxslərdən şəxsiyyət vəsiqələrini tələb etmişdir. Daha sonra, vəsiqələr yoxlanılaraq obyekt tərk edilmişdir. Daha sonra telefon vasitəsi ilə ona zəng edilərək vergi orqanına dəvət edilmiş və cavabdeh qeyd etmişdir ki, 5 nəfər fiziki şəxs əmək müqaviləsi olmadan onun tərəfindən işlədilir. Ona bir-neçə ad çəkilsə də həmin şəxslərin müştəri olduğunu, işçi olmadıqlarını bildirmişdir. Ona daha sonra məlum olmuşdur ki, bununla bağlı inzibati orqan tərəfindən qərar qəbul edilmiş və vergi hesablanmışdır. Halbuki, bununla bağlı akt onun tərəfindən imzalanmamış, bununla bağlı izahatlar alınmamış, heç bir sübut təqdim edilməmişdir. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi nəzarət tədbiri zamanı 5 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında maliyyə sanksiyası tətbiq edilmişdir. İşçi Ə.Hüseynova öz izahatında onunla heç bir əmək müqaviləsi bağlanılmadan işlədiyini etiraf etmişdir. İddiaçı vəfat edən yaxın qohumunun mərasimində iştirakla əlaqədar həmin vaxt Bakı şəhərində olmamış, özünü onun yaxın dostu kimi təqdim edən şəxs 4 nəfər işçinin izahatının yalnız iddiaçının iştirakı olacağı halda veriləcəyini bildirmiş, bu səbəbdən də 4 nəfər şəxsin izahatını almaq mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, əhali iddiaçının obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərara əsasən iddiaçının obyektində operativ vergi nəzarətinin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Zəruri sənədlərin tələb edilməsi haqqında tələbnamədən görünür ki zəruri sənədlərin, o cümlədən əmək müqviləsi bildirişlərinin təqdim edilməsi tələb edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi barədə aktdan görünür ki, 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi müəyyən edilmişdir. İddiaçının izahatından görünür ki, yoxlamada iştirak edə bilməməsi qohumunun vəfat etməsi ilə əlaqədar şəhərkənarında olması ilə bağlı olmuşdur. Ə.Hüseynova izahat verərək ofisiant vəzifəsində işə qəbul edildiyini qeyd etmişdir. Lakin izahatın sona qədər, nəzərdə tutulmuş bütün suallar üzrə verilməsi mümkün olmamışdır. Aktdan görünür ki, işçi olan, lakin əmək müqaviləsi olmayan 5 nəfər şəxsin şəxsiyyəti müəyyən edilmiş, iddiaçının yaxın dostu kimi qeyd etdiyi şəxs onlara həmin şəxslərin izahatının iddiaçı burda olmadığından verilməsinə maneə olmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, iddiaçı 5 nəfər fizik şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə məsuliyyətə cəlb edilmişdir. X1 Xidmətinin 31 mart 2022-ci il tarixdə 5 nəfər əmək müqaviləsiz şəxsi əmək fəaliyyətinə cəlb edilməsi əsası ilə vergi məsuliyyətinə cəlb edilmə barədə barəsində qərar çıxarılmış İddiaçı (VÖEN:**********) ilə 2022-ci ilin fevral ayından sonra hər hansı şəxslərlə əmək müqaviləsi bağlayıb-bağlamaması, əmək müqavilələri bağlanılmışdırsa bununla bağlı bağlı Xidmətin elektron informasiya sistemində mövcud olan məlumatların (həmin şəxslə əmək müqaviləsi bağlayan şəxslərin adları, əmək fəaliyyətinə başladığı tarix, əmək müqaviləsinə xitam tarixləri və s) sorğuya cavab məktubundan müəyyən edilir ki, 22 fevral 2022-ci il tarixdə K.Əlyarova ilə əmək müqaviləsi bağlanılmış və 31 mart 2022-ci il tarixdə xitam verilmiş, E.Bayramova və A.Rzazadə ilə 31 mart 2022-ci il tarixdə müqavilə bağlanılmış və hal-hazırda qüvvədədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ə.Hüseynova obyetkin tanışına məxsus olduğunu, iddiaçının qayınatasının rəhmətə getməsi səbəbindən kömək məqsədi ilə oradan qaldığını, ona yazının məcburən yazdırıldığını, oranın işçilərindən ikisini tanıdığını aktda adıkeçən digər 4 nəfəri isə tanımadığını qeyd etdi. Yoxlamada iştirak etmiş vergi orqanının əməkdaşı E.Süleymanov şahid qismində izahat verərək yoxlamanın keçirilməsi zamanı qanun pozuntusuna yol verilmədiyini, aktda qeyd olunanların həqiqəti əks etdirdiyini, tam qaydada izahatın verilməsinə mane olunduğunu və məsuliyyət üçün əsas yaratdığını qeyd etdi. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin aşağıdakı faktiki halları ilə isə fiziki şəxslərin iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının vergi pozuntusunda təqsirini təsdiq edir. Belə ki, işin faktiki hallarından da müəyyən edilir ki, vergi yoxlaması iddiaçının obyektində 09 fevral 2022-ci il tarixdə başlamışdır. Məntiqi haldır ki, çayxana kimi obyektin fəaliyyət göstərməsi özündə ona dəlalət edir ki, müəyyən işçilərin həmin obyektdə işləməsi (aşpaz, ofisiant və s) mütləqdir. İddiaçının izahatından da müəyyən edilir ki, yoxlama zamanı iddiaçı özü də orda olmamışdır. X2 Xidmətinin məhkəmə sorğusuna cavab məktubundan isə müəyyən edilir ki, yoxlamanın aparıldığı 09 fevral 2022-ci il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlamış heç bir şəxs olmamış, fevral ayında ik müqavilə 22 fevral 2022-ci il tarixdə olmuş, daha sonra 31 mart 2023-cü il tarixdə həmin müqaviləyə 31 mart 2022-ci il tarixdə xitam verilmiş, digər müqavilələr isə iddiaçının məsuliyyətə cəlb edilmə barədə qərarın qəbul edildiyi tarix olan 31 mart 2022-ci il tarixdə bağlanılmışdır. İddiaçı müqavilə bağlanılmış şəxslərdən birinin aşpaz, digərinin isə ofisiant olduğunu qeyd etmiş, 09 fevral tarixində isə obyektin tam açılmaması səbəbindən işçinin olmadığını, obyektin tam açılışının aprel ayından başlanıldığını bildirmişdir. Halbuki işin faktiki halları, 09 fevral 2022-ci il tarixdə obyektin açıq olduğu, lakin iddiaçının şəhərdənkənar olması, iddiaçının pandemiya ilə əlaqədar yoxlama adı ilə vəsiqələrin müştərilərdən alınması ilə bağlı qeyd etdikləri, o cümlədən aktda şəxslərin izahat verilməsinə mane olunması, şahidin izahatı məcbur qaydada yazdırılmağa çalışılması ən azından 09 fevral 2022-ci il tarixdə həqiqətən də orada fəaliyyətin olmasını təsdiq edir. Digər halda isə məntiqsiz bir hal yaranar ki, iddiaçı bir tərəfdən müştərilərdən vaksin vurulması ilə vəsiqələrinin istənilməsinə istinad edir, digər tərəfdən isə obyektin açıq olmadığına istinad kimi tam bir birinə zidd olan mövqeyə etibar edilməli olar. Göründüyü kimi obyektdə 09 fevralda iddiaçının özünün də qeyd etdiyi kimi ən azından müştərilər olmuş, müəssisə fəaliyyət göstərmişdir. Yoxlama zamanı tam izahat verməyən, onun izahat verilməsinə məcbur edildiyini qeyd edən, lakin məhkəmə iclasında şahid qismində ifadəsində obyektə kömək məqsədi ilə getdiyini qeyd edən şahid Ə.Hüseynova kömək üçün qeyd edən şəxsin sözləri də ən azından obyektin tam açıq olmaması ilə bağlı mövqeyin əsassız olduğunu təsdiq edir. Göründüyü kimi işin faktiki halları və izahatlar, iddia ərizəsi obyektin həmin an üçün açıq olduğunu, fəaliyyət göstərdiyini təsdiq etmişdir. Xidmətin sorğuya cavab məktubu isə digər halı ümumiyyətlə heç bir işçi ilə əmək müqaviləsi bağlanılmadığını təsdiq etmişdir ki, məhkəmə də cavabdehin əmək müqaviləsi olmadan şəxslərin işə cəlb edilməsi halının yoxlanılması ilə əlaqədar yoxlama tədbirlərinin həyata keçirilməli olmasına da şübhələrinin əsaslı olduğunu müəyyən etmişdir. Yoxlama zamanı da cavabdehin nümayəndələri tərəfindən olsa da tərtib edilmiş aktın nəticələri də yuxarıda qeyd olunan səbəblərdən şübhə doğurmur. Həmin aktdan isə görünür ki, fiziki şəxs kimi işə cəlb edilmiş şəxslərin izahatının verilməsi tələb edilmiş, lakin həmin izahatın verilməsinə mane olunmuşdur ki, yoxlamada cavabdehin yoxlamanın aparılmasına, izahatların, video və audio çəkilişlərin alınmasına imkan yaradılmaması məhkəmə hesab edir ki, cavabdehin məsuliyyətə cəlb etmə barədə qərarın qəbuluna əsas olmuş faktiki halları təsdiq etməməsi qismində çıxış edə bilməz. Əksinə yoxlamanın aparılmasına iddiaçının obyektdə nəzarəti həyata keçirməsi üçün müəyyən etdiyi şəxs tərəfindən mane olunmuş, izahatların verilməsinə imkan verilməmişdir ki, bu hal vəziyyəti məhkəmə hesab edir ki, iddiaçının təqsirini istisna edən hal kimi qiymətləndirilməməlidir. Bu zaman Ə.Hüseynovanın yarımçıq formada olsa da, imzalamasa da, müəyyən edilir ki, iddiaçının obyektə nəzarət üçün qoyduğu şəxs tərəfindən maneə olunması nəticəsində vermiş olduğu izahatından da müəyyən edilir ki, həmin şəxs ofisiant qismində işə cəlb edilmişdir. Onun əmək müqaviləsinin olmaması barədə cümlə isə yarımçıq qalmışdır. Lakin həmin izahatın yarımçıq qalması etirafın edilməməsi kimi də müəyyən edilməməlidir. Belə ki, şahid qismində həmin şəxs ifadəsində məcburən yazı yazdırıldığını qeyd etmişdir. Doğrudur izahatınməcburi olaraq alınması qeyd edilsə də məhkəmə araşdırması zamanı məcburetmənin nədən ibarət olması müəyyən edilməmiş, vergi orqanın yoxlamada iştirak etmiş əməkdaşınında şahid qismində dindirilərkən hər hansı məcburiyyət tədbirlərini həyata keçirdiyini aşkar etməmişdir. Lakin şahidin həmin ifadəsi özünün məcburi olması adı altında olsa da yazı yazdığını, yəni yarımçıq yazılı izahatın onun tərəfindən icra edildiyini müəyyən hal kimi müəyyən edilməlidir. Eyni zamanda məhkəmə onun da qeyd edilməzini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə iddiaçının irəli sürdüyü dəlillər işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın rəddinə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1077/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1077/2023
27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver