Məhkəmə qərarları › İş №2-1(112)-10770/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10770/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10770/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində cəlb edilməsini Qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun sənədli ev alıb ailəsinin gələcəyini təmin etməyi üçün bazar qiymətinə uyğun 25.000 (iyirmi beş min) manat məbləğində və eləcə də bununla bağlı aldığı hüquqi yardıma görə ödədiyi 100 (bir yüz manat) manat məbləğində maddi ziyanın ödənilməsi və 10.000 (on min manat) dəyərində vurulmuş mənəvi ziyanın ödənilməsi öhdəliyinin Binəqədi rayonu Xocasən Bələdiyyəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin avqust ayında qonşuluqda yaşayan vətəndaş X2 özünə məxsus olan evi satırdı və o, həmin evi almaq qərarına gəlmişdi. Evi alan zaman N.Mirzəyeva torpaq sahəsini və evi birbaşa olaraq onun adına sənədləşdirəcəyini bildirmiş və bununla da onlar Xocasən Bələdiyyəsinə getmişlər. Onları qəbul edən Bələdiyyənin müvafiq əməkdaşı qəbzlərini bu ərizəyə əlavə etdiyi, hətta N.Mirzəyevanın ödəməmiş olduğu vergi və kommunal borclarını da ona ödətdirərək, torpaq sahəsinin tez bir zamanda adına sənədləşdiriləcəyinə söz vermişdir. Bələdiyyə əməkdaşının verdiyi sözə etimad göstərərək həmin evi şifahi əqd əsasında 10.000 (on min) manata N.Mirzəyevadan almışdır. Lakin həmin vaxtdan bu günə kimi, torpağı adına sənədləşdirə bilməmişdir. Dəfələrlə Bələdiyyədə olmuş və daha sonra sədr yerində olmadığı üçün sədri əvəz edən şəxs kimi təqdim olunan müavin tərəfindən, daha sonra isə sədr tərəfindən qəbul olunaraq dinlənilmiş, lakin müxtəlif başaldadıcı sözlərlə yola verilmiş və nəticə etibarı ilə, yenə də bu günə kimi torpaq sahəsini adına sənədləşdirə bilməmişdir. Qeyd olunan vaxtdan sonra, həmin evi aldığını təsdiq edən sənəd əldə edə bilməsə də, faktı təsdiq edən hal kimi, elektrik sayğacının abonent kodunu N.Mirzəyevanın adından öz adına keçirmiş, qaz sayğacını isə, onun qazdan qanunsuz istifadəyə görə ödənilməmiş borcu olduğu üçün, adına keçirə bilməmişdir. Bununla yanaşı, evin eskiz layihəsini hazırlatmışdır. 3-cü qrup əlil və epilepsiya xəstəsidir. Aldadıldığını biləndən ciddi mənəvi sarsıntı keçirmiş və bu səbəbdən, xəstəliyi ilə əlaqədar epileptik tutmaları artmışdır. Belə ki, uzun illər ərzində fəhləçilik edərək yığdığı pulun Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri sayəsində havaya sovrulması onun gələcəyə olan ümidlərini məhv etmişdir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi ilə bələdiyyələr də inzibati orqan kimi müəyyən olunmuşdur. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və va digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir. Həmin Qanunun etimad hüququnun qorunması prinsipini müəyyən edən 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü bəndinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır yə şəxsin etimad hüququnun əsasını təşkil edir. Qeyd edilən evin əvvəlki sahibinin ödənilməmiş 2015-2020ci illəri əhatə edən və tərəfindən ödənilmiş əmlak vergisinin və kommunal xərclərin qəbzləri Bələdiyyənin yazılı vədlərini təsdiq edir və Qanunun 13.3-cü maddəsi ilə müəyyən edilmiş etimad hüququnun əsasını təşkil və faktı təsdiq edir. Belə ki, Bələdiyyə əməkdaşlarının evi adına sənədləşdirəcəyi vədi olmasaydı, həmin evi almayacaqdı və təbii ki, o evdə yaşamadığı illərə görə də kommunal və vergi borcunu ödəməyəcəkdi. Eyni zamanda, Qanunun 13.5-ci maddəsinə əsasən isə fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi, Bələdiyyə əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifə səlahiyyətlərini aşması nəticəsində ona mühüm ziyan vurulmuşdur. N.Mirzəyeva Bələdiyyə əməkdaşları ilə hansısa qanunsuz maraq çərçivəsində əvvəlcədən razılaşmış və birgə şəkildə onu aldadaraq, sənədsiz torpağı birbaşa olaraq onun adına sənədləşdirəcəyinə söz verməklə satmışdır. Qeyd olunan hallarla bağlı tərəfindən xx.xx.2023-cü il tarixdə Xocasən Bələdiyyəsinə rəsmi müraciət olunmuş, hal-hazırda onun istifadəsində olan torpaq sahəsi Xocəsən Bələdiyyəsi tərəfindən vətəndaş X1 və ya atası Sakit Mirzəyevə ayrılmışdırsa, təsdiq olunmuş surətinin verilməsi, N.Mirzəyevanın, hal-hazırda isə onun istifadəsində olan torpaq sahəsində mövcud olan tikili hansı vaxtdan mövcuddur və həmin torpaq sahəsinə görə əmlak vergisi ödənilməsi kim tərəfindən və hansı vaxtdan başlanılmışdır kimi sualların cavablandırılması xahiş olunmuşdur. Həmçinin, qeyd olunanlara və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.6, 6.7, 7.3.1 və 9-cu maddələrinə əsasən, həmçinin yaranmış mübahisənin ədalətli şəkildə, hüquqi müstəvidə aradan qaldırılması məqsədi ilə vətəndaş N.Mirzəyevaya və ya atası S.Mirzəyevə Bələdiyyə tərəfindən hal-hazırda istifadəsində olan torpaq sahəsi ayrılmışdırsa, bununla bağlı olan Qərarın və bütün digər sənədlərin faktiki hallara və sənədlərə əsaslanaraq onun adına dəyişdirilməsi, belə bir Qərar mövcud deyildirsə, həmin Qanununun 16.3-cü maddəsinə (Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, eyni zamanda torpaq vergisinə cəlb edilir) uyğun olaraq hal-hazırda istifadəsində olan torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini, bunlar mümkün olmadığı halda, Bələdiyyənin təqsiri üzündən ona vurulmuş təqribi 25.000 (iyirmi beş min) manat məbləğində maddi ziyanın ödənilməsi və ya bunun da mümkün olmadığı halda torpaq sahəsinin əvəzləşdirilməsi və üzərində halhazırda istifadəsində olan evin formasında evin tikintisini və əlavə olaraq, 10.000 (on min manat) dəyərində vurulmuş mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Lakin Bələdiyyə “İnzibati İcraat haqqında” Qanunun müraciətlərə baxılması prosedur prinsiplərini tənzimləyən normalarını (20-27-ci maddələr) və inzibati icraat qaydalarını (28-52-ci maddələr) kobud şəkildə pozaraq, qeyri-iş günləri (20, 21 may) də nəzərə alınsa, ona qısa müddət ərzində formal xx.xx.2023-cü il tarixli cavab məktubu göndərməklə suallarını cavablandırmamış, maddi və mənəvi ziyanla bağlı tələblərinə, həmçinin Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı qeyd etdiyi faktlara münasibət bildirməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02-7/39 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhəri ərazisində Azərbaycan Respublikasının 2002-cı ıl 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında Əsasnamənin” 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırma sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci ilin yanvarın 1-dən etibarən müvəqqəti olaraq dayandırıldığından, sözügedən torpaq sahəsinin adına rəsmiləşdirilməsi imkan xaricindədir. Məhkəmənin 2-1(112)-11764/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasında iştirak edən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək bildirilmişdir ki, iddia tələbi aydın deyil, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi, prosessual həmiştirakçılığın əsaslandırılması, iddiaçının hüquqi marağını (subyektiv hüququnu) və eyni zamanda cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsin hazırki iddiaya cavab verməli olmasını əsaslandıran hallar barədə məlumatın verilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, evinə çıxarış alıb yaşayış yeri üzrə qeydiyyata düşə bilmədiyinə görə Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ona 25.000 manat məbləğində və100 manat məbləğində maddi və 10.000 mənəvi ziyanın ödənilməsi tələb edir. Bu barədə iddia ərizəsində ətraflı qeyd etmişdir. İddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində cəlb edilməsini, Qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun sənədli ev alıb ailəsinin gələcəyini təmin etməyi üçün bazar qiymətinə uyğun 25.000 (iyirmi beş min) manat məbləğində və eləcə də bununla bağlı aldığı hüquqi yardıma görə ödədiyi 100 (bir yüz manat) manat məbləğində maddi ziyanın ödənilməsi və 10.000 (on min manat) dəyərində vurulmuş mənəvi ziyanın ödənilməsi öhdəliyinin Binəqədi rayonu Xocasən Bələdiyyəsinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi formal tələblərə cavab vermir. Belə ki, iddia ərizəsində cavabdeh qismində Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi göstərilsə də, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin də cavabdeh qismində cəlb edilməsini tələb etmişdir. İddia tələbi aydın deyil, prosessual həmiştirakçılıq iddiaçı tərəfindən əsaslandırılmamış, hər bir cavabdehin hansı tələbə cavab verməli olması dəqiqləşdirilməmişdir. Yuxarıda qeyd edilən hallarla bağlı iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilsə də, iddia ərizəsindəki çatışmazlıqlar aradan qaldırılmamış, iddiaçı iddia tələbini müdafiə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı öz hüquqi marağını (subyektiv hüququnu) əsaslandıra bilməmişdir, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Həmçinin iddiaçı cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsin hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar