Məhkəmə qərarları › İş №2-1(112)-10774/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10774/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10774/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi və tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin yanvar ayında 553 manat təqaüd alırdı. DOST xidmətinə pensiyanın atırılması üçün müraciət etmişdir. Qanunsuz olaraq 4 il ərzində 175 manat təqaüddən pul tutmuş və pensiyasını 2 manat azaltmışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10774/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2022-ci il tarixli **********3 saylı qərarının 175,25 manat pulun tutulması hissəsində ləğv olunması və tutulmuş 175,25 manat vəsaitin geri qaytarılması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2014-cü il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 30 il 11 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4.885,47 manat pensiya kapitalı əsasında həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə pensiyanın yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmişdir. Həmin müraciət əsasında təqdim olunan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 34 il 9 ay sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 335,28 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən pensiya məbləği xx.xx.2020-ci il tarixdən 390,94 manata, xx.xx.2021-ci il tarixdən 435,50 manata, xx.xx.2022-ci il tarixdən 450,31 manata çatdırılmışdır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” qanunun müddəalarından göründüyü kimi pensiya təyin olunarkən iş illərinin sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta stajının ödənilməsi ilə şərtlənir. Bundan əlavə, Ali Məhkəmənin 2-1(102)-853/2020 saylı qərarından da göründüyü kimi, əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Əlavə olaraq bildirilir ki, araşdırılma zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixli müraciət əsasında əmək pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7.094,00 manat olduğu halda 8.528,00 manat nəzərə alınaraq hesablandığı üçün pensiyanın məbləği artıq ödənilmişdir. Nəticədə iddiaçının yaşa görə əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 175,25 manat artıq hesablanaraq ödənilib. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd edilən xx.xx.2022-ci il tarixli **********3 saylı qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş 175,25 manat məbləğ 2022-ci ilin aprel ayından aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmuşdur. Göründüyü kimi iddiaçının əmək pensiyası təhsil illəri də daxil olmaqla yenidən hesablanaraq 335,28 manat müəyyən edilmişdir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən, İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 1969-cu məhəllə, ev 14, mənzil 10 ünvanında qeydiyyatdadır. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1343 nörməli qərarı ilə İddiaçı xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə 4 saylı Bakı “DOST” Mərkəzi vasitəsilə cavabdehə müraciət edərək əyani təhsil alığı müddətin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir . -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nörməli qərarına əsasən təhsil illəri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması nəticəsində fərdi hesab üzrə PSK-nın məbləği 8224 manat, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2022-ci il, yenidən hesablanmış pensiya məbləği 450 manat 31 qəpik, xx.xx.2018-ci ildə işdən çıxma hesablanan zaman PSK düzgün hesablanmadığından artıq vermə yaranmışdır. 7094,85/ 99=86,15 manat hesablanmışdır. Artıq vermə məbləği 175, 25 manat. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə 4 saylı Bakı “DOST” Mərkəzi vasitəsilə pensiyadan tutulmanın səbəbi barədə məlumat almaq üçün cavabdehə müraciət etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nörməli qərarına əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən təyin edilmiş 450 manat 31 qəpik məbləğində pensiya xx.xx.2022-ci il tarixdə yenidən hesablanaraq 450 manat 31 qəpik müəyyən edilmişdir. - X4 Sistemindən çıxarışa əsasən İddiaçı təyin edilmiş pensiyadan aprel, may, iyun, iyul ayları üçün hər ay 43.81 manat olmaqla tutulmalar aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2014-cü il tarixində qüvvədə olan tələblərinə əsasən 30 il 11 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4.910,40 manat pensiya kapitalı əsasında sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaala) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 5.662,44 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2018-ci il tarixindən 315,17 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği xx.xx.2019-cu il tarixindən 324,62 manata çatdırılmışdır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövrüçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. xx.xx.2022-ci il tarixli müraciətiniz əsasənda təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1969-cu il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığınız illər nəzərə almmaqla xx.xx.2006-cı il tarixinədək 34 il 9 ay sığorta stajı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən 335,28 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən pensiyanızın məbləği xx.xx.2020-ci il tarixindən 390,94 manata, xx.xx.2021-ci il tarixindən 435,50 manata, xx.xx.2022-ci il tarixindən 450,31 manata çatdırılmışdır. Əlavə olaraq bildilir ki, müraciətinizin araşdırılması zamanı məlum olmuşdur ki, sizin xx.xx.2018-ci il tarixli müraciətiniz əsasında əmək pensiyanız yenidən hesablanarkən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 7.094,00 manat olduğu halda 8.528,00 manat nəzərə alınaraq hesablandığı üçün pensiyanızın məbləği artıq ödənilmişdir. Nəticədə yaşa görə əmək pensiyanızın məbləği xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 175,25 manat artıq hesablanaraq ödənilib. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd edilən xx.xx.2022-ci il tarixli **********3 saylı qərarına əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş 175,25 manat məbləğ 2022-ci ilin aprel ayından aylıq əmək pensiyanızdan tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti cavabdeh SÖTMF-nin pensiyanın yenidən hesablanması haqqında qərarının qismən ləğvi mübahisələndirmə haqqında iddiadır. Tutulmuş məbləğin geri qaytarılması barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda onun aylıq pensiyasından tutulmaların aparıldığını bildirmiş, sözügedən artıq ödənilmiş məbləğin tutulması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarı barəsində məlumat vermişdir. İddiaçının adıçəkilən qərardan ən tezi xx.xx.2022-ci il tarixdən məlumatlı olduğu, hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alındıqda iddiaçının inzibati aktın mübahisələndirilməsinə görə 30 günlük iddia müddətini ötürmədiyi müəyyən olunur. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya cavabdehin xx.xx.2014-cü il tarixli 1343 nörməli qərarı ilə xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək təhsil illərinin nəzərə alınmaqla yaşa görə əmək pensiaysının yenidən hesablanmasını xahiş etmiş, bu zaman cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının təhsil illəri nəzərə alınmaqla pensiyası yenidən hesablanmış və pensiyasının məbləği 450 manat 31 qəpiyə çatdırılmışdır. Yenidən hesablanma zamanı xx.xx.2018-ci ildə işdən çıxma zamanı PSKnın düzgün hesablanmadığı aşkar edilərək iddiaçıya ümumilikdə 175,25 manat pensiyanın artıq ödənildiyi müəyyən edilmiş və sözügedən xx.xx.2022-ci il tarixli qərarla eyni zamanda həmin məbləğin aprel 2022-ci ildən tutulması qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı yenidn hesablama haqqında xx.xx.2022-ci il tarixli qərarın artıq ödənilmiş 175,25 manat əmək pensiyasının tutulması hissəsində ləğv edilməsini mübahisələndirdiyindən məhkəmə həmin qərarın qanuniliyini mübahisələndirilən hissədə “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. İddiaçıya aid pensiya alt sistemindən çıxarışa əsasən onun əmək pensiyasından 2022-ci ilin aprel ayından başlayaraq tutulma aparılmışdır. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu iddiaçıdan onun aylıq əmək pensiyasından artıq ödənilmiş hesab etdiyi məbləğin tutulmasına razılığının alınması ilə bağlı müraciət deyil, artıq ödənilmiş hesab etdiyi məbləğin əmək pensiyasından tutulmanın aparıldığı barədə “məlumat”dır. Üstəlik həmin “məlumat məzmunlu” məktubuna inzibati orqanın qəbul etdiyi artıq ödənilmiş məbləğin tutulması haqqında qərarı da əlavə olaraq göndərilməmişdir. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. Belə olan halda, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə qərar qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əliverişsiz inzibati akt qəbul edilmiş və həmin aktın bilavasitə icra edilməsinə başlanılmışdır. Mübahisələndirilən qərardan görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan artıqvermənin nə olduğu müəyyən edilməmiş, artıq hesablama üçün əsas yaranmışdırsa, bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********3 saylı qərar pensiyanın tutulması hissəsində iddiaçıya münasibətdə əliverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə qəbul olunduğundan həm də həmin hissədə qanunsuz hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalı və belə bir akt ləğv olunmaqla bərabər onun yaratmış olduğu hüquqi nəticələr də aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli **********3 saylı qərarının 175,25 manatın tutulması hissəsində ləğv edilməli, iddiaçıya ödənilən yaşa görə əmək pensiyasından 2022-ci ilin aprel, may, iyun, iyul ayları üzrə tutulmuş 175,25 manat məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 saylı nömrəli qərarı 175,25 manatın tutulması hissəsində ləğv edilsin. İddiaçı ödənilən yaşa görə əmək pensiyasından 2022-ci ilin aprel, may, iyun, iyul ayları üzrə tutulmuş 175,25 manat məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar