Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10775/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə, “X1” ASC-yə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə, “X1” ASCyə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri 19 saylı Notariat Ofisi Xüsusi Notariusu tərəfindən verilmiş icra qeydinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, 30 may 2024-cü il tarixdə Bakı şəhəri, Rəşid Behbudov, ev 55, məhəllə 384 yerləşən UNİBANK KOMMERSİYA BANKİ açıq səhimdar cəmiyyəti ilə iddiaçılar arasında 250000 manat pul vəsaitinin götürülməsi ilə bağlı 49Yİ/19-2 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Natariusun icra qeydinə əsasən öhdəliyi müəyyən edən 33SDR/24-1 saylı əlavə kredit müqaviləsinə əsasən, müddət üçün vaxtında ödənilməmiş, 177527.41 AZN əsas borc, 109.73 AZN faiz borcu, 1334 33 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 187971.47 AZN təşkil edir. Cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisi eləcə də digər cavabdehlər tərəfindən heç bir bildiriş ünvanına göndərilməmişdir. Ümumiyyətlə evinin icraata yönləndirilərək hərraca çıxarılmasına dair heç bir məlumatı yoxdur. Bununla yanaşı icra qeydi üzrə göstərilir ki, onlara məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən mülkiyyət cavabdehlər tərəfindən hərraca çıxarılıb. Hər iki ipotekaya qoyulmuş mənzili cəmi qiyməti qara bazarda 500 000 manatdan çoxdur. İddiaçılara məxsus mənzilin birinin qiyməti onların cavabdehlərə olan borcunu ödəməklə yanaşı hətta satışa qoyulmuş məbləğdən artıq vəsaitdə qalır. Bir mənzilin qiyməti onların cavabdehə olan borcu artıqlaması ilə ödədiyi halda 2-ci mənzilini hərraca çıxarmasının hansı səbəbləri olduğu bilinmir. Bunun hansı qanuni tərəfləri vardır. Bir mənzil hərraca çıxarılma və cavabdehin borcunu ödəmək üçün yetərlidir. Əvvəllər belə məsələlər məhkəmə qaydasında mübahisələndirildiyi zaman vətəndaşa məhkəmə bildirişi gəlirdi və məhkəmə bitənə qədər vətəndaş borcunun ödənilməsi barədə ölçü götürürdü, əgər ödəməsə, bu anda bank haqqlı olaraq məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra mülkiyyəti hərraca çixarmaq yolu ilə dəymiş ziyanını qarşılayırdı. Lakin bank öhdəliyi yerinə yetirilmədiyi halda 10 gün könüllü vaxtın verilməsi və üstəlik heç bir bildiriş vərəqinin ünvana daxil olmadığı üçün vətəndaşlar xəbərsiz olur. İddiaçılar notariusun icra qeydini qeyri-rəsmi olaraq şəklini əldə etmişlər. Onlara poçt vasitəsi ilə heç bir bildiriş gəlməmişdir. Nəticə də vətəndaş narazilığı yaranır. Bundan əlavə 1334.33 manata yaxın dəbbə pulu və eyni zamanda da 9109 faiz pulu hesablamışlar. Bunun nə dərəcədə doğru olduğunu məhkəmə müəyyən etməlidir. AR-nın "Notariat haqqında Qanuna" əsasən Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr 156 nömrəli Qərarı ilə təsdiq edilmiş, Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş, formada bildiriş göndərilməlidir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
7. Məhkəmə qeyd edir ki, hər hansı mübahisə üzrə şikayətin mülki və ya inzibati icraat qaydasında baxılmalı olması, yəni bu işlərin məhkəmə aidiyyəti, ilk növbədə, tərəflərin hüquqi statusunun, xüsusən mübahisə predmetinin mülki yaxud inzibati hüquqi xarakter daşımasının, tərəflər arasında mübahisəyə səbəb olan hüquq münasibətlərinin ümumi (publik) yaxud xüsusi hüququn normaları ilə tənzimləndiyinin müəyyən edilməsi əsasında təyin olunur.
8. Məhkəmə araşdırması nəticəsində müəyyən etdi ki, iddiaçılar hazırda cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisi Xüsusi Notariusu tərəfindən verilmiş icra qeydinin ləğv edilməsini xahiş edirlər.
9. İddia ərizəsində irəli sürülən tələb inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə hesab edir ki, notariat hərəkətlərindən verilmiş şikayətlərə, o cümlədən notariusun icra qeydindən verilən şikayətə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.
10. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir: Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir:
1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin.
2. Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin
12. Eyni zamanda Konstitusiya Məhkəməsinin göstərilən mövqəyinə əsasən qeyd edilməlidir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi notariusun apardığı icra qeydi publik münasibətləri deyil, xüsusi hüquqi münasibətlərin nizama salınmasına yönəlmişdir.
13. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, həmin qəbildən olan işlərə baxılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən araşdırılmalıdır. Bu baxımdan hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
14. Odur ki, iddiaçılara müvafiq ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
17. Odur ki, Ali Məhkəmənin Plenumunun istinad edilən qərarında (10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində) ifadə edilmiş hüquqi mövqeyə görə, belə tələblərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva