Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10782/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya məxsus ЗТ-1772396 № li əmək kitabçasına əsasən o; xx.xx.1980-ci il tarixdən 1.1.1997-ci il tarixədək Sovet Konstitusiyası adına sovxozun 22 saylı tarla-becərmə briqadasında işləmişdir (16 il, 7 ay, 8 gün). xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “AGS” LTD” ŞTİ-də xadimə işləmişdir (6 il 8 ay, 12 gün). 1.10.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də xadimə işləmişdir (3 il 4 ay 13 gün). İddiaçı 5.03.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək. qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır). xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-cı maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixində tərtib edilmiş ЭТ-İ № ******* saylı əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 16 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X2, Daxili nəzarət və Monitorinq Departamentinin 17 mart 2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi AGS LTD ŞTİ, həmçinin xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajının araşdırılması mümkün olmamışdır. Bu baxımdan qeyd olunan dövrlərin sığorta stajına əlavə edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 3.03.2016cı il tarixindən əmək kitabçasında qeyd edilən iş illərini sığorta stajına daxil etməklə, 57 yaşı tamam olduğu gündən, yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin təyin ediləcək pensiya məbləği həcmində aylara bölünməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda 65 yaşındadır. Əmək fəaliyyətinə 1980-ci ildə başlamışdır. Hal-hazırda işləmir, sosial müavinət alır. Onun 26 ildən çox əmək stajı olmasına baxmayaraq cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən 57 yaşına çatmış qadınlar 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa işlədiyi müəssisədə xx.xx.1981-ci il tarixində əməkdə fərqləndiyinə görə medalı ilə təltif edilmişdir. Bu barədə əmək kitabçasında qeyd vardır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyası yaşı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni 3.03.2021ci il tarixdə tamam olur. Lakin iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabının sığorta hissəsində 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ona ümumi 16 il 7 ay 6 gün mühahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı qeydlər möhürlə təsdiqlənmədiyindən) riayət olunmamışdır. Bu səbəbdən həmin dövrləri İddiaçı sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı 1.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən 1.10.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMCdə olan əmək fəaliyyəti dövrünü onun sığorta stajına daxil etmək mümkün olmamışdır. Beləliklə, iddiaçının 8 il 11 ay 10 gün mübahisələndirilən əmək fəaliyyəti dövrü müəyyən edilmişdir. Həmçinin 1.01.2006-cı il tarixdən 1.07.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 1.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına müvafiq olaraq 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən kişilərin yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır. 3.03.1959-cu il təvəllüdlü İddiaçı 57 yaşının tamam olduğu 3.03.2016-cı il tarixdə qadınların yaş həddi 60 yaş müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmır. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, iddiaçının qanunla tələb edilən sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsini, ona 57 yaşının tamam olduğu gündən, yəni xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2021-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının əmək kitabçasına əsasən 1.01.2006-cı il tarixədək ümumi sığorta stajının 16 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olduğunu, eyni zamanda 1.01.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1.07.2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən 57 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.07.2017-ci ilədək qüvvədə olmuş 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (həmçinin maddənin qeydinə müvafiq olaraq kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş 7-ci maddəsinin müddəalarından göründüyü kimi qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2 şərt tələb olunur: a) qanunla tələb olunan yaş; b) sosial sığorta stajı. İddiaçının 12 il stajının olması işin mübahisələndirilməyən halıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, 57 yaşı 3.03.2016-cı il tarixdə tamam olmuşdur. İddiaçının 57 yaşı tamam olduğu 2016-cı il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.07.2017-ci ilədək qüvvədə olmuş 7-ci maddəsində tələb olunan yaş həddi (2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılmışdır) artıq 60 yaş olmuşdur. İddiaçının isə 60 yaşı 3.03.2019-cu ildə tamam olub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.07.2017-ci il tarixdən qüvvədə olan: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; Beləliklə, iddiaçının pensiya hüququ 62 yaşdan (1.07.2020-xx.xx.2021-ci il dövrlər) yaranır. İddiaçının tələbi isə məhz ona 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı olduğundan məhkəmə iddia tələbi üzrə araşdırma aparmışdır. Göründüyü kimi iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.07.2017-ci ilədək qüvvədə olmuş 7-ci maddəsinin tələblərinə əsasən 57 yaşından əmək pensiyası hüququ yaranmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-10782/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10782/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver