Məhkəmə qərarları › İş №2-1(112)-10782/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10782/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10782/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalı üçüncü şəxs qismində göstərilməklə “məcburi sosial sığorta haqlarının köçürülməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalının nümayəndəsi X3 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalı üçüncü şəxs qismində göstərilməklə “məcburi sosial sığorta haqlarının köçürülməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə ƏMDX) qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalı üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 2006-2014-cü illər üçün ona ödənilmiş əmək haqqından tutulmuş 1950 manat məcburi sosial sığorta haqqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq elektron sistemində onun hesabıma tam və gecikməsiz köçürülməsi öhdəliyinin ƏMDX-nin üzərinə qoyulması, "xxxx" ASC-də işlədiyi 2006-2014-cü illər üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqlarımın elektron hesabında qanuni qaydada və tam həcmdə qeydiyyata alınması (əks olunması) və pensiyasının yenidən hesablanması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barəqə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə doğulmuşdur. xx.xx.2024-cü il tarixdən avtomatlaşdırılmış qaydada ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 2006-2014-cü illərdə "xxxx" ASC-də əmək müqaviləsi əsasında çalışmışdır. Ona pensiya təyin olunandan sonra öz təşəbbüsü ilə DOST xidmətinə müraciət edərək fərdi sosial sığorta hesabında toplanmış məbləği yoxlamış və məlum olmuşdur ki, işlədiyi 2006-2014-cü illərdə "xxxx" ASC tərəfindən ona ödənilmiş əmək haqqından məcburi sosial sığorta haqqları tutulsa da, ümumilkdə 1950 manat məcburi sosial sığorta haqqı hesablanmış lakin DSMF-nin hesabına köçürülməmişdir. "xxxx" ASC-də 2006-2014-cü illər üçün olan sosial sığorta ödənişlərimin əmək haqqımdan tutularaq DSMF-nin hesabına köçürülməməsi Sosial Sığorta Haqqında Qanunun 10-cu maddəsinin və Əmək Məcəlləsinin 12-ci maddəsinin ) bəndinin işəgötürən tərəfindən pozulmasına səbəb olmuşdur. Əmək haqqından tutulan 1950 manat sosial sığorta ödənişlərinin DSMF-nin hesabına köçürülməməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq elektron sistemində (sığortaolunanın hesabında) əks olunmadığı üçün, mənə ödənilən pensiya ilə bağlı maliyyə uyğunsuzluğu yaranmış və təyin olunan pensiyanın məbləği az hesablanaraq düzgün təyin olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" ASC-nin hal-hazırda fəaliyyət göstərməməsi səbəbindən hüquqi varisliyi haqqında məlumat almaq məqsədi ilə ƏMDX-yə müraciət ünvanlamış, sonuncudan gələn cavab məktubuna əsasən, "xxxx" ASC-nin səhmlərinin bir hissəsi (9.7%) əmək kollektivinə, digər (90.3%) hissəsi isə dövlət mülkiyyətindədir. ƏMDXnin Əsasnaməsinin 3.0.4-cü yarım bəndi “dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək". Yuxarıda qeyd etdiyi məsələ ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) 4 saylı DOST Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət ünvanlamışdır. Müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən baxılaraq bildirilmişdir ki, dövlət sosial sığortası üzrə hesabatlarda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərimə nisbətdə xeyrimə ödənilməli olan məcburi sosial sığorta haqları tam ödənilmədiyindən fərdi şəxsi hesabımda hesablanmış və ödənilmiş məcburi sosial sığorta haqları arasında fərq yaranmışdır. Eyni məsələ ilə bağlı müraciətimə cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bildirmişdir ki, 2018-ci il və ondan əvvəlki dövrlər üzrə məcburi sosial sığorta haqları barədə məlumat almaq üçün DSMF-yə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının Sosial Sığorta haqqında Qanuna dəyişiklikdən əvvəl həmin qanunun 18ci maddəsinə əsasən DSMF-nin həmin dövr üzrə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə ilə bağlı aşağıdakı hüquqları və vəzifələri olmuşdur: məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını müəyyən edir; qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır; Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb edir; Lakin Qanundan da göründüyü kimi DSMF-nin məcburi sosial sığorta sahəsində yuxarıda qeyd olunan geniş səlahiyyətlərinin olmasına baxmayaraq onlar 2006-2014-cü illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərimə nisbətdə xeyrimə ödənilməli olan məcburi sosial sığorta haqlarının tam ödənilməməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq bu sahədə öz vəzifələrini yerinə yetirməyərək, "xxxx" ASC-dən həmin ödənişlərin alınması istiqamətində heç bir tədbir görməmişlər. DSMF tərəfindən həmin vaxtlar hərəkətsizlik göstərilməsə, məcburi dövlət sosial sığortası sahəsində idarəetmə qanunla müəyyən olunmuş qaydada vaxtında həyata keçirilsə və müvafiq tədbirlər görülsə idi, dövlət sosial sığortasına cəlb olunan gəlirlərimə nisbətdə xeyrimə ödənilməli olan məcburi sosial sığorta haqları "xxxx" ASC tərəfindən tam ödənilər və nəticədə mənə təyin olunan əmək pensiyanın məbləği aşağı olmaz, heç bir uyğunsuzluq olmadan düzgün təyin olunardı. AR-nın Sosial Sığorta haqqında Qanununa 30 noyabr 2018-ci il tarixdə dəyişiklik edilmiş və Sosial sığorta sahəsində nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizələri (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda sonuncuya bildirilmişdir ki, Sizin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə ünvanlanmış,xx.xx.2024-cü il tarixində 3-17-1/1-Y-85537/2024 nömrə ilə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra - Fond) qeydiyyata alınmış müraciətinizə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Vətəndaşlara operativ və keyfiyyətli xidmət göstərilməsi ilə əlaqədar Sizinlə işçi qaydada əlaqə saxlanılmış, danışıq zamanı "xxxx" ASC (SUN: **********9) tərəfindən 2006 - 2014-cü illər və Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin tabeliyində Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi (SUN: **********0) tərəfindən 2022-ci ilin İİ və İİİ rübləri üçün xeyrinizə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabınızda öz əksini tapmadığını bildirmiş və bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişsiniz. Məlumat üçün büdiririk ki, Nazirliyin X1 sistemində (bundan sonra - MEİS) sığortaedən, "xxxx" ASC tərəfindən 2006 - 2014-cü illərə dair təqdim edilmiş, həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (bundan sonra - DVX) MEİS-ə inteqrasiya edilmiş Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin tabeliyində Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin 2022-cü ilin İİ və İİİ rüblərinə dair məcburi dövlət sosial sığortası üzrə hesabatlarda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinizə nisbətində xeyrinizə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları tam ödənilmədiyindən fərdi şəxsi hesabınızda hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları arasında fərq yaranmışdır. Qeyd etmək istəyirik ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Nəzərinizə çatdırmaq istəyirik ki, Qanuna edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması DVX-yə həvalə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, fərdi şəxsi hesabınızda yaranmış fərqlə bağlı sığortaedənlərə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğini tam şəkildə ödəməməsi ilə bağlı məsələnin araşdırılması üçün onların uçotda olduğu vergi orqanına müraciət edə bilərsiniz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda sonuncuya bildirilmişdir ki, Sizin 2006 - 2014-cü illər üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları barədə hesabatlarının inteqrasiya olunması ilə bağlı müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış elektron məlumat mübadiləsi haqqında razılaşmaya əsasən qəbul edilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesabatlara aid məlumatların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “X2 Sistemi” vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nə ötürülməsi təmin edilmişdir. Əlavə olaraq bildiririk ki, 2018-ci il və ondan əvvəlki dövrlər üzrə məcburi sosial sığorta haqları barədə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna aidiyyəti üzrə müraciət edilməsi Sizə tövsiyə olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda sonuncuya bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqədar müvafiq məlumatların verilməsi barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramrna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olan "xxxx" X7 baş müəssisəsi - Bakı məişət kondisionerləri zavodunun bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin bir hissəsi (9,7 %-i) əmək kollektivinə güzəştli satış zamanı özəlləşdirilmiş, dövlət mülkiyyətində qalan səhmlərin (90,3 %-i) isə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi.

Məhkəmə müəyyən edir ki, iddiaçının hazırkı iddia tələbi iki hissədən ibarətdir:

1. "xxxx" ASC tərəfindən 2006–2014-cü illər üzrə ona ödənilmiş əmək haqqından tutulmuş 1950 manat məcburi sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq elektron sisteminə köçürülməsi;

2. Yuxarıda göstərilən vəsaitin DSMF sisteminə köçürülməsindən sonra əmək pensiyasının yenidən hesablanması. Məhkəmə iddiaçının iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Məhkəmə qeyd edir ki, iddiaçının göstərilən nəticəyə (sığorta haqlarının DSMF sisteminə köçürülməsi) nail ola bilməsi üçün o, hüquqi marağını düzgün ifadə etməli və tələbi müvafiq cavabdehə qarşı yönəltməlidir. Lakin təqdim edilmiş iddia cavabdeh kimi düzgün subyektə yönəldilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Məhkəmə bildirir ki, doğrudur ki, "xxxx" ASC-nin səhmlərinin 9.7%-i əmək kollektivinə güzəştli satış zamanı özəlləşdirilmiş və dövlət mülkiyyətində qalan 90.3%-nin investisiya müsabiqəsi ilə özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin bu müəssisənin səhmlərinin müəyyən hissəsinin dövlətə məxsus olması, onu dövlət orqanı statusuna çıxarmır və bu müəssisənin işçiləri ilə əmək münasibətlərindən doğan öhdəliklərin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icra edilməsini zəruri etmir. İddiaçı bu müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuş, lakin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı olmamışdır. Beləliklə, onun tələbi sırf "xxxx" ASC ilə olan əmək münasibətlərindən irəli gəlir və bu tələbin hüquqi cavabdehi birbaşa həmin ASC-dir. Əmlak Məsələləri Dövlət Xidməti bu münasibətlərə nəzarət funksiyası daşımadığı üçün ona qarşı iddia qaldırılması və onun cavabdeh qismində çıxış etməsi, iddianın düzgün cavabdehə qaldırılmadığı qənaətinə gəlmək üçün əsasdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçının hazırki iddia tələbi üzrə hüququ marağı da aydın deyil. Belə ki, ona pensiya təminatı avtomatlaşdırılmış qaydada təyin edilmişdir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun: 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Göründüyü kimi avtomatlaşdırılmış pensiya təyinatı zamanı şəxsin 2006-cı ilədək olan sığorta stajı 25 il kimi qəbul edilir ki (əgər xx.xx.2006-xx.xx.2008-ci illər üzrə kapital mövcuddursa), iddiaçıyada avtomatlaşdırılmış qaydada pensiya təyin olunmuşdur. Onun 2006–2014-cü illər ərzində məcburi sosial sığorta haqlarının qeydə alınmaması isə pensiyanın təyin olunmasına və məbləğinə təsir göstərmir. Buna görə də, Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının "xxxx" ASC-də işlədiyi dövrdə (2006–2014-cü illər) DSMF-ya sığorta haqlarının ödənilməməsi ilə bağlı tələbinin mövcud pensiya hüquqlarına təsir etdiyi sübut olunmamışdır. Bu halda, iddiaçının hüquqi marağın nədən ibarət olmasıdır məhkəmə üçün aydın deyil. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə də eyni mövqeydən çıxış edərək bildirir ki, iddiaçının “əmək pensiyasının yenidən hesablanması” tələbinə münasibətdə hazırki inzibati icraat çərçivəsində baxılmasıda mümkün deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin:

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Adıçəkilən Məcəllənin:

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. Hazırkı iş üzrə əmək pensiyasının yenidən hesablanması məsələsinə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə yönəlmiş məcburi sosial sığorta haqlarının ödənilməsi tələbi ilə birgə baxılması prosessual həmiştirakçılığa yol verilməməsi baxımından iddia həmin hissədə də mümkün sayılmır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, mümkün sayılmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalı üçüncü şəxs qismində göstərilməklə “məcburi sosial sığorta haqlarının köçürülməsi və s.” dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar