Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10783/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (oğlu) X5, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 815 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Naxçıvan MR. Şərur rayonunda anadan olmuşdur. İddiaçı uzun müddət hüquq mühafizə orqanlarında və digər təşkilatlarda işləyərək dövlətə xidmət etmişdir. 1-ci Qarabağ müharibəsi veteranıdır. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən küçəsi 3 saylı sahə ərazisində yerləşən 1315,0 kv.m torpaq sahəsi 19 iyun 1993-cü ildən hal-hazıradək İddiaçı və onunla birlikdə yaşayan 4 nəfərdən ibarət ailə üzvlərinin istifadəsində və sərəncamındadır. Həmin torpaq sahəsinin 500 kv.m sahəsi hissəsinə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1993-cü il tarixli 1201 saylı Sərəncamına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş və həmin Çıxarış Daşınmaz əmlakın reyestr nömrəsi-**********73 sayla xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən küçəsi 3 saylı sahə ərazisində yerləşən 1315,0 kv.m torpaq sahəsindən- 500 kv.m hissəsi dövlət sənədləri ilə mülkiyyətimizdə və həmin torpaq sahəsinin 815 kv.m torpaq sahəsi hissəsi isə 19 iyun 1993-cü ildən halhazıradək iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən küçəsi 3 saylı sahə ərazisində yerləşən 815 kv.m torpaq sahəsi hissəsində İddiaçı və ailə üzvləri öz şəxsi vəsaiti ilə yaşayış evi tikdirmişdir. Həmin yaşayış evində bütün kommunal xidmətləri vardır. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən küçəsi 3 saylı sahə ərazisində yerləşən 815 kv.m torpaq sahəsi hissəsi Bakı şəhəri X3 ərazisində yerləşir və mübahisə olunan torpaq sahəsi Yerli (Bələdiyyə) Vergi və X1 Sistemində 190113UBLAPP nömrəli YVÖK-lə qeydiyyata alınmış və 2025-ci il də daxil olmaqla əmlak vergi borcu yoxdur. Bütün bunlar, Bakı şəhəri Bülbülə Bələdiyyəsinin 18 mart 2025-ci il tarixli 56 nömrəli məktubunda öz əksini tapmışdır. Belə ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən küçəsi 3 saylı sahə ərazisində yerləşən 815 kv.m torpaq sahəsi hissəsində İddiaçı və ailə üzvülərinin öz şəxsi vəsaiti ilə tikdirdiyi fərdi yaşayış evinin qazlaşdırılması üçün "xxxx" QSC-i tərəfindən xx.xx.2020-ci ildə 44\TŞ- 2020-059247/Z saylı izahat və cizgi sənədləri əsasında qazlaşdırılması işləri aparılmışdır.
3. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə (vəkil) ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizədə qeyd edilmiş daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə faktı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci və 307.1-ci maddələrinə əsasən xüsusi icraat qaydasında yalnız məhkəmələr tərəfindən təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Belə ki, xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra (xx.xx.2000-ci il) yaranan münasibətlərə tətbiq edilir. Göründüyü kimi ərizənizdə istinad edilən Mülki Məcəlləsinin 178.6-cı maddəsində nəzərdə tutulmuş müddətin axımı xx.xx.2000-ci il tarixindən hesablandığından, həmçinin bu fakt məhkəmə tərəfindən təsdiq edilməli olduğundan həmin maddəyə əsasən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Bakı şəhəri Bülbülə Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Vergi və X1 Sisteminində 19011xxxxxxx nömrəli YVÖK-lə qeydiyyata alınmışdır və 2025-ci il daxil olmaqla əmlak vergi borc yoxdur. İstifadədə olan torpaq sahəsinin mülkiyyətə alınması ilə əlaqədar olaraq bildirilir ki, **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa daxil olmayan istifadədə olan 0.0815 torpaq sahəsinin mülkiyyətə alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi xahiş olunur. Eyni zamanda qeyd edilir ki, Bülbülə Bələdiyyəsinin qeyd edilən ünvanı yəni, Samir Əliyev küçəsi 3 ünvanı X3 ərazisidir, lakin Bülbülə bələdiyyəsinin mülkiyyətində deyildir.
5. Torpağın mülkiyyətə verilməsinə dair JN 9515D 00600026 kod nömrəli Şəhadətnamədə qeyd olunmuşdur ki, Suraxanı rayon İcra Hakimiyyəti Baçısının 19 iyun 1993-cü il tarixli 1201 saylı Sərəncamı ilə 0,10 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı, X4, X6 və X5 mülkiyyətinə verilmişdir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 3 saylı yerləşən 0,05 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı xx.xx.2024cü il tarixdə qeydiyyata alınmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (oğlu) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir və bildirmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1201 saylı Sərəncamına əsasən iddiaçıya 0,05 ha torpaq sahəsi ayrılmışdır, daha sonra iddiaçı torpaq sahəsinin ölçüsünü artırmışdır.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir və bildirmişdir ki, 815 kv.m torpaq sahəsinə dair iddiaçının adına hər hansı hüquq müəyyənedici sənəd yoxdur.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
12. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
13. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
14. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
16. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
18. Məhkəmə qeyd edir ki, iddia tələbinin predmeti olan 815 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir.
19. Belə ki, iddiaçı tərəfindən təqdim olunan Torpağın mülkiyyətə verilməsinə dair JN 9515D 00600026 kod nömrəli Şəhadətnamə və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 3 saylı yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) izahatında bildirmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1201 saylı Sərəncamına əsasən iddiaçıya 0,05 ha torpaq sahəsi ayrılmışdır, daha sonra iddiaçı torpaq sahəsinin ölçüsünü artırmışdır.
21. İddiaçı Mülki Məcəllənin 178.6-cı madəsinə istinad edir. Həmin maddəyə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır.
22. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarı 176.6-cı maddəsinə aid edilə bilməz.
23. İddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır.
24. 23 dekabr 2003-cü il tarixli 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 179.1. Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə 179.1-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 179.1. Daşınmaz əmlak mülkiyyət hüququ ilə hec kəsə mənsub olmadıqda və ya daşınmaz əmlakın mülkiyyətcisini müəyyən etmək mümkün olmadıqda, daşınmaz əmlakın mülkiyyətcisi olmayan, lakin on beş il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti).
25. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeydə əsasən mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.
26. Odur ki, məhkəmə hər hansı şübhə yeri qalmadan qeyd edir ki, eyni yanaşma MM-in 178.6-cı maddəsinə də aiddir. Bu, hüquq müəyyənliyi və hüququn ümumi prinsilərindən irəli gəlir.
27. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün iddiaçının “qanuni gözləntisi” yoxdur.
28. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən daşınmaz əmlaka dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün hüquqların qeydiyyata alınmaqla çıxarışın verilməsi tələbi təmin edilməməlidir.
29. Məhkəmə qeyd edir ki, işin hallarının araşdırılması və məhkəmənin hüquqi yardım göstərməsi o halda mümkün hesab edilməlidir ki, iddiaçı tərəfindən hüququn tanınması üçün zəruri ilkin şərtin mövcudluğu əsaslandırılmış olsun. Odur ki, iddiaçı tərəfindən daşınmaz əmlaka dair hüquqlarının tanınması üçün hər hansı mötəbər sənəd təqdim edilmədiyindən məhkəmə tərəfindən iddiaçının ehtimal olunan hüququnun müdafiəsi üçün qeyri-məhdud araşdırmanın aparılması, bu məqsədlə qonşuluqda olan şəxslərin hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlərin tələb edilməsi ədalət mühakiməsinin həyata keçirilməsinin məqsədlərinə uyğun hesab edilə bilməz.
30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva