Məhkəmə qərarları › İş №2-1(112)-10785/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10785/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10785/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı (3-cü şəxslər: X5 və X6) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə hazırki iş üzrə X5 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına (zəruri cəlbetmə) qaydasında cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 651 №-li sərəncamı ilə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənub tərəfində yerləşən 1,5 ha torpaq sahəsinin ½ hissəsində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyətinin 2011-ci il sərəncamı ilə torpaq sahəsi keçmiş arvadı X2 ayrılmışdır. Birgə nikah dövründə alınan torpaq sahəsinə dair icarə hüquqları ½ pay hissəsində tanınmışdır. İddiaçı torpaq sahəsinin ½ hissəsində icarə hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunan sərəncam xx.xx.2011-ci il tarixlidir. Həmin tarixdə Xəzər rayon İcra Hakimiyyətinin torpaq sahəsini icarəyə vermək səlahiyyəti olmamışdır. Həmçinin qeyd olunan səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinə texniki baxış keçirmək və çölölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 651 nömrəli sərəncamı ilə Zirə qəsəbəsinin cənub tərəfində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsini və onun ətrafını abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq üçün X1 icarəsinə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 651 nömrəli sərəncamına əsasən icarəyə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənub tərəfində yerləşən 1,5 ha torpaq sahəsinə icarə hüququnun ½ hissəsinə İddiaçı, ½ hissəsinə X1 payı tanınmışdır. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli sərəncamı ilə Zirə qəsəbəsinin cənub tərəfində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsini və onun ətrafını abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq üçün X3 icarəsinə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Zirə qəsəbəsində vətəndaş X4 torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 651A saylı sərəncam verilməmişdir və həmin sərəncamın hüquqi qüvvəsini yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Qanun əmlaka dair üç əsas hüquq növünü – mülkiyyət, istifadə və icarə hüququnu müəyyən edir. Bu hüquqların tənzimləmə mexanizmi mövcuddur və vətəndaşın bu hüquqlardan istifadə etmək üçün müvafiq sənədlərə sahib olması lazımdır. Qeyd olunmalıdır ki, iddiaçı hazırda Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 651 nömrəli sərəncamı ilə ayrılmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənub tərəfində yerləşən 1,5 ha torpaq sahəsinin payı tanınmış ½ hissəsinə münasibətdə icarə hüququnun qeydiyyata alınmasına nail olmağa çalışır. İddiaçı bununla əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtina məktubunda əsas kimi göstərmişdir ki, yerli icra hakimiyyəti orqanının 2011-ci ildə torpaq sahəsini icarəyə vermək səlahiyyəti mövcud olmamışdır, habelə texniki inventarlaşdırma işlərinin aparılması üçün zəruri texniki şərait yaradılmamışdır. Məhkəmə isə cavabdehin imtina məktubunda göstərilən bu əsasları və iş materiallarında olan digər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə baxılarkən inzibati icraat qanunvericiliyin tələblərinə uyğun qaydada və hərtərəfli aparılmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Sadalanan normalardan görünür ki, qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçinin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Qeyd olunanları işin faktiki halları ilə müqayisə etdikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır. AR İPM-nin 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan qərar qəbul etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu təzələyəcək və ya tamamlayacaq qaydada həyata keçirilə bilər. AR İPM-nin 73-cü maddəsinə əsasən, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının müraciətinə yenidən baxılaraq müvafiq yinzibati icraatın aparılması barədə öhdəlik qoyur. Belə ki, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul etdikdə və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul etmədikdə, inzibati aktın qəbul edilməsi və ya hərəkətin görülməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda,məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla zəruri araşdırmanın aparılması öhdəliyi müəyyən edilir. Məhz bu baxımdan qiymətləndirmə apararaq məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh orqanın imtina məktubunda iddiaçının icarə hüququnun qeydiyyata alınmasından imtina üçün gətirdiyi dəlillərin hüquqi əsası olmamaqla bu imtina şəxsin hüquq və qanuni mənafeyini pozmuşdur. İddiaçının müraciəti ilə bağlı əlavə araşdırmanın aparılması zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina edərkən əsas kimi yerli icra hakimiyyəti orqanının 2011-ci ildə torpaq sahəsini icarəyə vermək səlahiyyətinin olmamasına istinad etmişdir. Lakin cavabdeh tərəfindən irəli sürülmüş bu arqument hansı tələblərinə əsaslandığı göstərilməmiş, həmin mövqe müvafiq hüquqi və faktiki əsaslarla əlaqələndirilməmişdir. Bu isə cavabdehin mövqeyinin hüquqi baxımdan əsaslandırılmadığını göstərir. Digər tərəfdən, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən texniki inventarlaşdırma işlərinin aparılmamasına da istinad etmişdir. Halbuki, texniki inventarlaşdırma işlərinin təşkili və həyata keçirilməsi, o cümlədən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müvafiq müayinə aktının tərtib edilməsi və bu istiqamətdə zəruri araşdırmaların aparılması məhz cavabdeh inzibati orqanın səlahiyyət dairəsinə aid olan məsələlərdəndir. Bir daha qeyd olunur ki, inzibati məhkəmə nəzarətinin məqsədi inzibati orqanın yerinə inzibati icraat aparmaq deyil, əsaslandırılmış inzibati icraatın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə bu nəticəyə gəlir ki, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq, yeni inzibati icraat zamanı qanunvericiliyin tələbləri çərçivəsində zəruri araşdırmalar həyata keçirməklə iddiaçının ərizəsi ilə bağlı müvafiq qərar qəbul etmək öhdəliyi qoyulmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüququnun olmaması ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1941/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. 13. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində bu qərarda tətbiq edilən qanunvericilik normalarının tələblərinə uyğun müayinənin aparılmadığı və bununla da müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyulmalıdır. Göründüyü kimi, hazırkı mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. 16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1108/2024 nömrəli qərardadın da məhz bu hüquqi mövqe əks olunmuşdur. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarından kassasiya şikayəti vermək hüququ da istisna edilir”. Eyni hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2010/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2761/2025 nömrəli qərardadlarında da ifadə edilmişdir. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənub tərəfində yerləşən 1,5 ha torpaq sahəsinin payı tanınmış ½ hissəsinə münasibətdə icarə hüququnun qeydiyyata alınması” ilə bağlı müraciət üzrə zəruri araşdırmanın aparılması və inzibati aktın qəbul edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar