Məhkəmə qərarları › İş №2-1(112)-10789/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10789/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10789/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X16, X26, X8, X27, X23) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanından X16, X26, X8, X27 və X12 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə həmin mənzildə yaşayan X16 xx.xx.2022-ci il tarixində 3 saylı Bakı “ASAN xidmət”i mərkəzində alqı-satqı etmişdirlər. Əməliyyat mərkəzin Notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmişdir. Müqaviləyə əsasən X16 xx.xx.2022-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə kimi hələ də qeydiyyatdan çıxmayıb. Hazırda qeydiyyatda beş nəfərin adı qalmaqdadır. Onlar xx.xx.1978-ci il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X26, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.1957-ci il təvəllüdlü X27, xx.xx.2006-cı il təvəllüdlü X18r. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14558/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X16, X8, X23, X26, X27 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin ediməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü X6 ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X26, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.1957-ci il təvəllüdlü X27, xx.xx.2006-cı il təvəllüdlü X23 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-46/2-25650/2023 nömrəli məktubda bildirilmişdir ki, vətəndaşlar X26 və X27 11,06.2005-ci il tarixdən ünvan 2 ünvanına qeydiyyata alınmışlar. X2 xx.xx.2013-cü il, X8 xx.xx.2014-cü il, X23 xx.xx.2016cı il tarixlərdə 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsində qeydiyyata alınmışlar. Bildiririk ki, şəxsiyyət vəsiqəsinin verilməsi barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün Sizə təqdim olunması imkanımız xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2- 20690/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü X16 22.11,2013-cü il tarixdən, xx.xx.1958-ci il təvəllüdlü X26 xx.xx.2005-ci il tarixdən və xx.xx.1957-ci il təvəllüdlü X28 xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmalarına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan ünvanda qeydiyyatda olan X29 və X9 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********84 nömrəli məktubunda bildirilmişdir ki, X16, X26, X8, X27, X12 ünvan 1 ünvanı üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin verdiyi xx.xx.2023-cü il tarixli, 1036 nömrəli məktubunda qeyd edilmişdir ki, X16 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, 4Ə/472 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin sənədlərin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 28.0 kv.m olan ev 6, mənzil 19 X7 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - X10 təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X23, xx.xx.1986-cı il təvəllüdlü X20 ünvan 1 ünvanında qeydiyyatdadırlar. -xx.xx.2022-ci il tarixli AN–İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X16 ünvan 1 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin 11-ci maddəsinə əsasən satıcı X16 mənzili xx.xx.2022-ci il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi, 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 78/31 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsindəki 6 saylı binada yerləşən sahəsi 40 kv.m olan iki otaqdan ibarət olan 19 saylı mənzil hal-hazırda vətəndaş İddiaçı məxsusdur. O özü, həyat yoldaşı və iki oğlu ilə birlikdə 2022-ci ilin may ayından həmin mənzildə pasport qeydiyyatdadırlar. Bundan başqa 19 saylı mənzildə keçmiş mənzil sahibi X16, onun qızı X23 və aşağıdakı kənar şəxslər pasport qeydiyyatdadırlar: X26, X8, X27. Musabəyov küçəsi bina 6 mənzil 19 da İddiaçı başqa heç bir şəxsin mənzilə aid heç bir hüquqi sənədi yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********57 nömrəli məktubu ilə göndərilmiş arxiv qovluğunda saxlanılan sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2002-ci il tarixli, 176 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən 6 saylı evin, yaşayış sahəsi 28,0 kv.metr olan 2 otaqlı 19-cu mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və arvadı) X19 adına icarə müqaviləsi bağlanması və onun həmin mənzilin icarədarı hesab olunmasına dair sərəncam verilmişdir. -X26 Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinə ərizə ünvanlayaraq yaşadığı mənzilin həyat yoldaşı X19 adına özəlləşdirilməsinə etirazı olmadığını bildirmişdir. -xx.xx.2005-ci il tarixli AN–İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X27 ünvan 1 ünvanında yerləşən mənzili alıcı X11 mülkiyyətinə verir. -xx.xx.2013-cü il tarixli AN–İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X21 ünvan 1 ünvanında yerləşən mənzili alıcı X7 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 40 kv.m olan ev 6, mənzil 19 İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3160/6-11-8421/23 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri 19 saylı dövlət notariat ofisində 16 dekabr 2005-ci il tarixdə 4Ə/965 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surətindən görünür ki: -xx.xx.2005-ci il tarixli AN–İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X27 ünvan 1 ünvanında yerləşən mənzili alıcı X11 mülkiyyətinə verir. -M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 6, mənzil 19 ünvanında yaşayan X26 ərizəsində qeydiyyatda olduğu ünvanda yerləşən iki otaqlı mənzilin satılmasına etirazının olmadığını qeyd etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-46/2-F-18262/11/23 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X26, X13, X27, X12 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, X6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 6, 19 nömrəli mənzilin xx.xx.2022-ci il tarixdən mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər X27 və X26 mənzilin köhnə mülkiyyətçisi və onun həyat yoldaşıdır. Belə ki, X27 xx.xx.2005-ci il tarixli AN – İ nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən sözügedən mənzili alıcı X4, bu zaman müqavilə tələbinə uyğun olaraq üçüncü şəxslərin hüquqlarından azad mənzil təqdim etməli olduğu, müqavilə təsdiq olunduğu gündən 1 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyü halda alqı-satqıdan sonra özü və arvadı olan X26 həmin ünvandan qeydiyyatdan çıxmamışlar. Daha sonra X21 xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən mənzili alıcı X3, X16 mülkiyyətçi olaraq, digər üçüncü şəxslər yetkinlik yaşına çatmayan X23 (X7 qız övladı) və X8 (X7 bacısı oğlu) qohum olmaqla həmin ünvana qeydiyata düşmüşlər. X16 xx.xx.2022-ci il tarixli AN–İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzili alıcı X1, müqavilə tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də tələb olunan müddət keçməsinə baxmayaraq sonuncu özü və qohumları həmin mənzildə qeydiyyatda qalmışlar. Həmin mənzilə xidmət edən mənzil istismar idarəsinin sorğuya cavabından da hazırda üçüncü şəxslərin iddiaçıya məxsus sözügedən ünvanda faktiki yaşamadıqları müəyyən olunur. Məhkəmə üçüncü şəxs X7 məhkəmə iclasında bildirdiyi iddiaçının mübahisəli mənzillə bağlı ona əlavə 300 manat borcunun olması, həmin borc ödənilmədiyindən iddiaçının onun və qohumlarının qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmadığına dair dəlili ilə razılaşmır. Belə ki, iddiaçı ilə X16 arasında mənzilin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli notarial müqavilə imzalanmış, müqavilə üzrə mənzilin dəyəri ilə bağlı razılaşdırılmış məbləğ notariusun depozit hesabına ödənilmiş, müqavilə təsdiq edilərək alıcının adına elektron çıxarışın hazılanması ilə bağlı reyestr orqanına müraciət edilmiş və mənzil üzrə mülkiyyət hüququnun iddiaçıya ötürülməsi baş tutmuşdur. Adıçəkilən mənzil iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Üçüncü şəxsin iddia etdiyi 300 manatlıq borcla bağlı, həmin pul vəsaitinin ödəniləcəyi halda qeydiyyatdan çıxacağına dair əlavə hər hansı müqavilə və yaxud xx.xx.2022-ci il tarixli müqavilədə bununla bağlı hər hansı qeyd-şərt öz əksini tapmamışdır. Sözügedən alqı-satqı müqaviləsi qüvvədədir, müqavilənin hüquqi nəticəsi kimi reyestrdə iddiaçının adına mülkiyyət hüquqlarına dair qeydlər qüvvədədir, ləğv edilməmişdir, üçüncü şəxs tərəfindən müqavilənin etibarsızlığı, ləğvi, mənzilin, onun tərkib hissələrinin təhvili mübahisələndirilməmiş, bununla bağlı mülki məhkəmə icraatında hər hansı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Beləliklə, hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da hazırkı mülkiyyətçinin ailə üzvü deyillər, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus evə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X26, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.1957-ci il təvəllüdlü X27, xx.xx.2006-cı il təvəllüdlü X12 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X16, X26, X8, X27, X12 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar