Məhkəmə qərarları › İş №2-1(112)-1079/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1079/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1079/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçı 1.09.1979-cu il tarixdən 1.07.1985-ci il tarixdən Azərbaycan Dövlət Universitetində təhsil almışdır (5 il 10 ay 1 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan SSR Ədliyyə Nazirliyində kadrlar şöbəsinin inspektoru vəzifəsində işləmişdir (4 ay 19 gün), xx.xx.1986-cı il tarixdən 2.04.1987-ci il tarixədək həmin şöbədə hüquq məsləhətçisi vəzifəsində işləmişdir (1 il 2 ay 20 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək SSRİ Nazirlər Sovetinin 29 sentyabr 1989-cu il tarixli 803 №-li qərarın 9 və 24-cü cədvəlinə və Azərbaycan SSR Nazirlər Sovetinin “Dövlət idarəçilik orqanları aparatı işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” 409 №-li 9 oktyabr 1989-cu il tarixli qərarın icrası ilə əlaqədar kadrlar şöbəsinə İ dərəcəli mütəxəssis işləmişdir (8 ay 29 gün), xx.xx.1990-cı il tarixdən 2.09.2000-ci il tarixədək Sumqayıt şəhər xalq məhkəməsində hakim işləmişdir (10 il 4 gün), 5.09.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri İcra Hakimiyyətinin 45 saylı MTK-də hüquq məsləhətçisi vəzifəsində işləmişdir (1 il 9 ay 20 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri Nəsimi Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin rəisi vəzifəsində işləmişdir (4 il 1 ay 1 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin icraçısı vəzifəsində işləmişdir (11 il 1 ay, 16 gün, xx.xx.2017-ci il tarixədək 35 il 3 ay, 6 gün) xx.xx.2017-ci il tarixdən 7.12.2020-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru və böyük icra məmuru vəzifələrində işləmişdir (3 il 3 gün), xx.xx.2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar 1.02.2021-ci il tarixdən ixtisar edilmiş böyük icra məmuru (probasiya üzrə) vəzifəsindən azad edilərək sərəncama götürülmüşdür 1.02.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhər probasiya idarəsində böyük icra məmuru vəzifəsində işləmişdir (1 il 8 ay 27 gün), xx.xx.2023-cü il tarixdən Xızı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) vəzifəsində işləyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq onun ədliyyə orqanlarında qulluq illəri yenidən hesablanmış və xx.xx.2012-ci il tarixə (hakim vəzifəsində və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) 25 il təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, hüququnun yarandığı 18 fevral 2015-ci il tarixdən təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və ötən dövr ərzində ödənilməmiş pensiya haqqı məbləğinin hesablanması barədə göstəriş verilməsini xahiş etmiş, lakin müraciətinə cavab verilməmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 01 yanvar 2017-ci il tarixində təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda sadalanan hallarına əsasən iddia tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Bununla bağlı dekabr 2016-cı il tarixində DSMF-nin Səbail rayon şöbəsinə müraciət etmiş və 01 yanvar 2017-ci il tarixindən etibarən ona ayda 840,0 manat olmaqla əmək pensiyası təyin edilmişdir. Lakin həmin pensiya 3 ay müddətində ödənildikdən sonra ona xəbərdarlıq olunmadan dayandırılmışdır. Bunun nə səbəbdən baş verdiyi və bununla bağlı inzibati orqan tərəfindən hər hansı qərarın qəbul edilib-edilməməsi barədə ona heç bir məlumat verilməmişdir. Təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və pensiya təyin edilməsi üçün təqdim etdiyi əmək kitabçasının qaytarılması məqsədilə DSMF-yə (həm Səbail rayon şöbəsinə, həm də Mərkəzi Ofisə) dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə kimi heç bir nəticə əldə olunmamışdır. Hesab edir ki, ona təyin edilmiş əmək pensiyası bərpa edilməli və ödənilməmiş pensiya haqqı məbləği hesablanaraq ödənilməlidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin mümkün sayılmaması və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin olunması məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə əsasən ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçası, o olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışı, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən və s.) Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. İddiaçının Mərkəzi Filiala 1 dekabr 2022-ci il tarixli daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış, müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə sorğu verilib. Sorğuya cavab verildikdən sonra iddiaçıya əmək pensiyası təyin edilməsi məsələsinə baxılacaqdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu hərəkətsizlik etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, iddiaçı 25 ildən artıq ədliyyə orqanlarında qulluq stajına malikdir. İddiaçıya xx.xx.2017-ci il tarixdən əmək pensiyası təyin edilmiş, 2021-ci ilin aprel ayınadək pensiya ödənişi edilmişdir. Bu hal məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş bank məlumatlarından da müəyyən edilmişdir. Belə ki, Azərbaycan Beynəlxalq Bankının məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının Səbail filialında xx.xx.2017-ci il tarixdə pensiya hesabı açılmış və həmin hesab 2021-ci ilin aprel ayında bağlanmışdır. İddiaçı hazırda 01 yanvar 2017-ci il tarixində təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsini xahiş edir. Cavabdeh etiraz məktubunda iddiaçının ümumi iş stajını təsdiq edən sənədlərin əsllərini təqdim etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir (iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan redaksiyada): 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə-orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu: 23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər (6 mart 2018-ci il tarixə qədər qüvvədə olan redksaiyaya görə). 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya ədliyyə qulluqçusu kimi əmək pensiyası təyin edilmiş, lakin heç bir əsas göstərilmədən (inzibati icraat aparılaraq inzibati akt qəbul edilmədən) əmək pensiyasının ödənişi dayandırılmışdır. İş materiallarında olan iddiaçının təqdim etdiyi sosial arayışın çıxarışlarından müəyyən edilir ki, iddiaçı xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019-cı il tarixlərdə cavabdehə müraciət edərək ona 2016-cı ilin dekabr ayında təyin edilmiş pensiyasının dayandırılması barədə məlumat verilməsini xahiş etmiş, lakin müraciətinə cavab verilməmişdir. İddia tələbinin maddi hüquqi baxımdan yoxlanılması zamanı yuxarıda sadalanan qanunvericilik normalarından və işin hallarından müəyyən edilir ki, iddiaçının 2017-ci ildə 25 il ədliyyə işçisi kimi pensiya hüququ yaranmışdır. Həmçinin cavabdeh prosessual qanunveriliyin tələblərinə əməl etməyərək iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması və ya ləğv edilməsinin səbəblərini əsaslandıra bilməmiş, bu barədə hər hansı inzibati icraat aparmamış və ya inzibati akt qəbul etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01 yanvar 2017-ci il tarixində təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar