Məhkəmə qərarları › İş №2-1(112)-10796/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10796/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10796/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə - Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-02/4 nömrəli 01 iyul 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Xidmətin üzərinə İddiaçı və ailə üzvlərinə (arvadı, xx.xx.1968-ci il təvəllüdlü Hamidi Homa, oğlanları, xx.xx.2001-ci il təvəllüdlü Hamidi Rohullah və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Majid) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstanın Baghlan vilayətinin Əndərab rayonunun Pulxva kəndində doğulmuşdur, milliyətcə tacikdir, dini etiqadına görə müsəlmandır (sünni). İddiaçı 12 illik orta təhsilini bitirdikdən sonra, 1982-ci ildə Kabil şəhərində rus dili ixtisası üzrə hazırlıq kursunu bitirmiş, 1983-1988-cil illərdə X5 Universitetinin hüquq fakültəsində təhsil almış, 1988-1989-cu illərdə isə hərbi xidmətdə olmuşdur. İddiaçı 1990-cı ildən X4 Nazirliyində işləmiş, 2003-cü ildən etibarən üç il müddətində Əfqanıstanın Daşkənddəki səfirliyində birinci katib olaraq çalışmış, təyin edilən müddət bitdiyi üçün yenidən Əfqanıstana qayıdaraq Xarici İşlər Nazirliyində işləmiş (2006-2012-ci illərdə), 2012-2016-cı illərdə X1 səfirin müşaviri olaraq çalışmış, 2016-cı ildə Əfqanıstana qayıtmış, 2020-ci ilə kimi X4 Nazirliyində işləmiş, 2020-ci ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər isə Əfqanıstanın Azərbaycandakı səfirliyində səfirin müşaviri vəzifəsində işləmişdir. O, hal-hazırda səfirliyin faktiki olaraq fəaliyyət göstərmədiyini bildirmişdir. İddiaçı Homa Hamidi adlı xanım ilə evlidir, bu nikahdan beş övladı vardır, böyük oğlu X9 əvvəllər Kabil hava limanında işləmiş, hazırda ABŞ-ın Nyu Cersi ştatında vaşayır, digər oğlu Abdullah Hamidin isə Əfqanıstan Milli Aviasiya Nazirliyinin əməkdaşı olmuş, oğlu hazırda işləmir, Əfqanıstanı tərk etmək istəyir. İddiaçının digər ailə üzvləri özü ilə birlikdə Bakı şəhərində yaşayırlar. İddiaçının qızı X7 hazırda müvəqqəti yaşama icazəsi əsasında ölkə ərazisində yaşayır və Xəzər Universitetində təqaüd proqramı üzrə təhsil alır.15 dekabr 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 09-2021 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə aparıb. İddiaçı bildirib ki, o, Azərbaycana 2020ci ilin noyabr ayında diplomatik fəaliyyətlə əlaqədar olaraq gəldiyini, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətdə olduqları üçün təhdid olunacağından ehtiyat etdiyini, bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmədiyi, 3-cü ölkəyə getmək, bu alınmayacağı təqdirdə isə Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. 01 iyul 2022-ci ildə DMX İQ-02/4 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı 15 dekabr 2021-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 09-2021 saylı şəxsi iş açılmış, təqdm etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Əfqanıstanın Baghlan vilayətinin Əndərab rayonunun Pulxva kəndində doğulduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 12 illik orta təhsilini bitirdikdən sonra 1982-ci ildə Kabil şəhərində rus dili ixtisası üzrə hazırlıq kursunu bitirdiyini, 1983-1988-ci illərdə X5 Universitetinin hüquq fakültəsində təhsil aldığını, 1988-1989-cu illərdə isə hərbi xidmətdə olduğunu bildirmişdir. O, 1990-cı ildən X4 Nazirliyində işlədiyini, 2003-cü ildən etibarən 3 il müddətində Əfqanıstanın Daşkənddəki səfirliyində 1-ci katib olaraq çalışdığını, təyin edilən müddət bitdiyi üçün yenidən Əfqanıstana qayıdaraq Xarici İşlər Nazirliyində işlədiyini (2006-2012-ci illərdə), 2012-2016cı illərdə X1 səfirin müşaviri olaraq çalışdığını, 2016-cı ildə Əfqanıstana qayıtdığını, 2020ci ilə kimi Əfqanıstanın XİN-də işlədiyini, 2020-ci ilin noyabr ayında 2021-ci ilin avqust ayına qədər isə Əfqanıstanın Azərbaycandakı səfirliyində səfirin müşaviri vəzifəsində işlədiyini qeyd etmişdir. O, hal-hazırda səfirliyin faktiki olaraq fəaliyyət göstərmədiyini söyləmişdir (ailəlidir, 5 övladı var, böyük oğlunun hazırda ABŞ-da Nyu Cersey ştatında yaşadığını, digər oğlunun Əfqanıstanda yaşadığı, digər ailə üzvlərinin isə özü ilə birlikdə Bakı şəhərində yaşadıqlarını qeyd etmişdir). Həmçinin o, Azərbaycana 2020-ci ilin noyabr ayında diplomatik fəaliyyətlə əlaqədar olaraq gəldiyini, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətdə olduqları üçün təhdid olunacağından ehtiyat etdiyini, bu səbəblə də hazırda ölkəsinə qayıtmaq istəmədiyini, 3-cü ölkəyə getmək, bu alınmayacağı təqdirdə isə Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçinin ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusunun olub-olmaması ilə bağlı aparılmış araşdırma zamanı isə bu qorxunun tam əsaslı olmadığı qənaətinə gəlinmişdir. Belə ki, o, keçmiş hökumətin nümayəndəsi olduğunu, bu səbəbdən də qayıdacağı təqdirdə yeni hökumətdə təmsil olunan taliblərin hədəfi olacağını, taliblərin keçmiş hakimiyyəti təmsil edən şəxslərə qarşı kəskin mövqedə olduğunu bildirsə də, Əfqanıstanın hazırda xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin öz fəaliyyətini davam etdirdiyi, hər hansı birinin bağlanması barədə qərarın qəbul edilmədiyi, keçmiş diplomatların bu günə qədər hər hansı təhdid və təzyiqə məruz qalmadığı məlum olmuşdur. Ərizəçinin özünün bildirdiyinə görə taliblər keçmiş hakimiyyəti təmsil edən şəxslərə qarşı kəskin mövqe tutur. Lakin Əfqanıstanın hazırda xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin öz fəaliyyətini davam etdirməsi, bu məsələ ilə bağlı taliblər tərəfindən hər hansı kəskin mövqenin nümayiş etdirilməməsi, keçmiş diplomatlardan təhdid və təzyiqə məruz qalanların olmadığını deməyə əsasən verir. Eyni zamanda araşdırma zamanı taliban hökumətinin mühacirətdə yaşayan sabiq hökumət rəsmilərinin vətənə qayıtmaları üçün xüsusi Komissiya yaratdığı, idarə və nazirliklərin əməkdaşlarını öz işlərinə qayıtmağa səslədikləri, bunu ictimaiyyətə elan etdikləri, bu addımın isə hazırda Avropa İttifaqı və müxalifət tərəfindən milli barışıq istiqamətində atılmış mühüm addım kimi qiymətləndirildiyi məlum olmuşdur. X8 hazırda da diplomat kimi müvafiq akkreditasiya sənədlərinə malikdir və onun geri çağırılması və ya diplomat vəsiqəsinin ləğv edilməsi ilə bağlı ona qarşı heç bir tələb irəli sürülməmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarında əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili 07 dekabr 2022-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edib, iddia tələbini dəqiqləşdirərək, cavabdehin üzərinə İddiaçı və ailə üzvlərinə (arvadı, xx.xx.1968-ci il təvəllüdlü Hamidi Homa, oğlanları, xx.xx.2021-ci il təvəllüdlü Hamidi Rohullah və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Majid) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından göründüyü kimi, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: D0008954), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 15 dekabr 2021-ci il tarixdə ailə üzvləri (arvadı, xx.xx.1968-ci il təvəllüdlü Hamidi Homa, oğlanları xx.xx.2001-ci il təvəllüdlü Hamidi Rohulllah və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Majid) ilə birlikdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 09-2021 nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvləri ilə müsahibə keçirilmişdir. İddiaçı Azərbaycana 2020ci ilin noyabr ayında diplomatik fəaliyyətlə əlaqədar olaraq gəldiyini, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətdə olduqları üçün təhdid olunacağından ehtiyat etdiyini, bu səbəblə də hazırda ölkəsinə qayıtmaq istəmədiyini, 3-cü ölkəyə getmək, bu alınmayacağı təqdirdə isə Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. Beləliklə də, ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-02/4 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə müvafiq olaraq qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar