Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10797/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, hazırkı iddia vasitəsilə iddiaçı 6 yanvar 2022-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 1 iyul 2022-cu ildə DMX İQ-03/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsini tələb edir. İPM-in 46-cı maddəsinə riayət edilir. Məhkəmə icraatında iddiaçı nümayəndə vasitəsilə təmsil ediləcək. İşin faktları ərizəçinin ərizə-anketində qeyd edilib. İddiaçı həmin faktları olduğu kimi qəbul edir. İddiaçı (ərizəçi) Əfqanıstan vətəndaşı və həzaradır. Dini etiqadına görə müsəlmandır (şiə). O, Əfqanıstanın Malestan ulusvaliliyi, Səbz dərrə kəndində doğulmuşdur, Malestanda İİİ sinifədək ibtidai təhsil almış, sonradan qeyri-qanuni yolla Pakistana getmiş, Kvetta şəhərində İX sinfə qədər təhsil almış, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilməmişdir. Xüsusi bir peşəsi olmamışdır. Ərizəçi Pakistanda və Əfqanistanda olduğu müddətdə tikintidə işləmiş, paralel olaraq ingilis dilini öyrənmişdir. Subaydır, valideyinləri vəfat elmişdir. Bacısı Şokriyya 5 il əvvəl naməlum şəraitdə itkin düşmüş, qardaşı Xodada isə 2011-ci ildən etibarən Avstraliyanın Melburn şəhərində məskunlaşmışdır. İqtisadi durumu ağır olduğundan Əfqanıstanda qala bilmir. Bu səbəbdən də o, ölkəsini tərk etmişdir. Belə ki. hazırda ölkədə vəziyyət qeyri-stabildir və anti-həzara motivi olan qüvvələr bölgədə dominantlıq edirlər. Ərizəçi 4 dekabr 2019-cu il tarixdə Azərbaycana gəlmişdir. 6 yanvar 2022-ci il tarixdə sığınacaq vəsatəti ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Cavabdeh onun vəsatətini 01-2022 saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. Ərizəçi bildirib ki, Əfqanıstanda iqtisadi durumu ağır olduğundan geri qayıtmaq istəmir. 1 iyul 2022-ci il tarixdə DMX İQ-03/1 saylı qərarla ərizəçinin sığınacaq vəsatətini rədd etmişdir. cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında Protokoludur (1951-ci il Konvensiya/1967-ci il Protokolu). Ali Sovetinin (Milli Məclisinin) 8 dekabr 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951ci il Konvensiyası/1967-ci il Protokoluna qoşulub, 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. 1967-ci il Protokolunun İ maddəsinin İ hissəsinə əsasən bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2 – 34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “. . . həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur. Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokolları (AİHK) və AİHK-i şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3 (İşgəncələrin qadağan edilməsi), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri qaçqın işlərinə tətbiq edilə bilər. AİHK Azərbaycan Respublikası Milli Məclisinin 25 dekabr 2001-ci il tarixli Qanunu AİHK ratifikasiya edilib və 15 aprel 2002-ci il tarixdən Azərbaycan Respublikasında tətbiq edilir. Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi hüquq normalarına və prosessual hüquq normalarına bölünür. Maddi hüquq norması kimi çıxış edən «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Dövlət Miqrasiya Xidməti) qəbul edirlər. Qaçqın statusunun verilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar»la tənzimlənir. Başqa sözlə, prosessual hüquq normaları həmin Qaydalarla tənzimlənir. Bütün dövlət orqanları kimi cavabdeh də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirməlidir. Hazırkı işin hallarına müvafiq olaraq «İnzibati icraat haqqında» Qanunun 1 – 4, 10 – 19, 20 – 27, 42 – 47, 57 – 59, 61, 67, 73-cü maddələri aiddir. Bundan əlavə, hazırkı iş üzrə inzibati mübahisəyə dair icraat İPM-lə tənzimlənir. Hazırkı işə tətbiq edilməli “yumşaq hüquq” normaları BMT Qaçqınlar üzrə Ali Komissarlığının tərtib etdiyi “Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi”dir (2011). Həmin Bələdçinin əsaslı təqib qorxusu meyarına dair 37 – 50-ci bəndləri və qaçqın statusunun verilməsi prosesinə və sübutetmə standartına dair 192 – 205-ci bəndləri hazırkı işin hallarına tətbiq edilməlidir. Bundan əlavə, BMT QAK-ın sübutetmə vəzifəsi və standartı adlı Qeydlərindən də istifadə edilməlidir. Eyni zamanda, bu işə “Misirdə olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-m rəhbər prinsipləri” (2016) tətbiq edilməlidir. Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə haqqında iddiadır və buna uyğun olaraq məcbuetınə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. Hazırkı mübahisə inzibati məhkəmələrin yurisdiksiyasına aiddir. Belə ki, İPMin 1.1 və «İnzibati icraat haqqında» Qanunun 1.1-ci maddəsinə əsasən tələb olunan inzibati hüquq münasibətləri tərəflər arasında meydana gəlmişdir. Belə ki, cavabdeh təşkilat dövlət orqanıdır, həmin dövlət orqanının inter alia qaçqın statusunun verilməsi sahəsində səlahiyyəti var və iddiaçının tələbi bununla bağlıdır. Bu baxımdan tərətlər arasında meydana gələn hüquq münasibəti inzibati hüquq münasibətidir. İddiaçının iddiasının məqsədi «İnzibati icraat haqqında» Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati aktın qəbul edilməsidir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulmuşdur. Belə ki, o, əsassız olaraq qaçqın statusundan məhrum edilmiş və hazırda Azərbaycan Respublikasında hər hansı bir hüquqi statusu olmadan yaşayır. Bununla da, cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunmuşdur və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmışdır. İPM-in 38.2-ci maddəsinə əsasən iddiaçı qərardan qərar ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldırır. Buna uyğun olaraq iddiaçının iddia qaldırmaq hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. İddiaçı tərəf hesab edir ki, cavabdehin qərarı qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında aşağıdakı fundamental səhvlərə yol verilmişdir: cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Cavabdeh ərizəçinin əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsidir, 2-ci mərhələ isə, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsidir. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə, müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə görə (şiə həzara olması) təqib edilməsi riskidir. Dövlət Miqrasiya Xidməti ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. İddiaçı etnik/dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilinəsi riskidir. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır. Hüquq tətbiq edən orqan iddiaçının izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitələliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Cavabdeh ərizəçinin yaşı, milliyyəti və mənşə yerini müəyyən edib. Ərizəçinin iddiası onun etnik mənsubiyyətinə görə hazara olmasıdır ki. onlar da daimi olaraq anti-hökumət qüvvələri tərəfindən hədəfə alınır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK), Əfqanıstandan olan sığınacaq axtaran şəxslərin X2 Qiymətləndirilməsinə dair Müəyyənlik Təlimatına əsasən aşağıdakılar müəyyən olunur: “Hazaraların davamlı ictimai ayrı-seçkiliklə üzləşdiyi və qeyriqanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yoluyla qəsb üçün hədəf alındıqları bildirilir. Hazaralar həmçinin Taliban və anti-hökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir”. “Yuxarıdakılara əsasən, BMT QAK hesab edir ki, Əfqanıstanda hər hansı etnik (azlıq) qrupuna aid olan şəxslər, xüsusilə yaşadıqları ərazidə etnik çoxluq təşkil etməyənlər işin fərdi hallarından asılı olaraq milliyətinə görə və ya etnik/irqi əsaslarla beynəlxalq müdafiəyə ehtiyac duya bilərlər”. Qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verəbilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. 2-ci mərhələ: Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olubolmaması aydınlaşdırılmalıdır. Cenevrə Konvensiyasının (və Protokolunun) və «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1.1-ci maddələri qaçqın anlayışına oxşar tərif verir. Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Konvensiyasının və həmin Qanunun 1.1-ci maddəsinə uyğun olaraq qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu; b) təqib və təqib üçün səbəblər: d) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. Yoxlamanın 1-ci mərhələsindən görünür ki. ərizəçinin izahatları mötəbər hesab edilir. Bunun əsasında MÖM-ə uyğun olaraq ərizəçinin şərti siyasi əqidəsinə görə əsaslı qorxusu təsdiq edilir. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gəlmək olar ki, ərizəçi Əfqanıstana qayıdacağı təqdirdə ona dini etiqadına görə ziyan vurula bilər. “Təqib” termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə ahında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMT QAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 5l-ci bəndi). Bu ehtimal ağlabatandır ki, Əfqanistana qayıdacağı təqdirdə ərizəçinin həyatı və səhhəti zorakılıq riski altındadır. Beləliklə, Əfqanistana qayıdacağı təqdirdə ərizəçinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən qeyri-dövlət birləşməsi olan anti-həzara silahlı birləşmələridir. Ərizəçi təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Ərizəsçi həzaradır. MÖM göstərir ki. həzaralar qeyri-adekvat mühitdə yaşayırlar. Bundan əlavə, ərizəçi müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. BMT QAK-ın Təlimatına əsasən (77-79-cu paraqraflar) "müəyyən sosial qrup" bir qayda olaraq eyni zəminə, vərdişlərə və \a sosial statusa aid olan şəxslərdən ibarətdir. Bu başlıq altında təqib qorxusuna dair iddia digər əsaslarla (irq. din və ya milliyyət və digərləri) ilə üst-üstə düşə bilər. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəyi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Ərizəçinin təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Ərizəçi həzaradır. MÖM göstərir ki. həzaralar qeyri-adekvat mühitdə yaşayırlar. Öz ölkəsindən himayə edə bilməmə və alternativ yerdəyişmə imkanının olmaması. Bundan əlavə, ərizəç; qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. Əfqanıstana dair Mənşə Ölkəsi məlumatlarına əsasən qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunana zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir (BMTQAK, 2018): “Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, bu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Əfqanıstanın milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Əfqanıstan rəhbərliyi xüsusilə zəif olaraq qəbul edilir Yüksək səviyyədə korrupsiya, səmərəsiz idarəetmə və cəzasızlıq mühiti müşahidəçilər tərəfindən qanunun alilivinin zəiflədilməsi və dövlətin insan hüquqlarının pozulmasından qorunma qabiliyyətini zəillədirən amillər kimi təqdim olunur. Hökumətin insan hüquqlarının qorunması imkanları bir çox rayonlarda təhlükəsizliyə və anti-hökumət qüvvələri tərəfindən çox savda hücumlar səbəbindən səmərəsiz olur”. Yuxanda göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur: İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; İddiaçı etnik və dini əqidəsinə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanistanın) himayəsindən istifadə edə bilməyən şəxsdir; Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Cavabdeh «İnzibati icraat haqqında» Qanunun 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı \ə dinlənilinəsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün həmin Qanunun 21-ci maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh həmin Qanunun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da həmin Qanunun 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları sözügedən Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Eləcə də, cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakım təmin etməyib. Bununla da, həmin Qanunun 10 və 26-cı maddələrinin pozuntusuna yol verib. Həmçinin cavabdeh iddiaçıya lazımi hüquqi məsləhətləri verməyib. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq həmin Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmayıb. Hesab edilir ki, sığınacaq verilməsindən imtina edilməklə iddiaçının aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ, inzibati icraat və ədalət mühakiməsi hüququ, pis rəftara məruz qalmamaq hüququ, şəxsi həyata hörmət hüququ, səmərəli vasitələr hüququ. Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. Göstərilənlərə və İPM-in 2, 33, 73.1-ci maddələrinə əsaslanaraq, cavabdehin İQ-03/1 nömrəli 01 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə 6 yanvar 2022-ci il tarixli vəsatət təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda bildirilir ki, İddiaçı iddiası əsassızdir və təmin edilməməlidir. Belə ki, Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı 6 yanvar 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 01-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Əfqanıstanın Malestan ulusvaliliyi, Səbz dərrə kəndində doğulduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Malestanda İİİ siniflər üzrə ibtidai təhsili aldığını, sonradan qeyriqanuni yolla Pakistana getdiyini, Kvetta şəhərində İX sinifə qədər təhsil aldığını, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini, xüsusi bir peşəsinin olmadığını, Pakistanda və Əfqanıstanda olduğu müddətdə tikintidə işlədiyini, paralel olaraq ingilis dilini öyrəndiyini, Əfqanıstanda iqtisadi vəziyyətin ağır olduğunu, buna görə də ölkəsini tərk edərək 4 dekabr 2019-cu il tarixdə Azərbaycana gəldiyini bildirmişdir (həmçinin, ərizəçi subay olduğunu, valideynlərinin vəfat etdiyini, bacısı Şokriyyanin 5 il əvvəl naməlum şəraitdə itkin düşdüyünü, qardaşı Xodadadın isə 2011-ci ildən etibarən Avstraliyanın Melburn şəhərində məskunlaşdığını qeyd etmişdir). İcraat zamanı ərizəçinin ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusunun olub-olmaması ilə bağlı aparılmış araşdırma zamanı isə, bu qorxunun tam əsaslı olmadığı qənaətinə gəlinmişdir. Belə ki. ərizəçinin dediklərindən o, Əfqanıstanda heç vaxt heç kim tərəfindən təhdid və ya təqib olunmamış, ölkəsini çətin iqtisadi vəziyyətə görə tərk etmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatından məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırlmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Göstərilənlərə və «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Əfqanıstan İslam Respublikası vətəndaşıdır və 6 yanvar 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə hazaradır, dini etiqadına görə şiə olmasını, subay olduğu, valideynlərini itirdiyini, təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 1 iyul 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddiaçı ilə bağlı keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ökədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Məhkəmə qeyd edir ki, iddiaçı ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunla) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə İQ-22/1 saylı 23 yanvar 2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-10797/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10797/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver